18 ildə 18 səfər…Uğurlu və Zəfərli gənclər siyasəti…-ELDAR İBRAHİMOV YAZDI

Ölkə Prezidenti, Müzəffər Alli Baş Komandan, Qurucu Lider cənab İlham Əliyev bugünlərdə ölkəmizin ikinci baş şəhəri sayılan qədim Gəncəmizə səfər etdi.

Bu, ölkə Prezidentinin Nizami, Məhsəti, Cavad xan yurduna nə az-nə çox,  düz 18-ci səfəri idi.

Son 18 ildə 18-ci səfər, hakimiyyətə gəlməsinin 18-ci ilini bir neçə ay başa vuran dövlət başçısının 18-ci səfəri.

Hər ilə orta hesabla  bir səfər düşən 18-ci səfər.

Bunlar adi və sıradan hesab edilə bilməz, bunlar ölkə rəbərinin Gəncəyə, ikinci şəhərimizə olan diqqət və qayğısının əyani göstəricisi, bariz nümunəsidir.

Və heç şübhəsiz ki, ötən illərdə də bu qayğı, diqqət nəticəsində Gəncə böyük və sürətli inkişaf yolu keçib, daha da gözəlləşib.

Hər bir səfər və səfərlərdən sonra verilən sərəncamlar Gəncənin inkişafında xüsusi və önəmli rol oynayıb.

Belə ki, ötən illərdə Gəncənin əsas infrastruktur layihələri icra edilib və böyük əksəriyyəti öz həllini tapdı. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapıb, 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir

Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilməkdədir. O,  genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.

Eyni zamanda, Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb.

Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. İndi xəttə sürətli qatarlar da buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Bu, əlbəttə ki, insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl ölkə Prezidentinin təşəbbüsü ilə yenidən qurulub.

Bununla paralel olaraq, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb.

Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib.

Eyni zamanda, Gəncənin mədəni həyatı çox zəngindir. Həm Dövlət Filarmoniyasının yeni binası tikilib, həm də Dram Teatrının. Yəni, Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur.

Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

Qeyd edək ki, sonuncu səfərdə də Gəncənin inkişafına, tərəqisinə töhfə verəcək növbəti açılışlar yaşandı.

Gəncədə “ASAN xidmət” Mərkəzinin, Dram Teatrının yeni binasının açılışları, İdman Sarayının tikintisi ilə tanışlıq oldu.

Həmçinin,  Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməli atıldı. Eyni zamanda, həmin məkanda dövlət başçısı geniş və hərtərəfli müsahibə verdi.

Belə ki, AZƏRTAC-a müsahibəsində bir çox məsələlərə əhatəli şəkildə toxunan Ali Baş Komandan bildirdi ki, Memorial Kompleks böyük ərazini əhatə edəcək.

Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq.

Müsahibə zamanı “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq”-deyən ölkə Prezidenti bir daha qətiyyətli və cəsarətli şəkildə hər kəsə, bütün dünyaya bəyan etdi ki, biz qalib dövlətik, biz erməni faşizmini məğlub etdik.

Və elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın. 

Bəli, erməni faşizmi yenidən baş qaldırmamalıdır, ona imkan verilməməlidir və imkan verməyəcyik, “Dəmir Yumruq” hər zaman öz gücündə, öz yerindədir və istənilən an yenidən endirilə bilər.

Bunu ermənilər də, Ermənistan da, onların gizli-acıq havadarları da unutmamalı və birdəfəlik qulqlarına sırğa etməlidirlər.

Başqa yolları və başqa çarələri yoxdur!

***

Son günlərin ən önəmli hadisələrindən biri də heç şübhəsiz ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və təsis edilən 2 fevral-Gənclər Günü ilə bağlı ölkə Prezidentinin növbəti dəfə gənclərlə bir araya gəlməsi oldu.

Fevralın 2-də Ali Baş Komandan bir qrup gənc ictimai fəalla Gənclər Forumunda bir araya gəldi, həm onların qarşısında geniş nitq söylədi, həm də gəncləri maraqlandıran bütün məsələlərlə bağlı ona ünvanlandırılmış sualları səbrlə, təmkinlə, uzaqgörənlik və müdrikliklə cavablandırdı.

Çıxışında “İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi”-deyən ölkə baçşısı xüsusilə, Vətən Müharibəsində gənclərin roluna yer və diqqət ayırdı.

Bildirdi ki, Vətən müharibəsində gənclərin rolu həlledici olub və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

“Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar”-deyən Ali Baş Komandan bəyan etdi ki, əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.

Bəli, İkinci Vətən Müharibəsində Azərbaycan gəncləri, Azərbaycan gəncliyi Qəhrəmanlıq, İgidlik Dastanı yazdı.

Elə bir Dastan ki, üstündən əsrlər, qərinələr keçsə də, heç zaman unudulmayacaq, heç zaman tarixdən, yaddaşlardan silinməyəcək.

Gənclərlə görüşündə Azərbaycan gəncliyinə çağırış edərək, ölkə rəhbəri bir daha onları daim milli-mənəvi dəyərlərin daşıyıcısı və qoruyucusu, zərərli vərdişlərdən, yad, kənar təsirlərdən uzaq olmağa səslədi.

Bildirdi ki, milli dəyərlər təkcə əcdadlar qarşısında mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır.

Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var və ana dilimiz  bu milli dəyərlərin tərkib hissəsidir.

Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir – ya təbii olaraq, ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində.

Bəli, milli-mənəvi dəyərləri qoruyub-saxlamaq, yaşatmaq, növbəti nəsillərə çatdırmaq hər birimizin, xüsusilə, gələcəyimiz olan gənc nəslin, gənclərin borcu, müqəddəs vəzifəsi, missiyasıdır.

Çünki milli-mənəvi dəyərlər olmadan heç bir inkişaf və uğurdan, əbədi Qələbə və Zəfərdən danışmaq olmaz.

Milli-mənəvi dəyərlərimiz yaşandıqca və yaşadıldıqca, Azərbaycanmız da həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq.

Müstəqilliyimiz əbədi, Uğurumuz, Zəfərimiz bol olsun!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Səhiyyə nazirinin bütün müavinləri-YENİLƏRİ İLƏ ƏVƏZLƏNDİ – SƏRƏNCAMLAR

Read Next

Özünü jurnalist kimi təqdim edən Bayram Hacıyev adlı şəxs-TUTULDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir