1994-cü ildə bizə ATƏT-in Minsk qrupunu sırıdılar – ZİYAFƏT ƏSGƏROV

XIN təmsilçisi: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, münaqişəli ərazi deyil

Avropa Parlamenti Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır.

Etikxeber.az-ın məlumatına görə, bunu Bakıda- Milli Məclisdə (MM)  keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən adıçəkilən qurumun vitse-prezidenti Heidi Hautala bildirib.

H. Hautala deyib ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

O, Qərbi Saxaranı münaqişəli ərazilərdən biri kimi misal çəkərək işğal olunmuş ərazilərdə mal və xidmətlərlə bağlı problemin olduğunu söyləyib.

Hautala eyni zamanda, Azərbaycanda narkotiklərə qarşı mübarizə ilə maraqlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Kamil Xasıyev isə Dağlıq Qarabağ münaqişəsinin fərqli xarakterdə olduğunu vurğulayıb:

“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, münaqişəli ərazi deyil. Dağlıq Qarabağ probleminə Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Ukraynadakı münaqişələr kimi yanaşılmalıdır”.

MM sədrinin  birinci müavini Ziyafət Əsgərov  da öz növbəsində  Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin Avropa Komissiyası ilə də müzakirə olunduğunu xatırladıb:

ziyafat

“BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Ancaq bu qətnamələr niyə icra olunmur? Mənim günahımdır ki, Azərbaycanda doğulmuşam və müsəlmanam? Niyə Cənubi Osetiyaya bir cür, Dağlıq Qarabağ münaqişəsinə başqa cür münasibət göstərilir? Əgər 1989-cu ildə Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq prizmasından yanaşılsaydı, dünyada başqa münaqişələr olmazdı. Bu gün İspaniyada, digər Avropa ölkələrində də separatçı hərəkatlar baş qaldırır. Mən Avropa demokratiyasından ədalət tələb edirəm”.

Z. Əsgərov deyib ki, ermənilər 1924-cü ildə Stalinin qərarı ilə Dağlıq Qarabağın Azərbaycana verildiyini iddia edirlər:

Stalinin belə bir qərarı olmayıb. Zaqafqaziya Bürosu sadəcə, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar verib”.

Birinci vitse-spiker sonra sərt şəkildə bildirib ki, 1994-cü ildə bizə ATƏT-in Minsk qrupunu sırıdılar.

“Əgər BMT qətnamələri yerinə yetirilməyəcəksə, ATƏT-in Minsk qrupu nəyə lazımdır? Biz müharibə istəmirik. Ancaq nə qədər gözləməliyik?”.

Z. Əsgərov deyib ki, Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunmalıdır:

“Avropanın ədaləti, demokratiyası budurmu? Bu sualı mənə dəfələrlə seçicilər də ünvanlayıb”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şəhid xanımı olan millət vəkili beynəlxalq tədbirdə ağladı…

Read Next

İşğal olunmuş ərazilərində Aİ ölkələrinin şirkətləri qızıl çıxarılması ilə məşğuldur – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir