1993-cü ilin 3 oktyabr seçkiləri: HEYDƏR ƏLİYEV, KƏRRAR ƏBİLOV VƏ ZAKİR TAĞIYEV…

Bu gün mərhum dövlət başçısı Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 26 il keçir.

Etikxeber.az-ın xəbərinə görə, 1993-cü ilin oktyabrın 3-də müstəqil Azərbaycanın tarixində 3-cü prezident seçkiləri keçirilib və 3 namizədin-mərhum Kərrar Əbilovun, iş adamı Zakir Tağıyevin və mərhum Heydər Əliyevin iştirak etdiyi seçkilərin qalibi Yeni Azərbaycan Partiyasının (YAP) lideri olub.

H.Əliyev seçkilərdə iştirak edən seçicilərin 3 920 924 nəfərinin,  98.70 faizinin səsini toplayıb və müstəqil Azərbaycanın 3-cü prezidenti seçilib.

Seçkilərdən bir neçə gün sonra onun adını daşıyan Respublika Sarayında təntənəli andçimə mərasimdə and içərək, prezidentlik fəaliyyətinə başlayıb.

3 okt

Seçkilərdə iştirak edən digər namizədlər K. Əbilov seçicilərin 1.01, Z. Tağıyev isə 0.15 faiz səsini qazanıb.

Qeyd edək ki, seçkilərdə iştirak edən və ikinci yeri tutan mərhum K. Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub.

O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun “Odlu axın” adlı ilk hekayəsi 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə “Lenin tərbiyəsi uğrunda” qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, “Molodyoj Azerbaydjana”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Bakı”, “İnşaatçı”, “Bilik” qəzetlərində, “İnqilab və Mədəniyyət” jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K.Əbilov uzun illər indiki Bakı Slavyan Universitetinin (BSU) müəllimi, elmlər namizədi olub.

Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, “Vahid Azərbaycan” qəzetinin yaradılmasında aparıcı rol oynayan K.Əbilov həm də həmin qurumlara rəhbərlik edib.

Eyni zamanda, 2005-ci ilin parlament seçkiləri ərəfəsində partiyasını keçmiş səhiyyə naziri, Yeni Azərbaycan Partiyasının (YAP) əski tanınmış simalarından biri və 2005-ci ildə dövlət çevrilişi cəhdində ittiham olunaraq həbsə atılan, 14 illik məhbusluq həyatı yaşayan Əli İnsanova, daha doğrusu, onun istəyi və razılığı ilə AMİP-in keçmiş liderlərindən olan və 1993-96-cı illərdə AzTV-yə rəhbərlik edən mərhum Babək Hüseynoğluna satdığı üzə çıxıb.

Kərrar_Əbilov

zakir tagiyev

Bunu həmin vaxtlar B. Hüseynoğlu və digərləri  təsdiqləsə də,  ancaq sonradan K. Əbilov partiyasını kiməsə satmağını və ona məxsus olduğunu, özünün sədr kimi fəaliyyətini davam etdirdiyini iddia edib.

Həmin vaxtlardan etibarən K.Əbilov “siyasət meydanı”nda görünməz olub.

O, 3 il öncə, 2016-cı ilin yanvarın 28-də 86 yaşında dünyasını dəyişib.

1993-cü il seçkilərinin üçüncüsü və sonuncusu Z. Tağıyev isə iş adamı olmasına baxmayaraq, həm də  bir müddət siyasətlə məşğul olub, Vətən Ocağı Partiyasına sədrlik, eyniadlı qəzetə təsisçilik edib.

O, həmçinin, bir zamanlar  Azərbaycan-Ukrayna cəmiyyətinin sədri, “Təranə” Holdinqin prezidenti, “Təranə” futbol komandasının sahibi və sponsoru, ən sonda isə Azərbaycanda fəaliyyət göstərmiş Peşəkar Futbol Liqası (PFL) adlanan qurumun prezidenti olub

1990-cı illərdə “Milyoner Zakir” ləqəbi ilə tanınan Z. Tağıyevin adı sonralar bir sıra qalmaqallarda hallanıb.

Və nəticə də, o, 1995-ci ildə siyasətdən gedib, eyni zamanda, mediadan,  necə deyərlər, “gözdən-könüldən” uzaqda dayanmağa üstünlük verib.

Sonuncu dəfə isə onun adı bir neçə il öncə “Qızıl dəvə” qalmaqalında hallanıb.

Hazırda onun harada və nə işlə məşğul olması barədə məlumatlar yoxdur.

Etikxeber.az

 

Read Previous

Hakim Zireç, Coşua Kimix, Luis Suares, Sadio Mane – KİM “ƏN YAXŞI QOL”UN MÜƏLLİFİ OLACAQ?

Read Next

Ərdoğanla Çavuşoğlu Azərbaycana gələcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir