20-ci ərsin Holokostu, Xatını-Xocalı! 31 martdan Xocalıya gedən qanlı yol!-ZİYAD SƏMƏDZADƏ YAZIR – (BİRİNCİ YAZI)

Cəmi 2 gün sonra-31 mart tarixində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımının 103-cü ili tamam olur.

103 il öncə, 1918-ci ilin mart ayında, xüsusilə, 31 mart tarixində erməni şovinistləri, daşnaklar tərəfindən azərbaycanlılar, Azərbaycan xalqı böyük vəhşiliyiə, soyqırımına məruz qaldı.

Xüsusilə, Şamaxıda, Göyçayda, Qubada, Bakı şəhərində on minlərlə azərbaycanlı qətlə yetitildi, on minlərlə insan itkin düşdü.

Çox təəssüflər olsun ki, üstündən 103 il keçsə də, bu qanlı qətliam hələ də dünya tərəfindən öz ədalətli hüquqi-siyasi qiymətini almayıb.

Bununla belə, mərhum dövlət başçısı, ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1918-ci ilin mart hadisələrinin olduğu kimi, dünyaya çatdırılması istiqamətində önəmli addımlar atılmağa başlanıldı.

Heç təsadüfi deyil ki, Heydər Əliyevin 1998-ci il 26 mart tarixili Sərəncamı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmaqdadır.

Akademik, millət vəkili Ziyad Səmədzadənin “20-ci ərsin Holokostu, Xatını-XOCALI!” adlı bir neçə hissədən ibarət yazısında da təkcə Xocalı qətliamına deyil, bütövlükdə ötən 103-cü ildə baş verənlərə və Xocalı soyqırımına uzanan qanlı yola nəzər salınır.

Odur ki, həmin yazını olduğu kimi (hissə-hissə), təqdim edirik:

(BİRİNCİ YAZI)

31 martdan Xocalıya gedən qanlı yol!

Ötən əsrin ən qanlı faciələrindən, qətliamlarından, soyqırımı aktlarından biri də Xocalı soyqırımı, Xocalı vəhşəti, Xocalı dəhşətidir.

Holokostdan, Xatından sonra dünyada törədilən ən dəhşətli faciə, soyqırımı məhz Xocalı qətliamıdır.

Dünyanın, bəşəriyyyətin, insanlığın gözü önündə-1992-ci ilin soyuq qış gecəsində, fevralın 25-dən 26-na keçən gecədə Xocalı adlı şəhər yer üzündən silindi.

19-cu əsrin sonları, 20-ci ərsin əvvəllərindən təşkilatlanmış erməni caniləri, erməni terrorçuları, gözləri qandan doymayan erməni cinayətkar dəstələri havadarlarının köməyi ilə daha bir qanlı cinayətkarlıq əməlinə əl atdılar, Xocalı qətliamını törətdilər.

Bağanıs Ayrım,  Qarakənd,  Qaradağlı, Şuşa, Quqrark, Masis faciələrinə və digər qanlı cinayətkarlıq əməllərinə görə, layiqli cəzalarını almayan erməni cinayətkarları və onları qanlı havadarları daha da azğınlaşaraq,  1992-ci ilin 26 fevral tarixində Xocalıda insanlıq dramı yaşatdılar.

Həm də təkcə Bağanıs Ayrımmı, təkcə Qarakəndmi, təkcə Qaradağlımı, təkcə Masis və Quqrakmı?…20-ci ərsin əvvəllərində, xüsusilə, 1918-ci ilin fevral-mart aylarında yaşanan, yaşadılan faciələr, mart qırğınları, Şamaxıda, Göyçayda, İsmayıllıda, Qubada və Bakıda törədilən dəhşətlər necə olsun?…

Onlar unudula, onlar yaddan çıxarıla, görməzdən gəlinə bilərmi? 1918-ci ilin martın 31-də qandan bəslənmiş, gözlərini qan tutmuş, insanlıqdan çıxmış ermənilərin, daşnakların, onların qanlı havadarlarının, tətikçilərinin Bakıda yaşatdıqları soyqırımı miqyasına, dəhşətlərinə görə, insanlığın utancı, üz qarası deyilmi?

Bəli, vaxtında hüquqi-siyasi qiyməti verilməydiyi, bu dəhşətlərdə əli, barmağı, rolu olanlar, qanlı cinayətkarlar, canilər-şaumyanlar, mikoyanlar məşhər ayağına çəkilmədiyi, haqlı cəzalarına çatdırılmadılğı üçün üstündən 70 il keçəndən sonra Quqark, Masis,  Bağanıs Ayrım, Qarakənd, Şuşa,  Xocalı faciələri və digər faciələr yaşandı.

20-ci əsrin sonlarında olduğu kimi, elə 20-ci əsrinn əvvəllərində, 20-ci əsrin ikinci on illiyində də dünya lal, kar, kor oldu, susdu, görməzdən gəldi. Təkcə Xocalı üçün deyil, elə Hitler, faşist Almaniyasının, qanlı İkinci Dünya Savaşının qanlı əməlləri, insanlıq dramları olan Holokost, Xatın, Naqasaki, Xirosima üçün “münbit” şərait yaratdı.

 Bəli, Holokostun, Xatının, Naqasakinin, Xirosimanın, Serebrenitsanın və Xocalının…baş verməsində dünya, insanlıq, bəşəriyyət özü də günahkar, məsuliyyətlidir.

Bəli, dünya ötən əsrin 40-cı illərində qanlı Hitler faşizmindən, bəlasından qurtula bildi, amma ondan da qəddar və daha amansız olan erməni faşizmindən qurtula, xilas ola bilmədi. Əksinə, dünyanın “taleyi”ni həll edən bir çox Avropa, Qərb ölkələri antitürk eyforiyasına qapılaraq, erməni faşizminə “yaşıl işıq” yandırdı, onu “stimul”laşdırdı…Həm özü üçün, həm də dünya, həm də insanlıq üçün silinməyəcək əbədi bir ləkə “qazandı”.

Bəli, Hitler faşizmi qədər erməni faşizmi də dünya, insanlıq ləkədir…

Və kimsə də bunun məsuliyyətindən qaça, yaxasını kənara çəkə bilməz və bilməyəcək!

***

25-26-dan keçən gecə və ya insanlığın öldüyü, öldürüldüyü gecə…

Qeyd edək ki, Xocalı soyqırımına gedən yol  1991-cı ilin payızından,  oktyabrından başlamışdı.

Çünki Xocalı həmin vaxtdan dörd bir tərəfdən blokadada idi.  1991-ci ilin oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi.

Yanvarın 2-dən də artıq şəhərə elektrik enerjisi verilmirdi. Bu isə sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi.

Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu.

Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı.

50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu.

Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Elə bu yerdəcə qeyd edək ki, Xocalı soyqırımının baş verməsinin əsas səbəbkarlarından, qanlı iştirakçılarından, cinayətkarlarından biri və birinci keçmiş sovet (rus) ordusuna məxsus olan 366-cı motoatıcı alay, onun rəhbərliyi və  kontingentidir. Sovetlərin süqutundan sonra bu alay necə deyərlər, ermənilərin, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların əmrinə verilmişdi. Alayın rəhbərliyi, əsas heyəti də məhz ermənilərdən, cinayətkarlardan ibarət idi.

Bəlkə də bu alay vaxtında tam tərxis olunsaydı, ləğv olunsaydı, ermənilərin nəzarətindən çıxarılsaydı, Xocalı faciəsi də baş verməz və ya faciənin miqyası bu dərəcə böyük, dəhşətli olmazdı. Amma təəssüflər ki, bu, olmadı və nəticədə də qanlı Xocalı soyqırımı baş verdi. Və bu qanlı qətliamın baş aktyorlarından, “əsas qəhrəmanları”ndan biri və birincisi də 366-cı motoatıcı alay, onun cinayətkar heyətidir…

Bəli, azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı.

Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular.

Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirildi. 487 nəfər şikəst edildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncə verildi.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində soyqırımı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silindi. Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edildi.

Xocalı soyqırımından sonra yaradılmış İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil olundu. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib.

Onu da qeyd edək ki, Xocalıya və xocalılara dəyən təkcə maddi ziyan olmayıb. Faciənin, soyqırımın miqyası heç də və təkcə maddiyyatla, rəqəmlərlə ölçülə, ifadə oluna bilməz. Azərbaycanın tarixi ərazilərindən, qədim yaşayış məskənlərindən, milli, dini, tarixi abidələrlə zəngin olan bir şəhərin bir gecədə vəhşicəsinə, barbarcasına, vandalcasına yerlə-yeksan edilməsi, dünyanın gözü qarşısında insanlıq dramının yaşadılması həm də maddiyyatla, pulla, rəqəmlərlə ifadə olnmayacaq bir mənəvi ziyan, mənəvi itki, mənəvi faciədir. Bunun yerini heç zaman və heç nə doldurmayacaq, doldura da bilməz!

Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir.

Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib:

 “Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir…!

***

Balayanlar, sarkisyanlar…Qanlı cinayətkarlar!

Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi faşist, şovinist təxəyyüllü, xəstə təfəkkürlü yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. 

Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır:

“Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mismarladı.

Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

Bu “İttihamnamə” ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi o da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin estetikasına, fəlsəfəsinə qarşı çıxaraq, öz ixtisasına, sənətinə üzqaralığı gətirib, Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib…

Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa verib. Ermənilər bu işə siyasi don geyindirərək hamını inandırdılar ki, bu, “siyasi terror”dur… Və Zori Balayanı buraxdırdılar.

İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?! Samvel adlı erməninin dedikləri sübut edir ki, Ermənistanın keçmiş prezidenti və bu gün də revanşizm hissi ilə alışıb yanan Serj Sarkisyan Xocalı soyqırımında şəxsən amansız qətllər törədib.

“Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq.

Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyləri qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları – nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt Sarkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı.

Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi formanın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi. Əlinin qanını üstünə silib “bəri verin topladıqlarınızı” dedi. Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi NK 0001 idi”.

Cinayətlərini ört-basdır etmək məqsədilə erməni silahlıları kütləvi qətliamın baş verdiyi yerə jurnalistləri gətirən helikopterləri atəşə tutublar.

 Buna baxmayaraq, televiziya müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dünyanı sarsıdan görüntüləri lentə almağı bacarıb. Helikopterin pilotu Leonid Kravetsin Xocalıda şahidi olduğu hadisələrlə bağlı söylədikləri insanı dəhşətə gətirir:

 “Çingiz Mustafayev və onunla birlikdə gələn insanlar vertolyota bir neçə uşağın meyitini gətirə bildi. Ağdamda götürdüyümüz bir milis kapitanı burada 3 ya 4 yaşlı oğlunun meyitini tapdı. Uşağın meyiti tanınmaz hala salınmışdı. Bütün güllə darağı onun bədəninə boşaldılmışdı. Kapitan uşağı təyyarəyə qoydu, amma özünün qalxmağa artıq halı yox idi. Onu havaya qalxan vertolyota güclə salmaq mümkün oldu. Biz Ağdama uçana qədər bu kişi meyiti sinəsinə sıxıb ağladı. Şəhərə çatanda bilindi ki, qəmdən özünü itirən ata ağlını da itirib. O, Ağdamda vertolyotdan düşməyi də bacarmadı”.

Soyqırımıdan bir neçə il sonra, o zaman özünü “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” adlandıran, Ermənistan keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində həyasızcasına Xocalıda soyqırımı törətdiklərini etiraf edib:

 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz”.

“Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?” sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib:

“Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir”.

İngilis publisisti Xocalıda cinayəti kimin törətdiyinə şübhə qoymayan bütün bu etirafları sonradan “Qara bağ” kitabına daxil etdi.

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb.

O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışıb.

Amerika yazıçısı Samuel Vimsin “Ermənistan: böyük hiylə – terrorçu xristian dövlətinin sirləri” adlı kitabında qeyd etdiyi kimi, əslində bu “soyqırımı” ətrafında yaranan hay-küy ermənilərə Türkiyədən, Amerika və dünya xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq üçün lazımdır.

Cənab Vims onu da diqqətə çatdırır ki, həqiqətdə ermənilərə qarşı heç bir kütləvi qətl hadisələri törədilməyib, sadəcə, erməni yalan maşını dünyanı çaşdırmağa, özlərinin “məzlum” bir görüntüsünü yaratmağa çalışır.

***

Dərs!

Bəli, Xocalı həm də acı bir Dərsdir.

Bəli, Xocalı həm də hakimiyyət uğrunda davanın, iqtidar-müxalifət çəkişməsinin qurbanıdır.

 Bəli, Xocalı həm də 29 il öncə vəzifə, kürsü, hakimiyyət həsirliyinə tutulan, onun uğrunda bütün milli maraqları ayaqlar altına atan, tapdalayan antimilli qüvvələrin yanlış, zərərli fəaliyyətlərinin sonucu, nəticəsidir.

Bəli, nə qədər ağır da, acı da olsa, bunu etiraf etməli və unutmamalıyıq.

Unutmamaq azdır, bundan həm də Dərs çıxarmalıyıq.

Dərs çıxarmalıyıq ki, düşmən həmənki düşməndir, heç zaman dəyişməyib və dəyişməyəcək!

Biz də artıq sayıq-sayıq, sərvaxt olmalıyıq.

Başımıza gələnləri və gətirilənləri, buraxdığımız və yol verdiyimiz səhvlərimizi yaddan çıxarmamalı, unutmamalı, onları əsla və əsla təkrarlamamalıyıq.

Buna haqqımız yoxdur! Buna zamanımız yoxdur!

(Davamı var)

Ziyad SƏMƏDZADƏ,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

Ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti-BƏRPA OLUNDU…

Read Next

Millət vəkilinin 45 nəfər seçici ilə görüşü-YENİ FORMATDA BAŞ TUTDU VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir