Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Antiterror Şəhidi Mikayıl Həmidlinin anası Lalə Həmidova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova müraciət ünvanlayıb.
Etikxeber.az həmin müraciəti olduğu kimi təqdim edir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Lalə Abuzər qızı Həmidova Bakı şəhərinin Nərimanov rayonunda yaşayıram. Antiterror Şəhidi Mikayıl Vüqar oğlu Həmidlinin anasıyam. Mikayıl mənim iki övladımdan biri, tək oğlum, arxam-dayağım, gedib-gələn nəfəsim idi. Azərbaycan Ordusunun peşəkar hərbçisi olan-Leytenant rütbəsini daşıyan Mikayılım bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin, 2021-ci ilin Fərrux dağı əməliyyatının, 2022-ci il “Qisas” əməliyyatının və 2023-cü ilin dünyaya səs salan Antiterror əməliyyatının iştirakçısı olub. Oğlum İkinci Vətən Müharibəsi zamanı ağır kontuziya, kəllə-beyin travması alaraq, iki dəfə hospitala düşüb, müalicə alıb. 2023-cü ilin Antiterror əməliyyatında da yaralanmasına baxmayaraq, yenə sinəsini qabağa verib, döyüşlərə atılıb və Vətən yolunda qəhrəmancasına Şəhadətə qovuşub. 3 ildir ki, Oğulsuz, arxa-ayaqsız, nəfəssiz qalmışam. 3 ildir ki, hər gün Mikayılımın yolunu gözləyirəm, deyirəm ki, bəlkə bir gün qayıdıb gələr, qapını açıb içəri girər…Bu ümidlə yaşayıram, özümü bununla ovundurmağa çalışıram. Övlad, Oğul itkisi çox ağır və dözülməzdir. Mən yaşadım, biz yaşadıq, Allah kimsəyə, heç bir bəndəsinə yaşatmasın!
Onu da qeyd edim ki, Mikayılım ailəli, cəmi 6 ayın bəyi idi. Şəhidliyindən sonra üzünü görmədiyi övladı, tək oğlu-Davudu dünyaya gəldi. Oğlum balasına həsrət bu dünyadan getdi, balası-nəvəm də atasının üzünü görmədi, nəfəsini duymadı, atasına həsrət qaldı. Bunları yazarkən də bir Allah bilir nələr yaşayıram, içimdə hansı fırtınalar qopur…Hazırda gəlinim, nəvəm, həyat yoldaşım və mən Bakının Nərimanov rayonunda kirayədə yaşayırıq. Nəvəm Qara Qarayev metrostansiyası tərəfdə uşaq bağçasına gedir, gəlinim isə Həsən Əliyev küçəsində yeləşən “Ege Hospital”da çalışır.
Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Bu müraciəti ünvanlamaqla nəzərinizə çatdırmaq istəyirəm ki, övladımın-Mikayılımın Şəhidliyindən 3 il keçməsinə baxmayaraq, hələ də balamın Halal haqqı olan evlə-mənzillə təmin olunmamışıq. Düzdür, iki dəfə bizə mənzil təklif olundu, bir dəfə Hövsan, bir dəfə də Kürdəxanı tərəfdən. Biz isə qəbul etmədik. Çünki hər ikisi də çox uzaqıydı. Yenə də qeyd edirəm ki, nəvəm Qara Qarayev tərəfdə uşaq bağçasına gedir, cavan gəlinim isə Həsən Əliyev küçəsində yeləşən “Ege Hospital”da işləyir. Əgər təklif olunan yerlərdən hər hansı birini seçşəydik, bizə, xüsusilə, gəlinimə və nəvəmə çox uzaq olacaqdı, ona görə qəbul etmədik. Həm də şəxsi minik maşınımız yoxdur ki, onları aparıb-gətirək.
Ancaq elə bilirəm ki, Vətən yolunda canını qurban etmiş bir Oğulun, bir İgidin, bir Qəhrəmanın ailəsinə Bakı şəhərinin normal bir ünvanında, normal bir guşəsində ev-mənzil tapılar. Şükürlər olsun ki, Bakı şəhərində çoxmənzilli binalar, göydələnlər həddindən artıq çoxdur və biz də bir Şəhid ailəsi kimi həmin binalardan birində evlə-mənzillə təmin oluna bilərik. Burada da hansısa bir problem olduğunu və olacağını düşünmürəm. Çünki Şəhid ailəsi ən yaxşısına layiqdir.
Ona görə Sizdən xahiş və rica edirəm ki, bu məsələdə bizə öz köməkliynizi və dəstəyinizi əsirgəməyəsiniz. Səlahiyyətlərinizdən istifadə edərək, bu məsələnin müsbət həlli istiqamətində aidiyyatı qurumlara və cavabdeh şəxslərə göstəriş və tapşırıqlarınızı verəsiniz. Şəhid ailəsinin ev-mənzil məsələsinin müsbət həllinə nail olasınız.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Bununla həm Şəhid balamızın ruhu sevindirilmiş olacaq, həm də Onun Qəhrəman, gözləri yaşlı ailəsi az da olsa, rahatlıq tapmış olacaq.
Öncədən də Sizə öz dərin minnətdarlğımızı ifadə edirəm. Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az





