“Kimsə bizə təzyiq edə bilməz”-İllərdir kirayədə yaşayan Şəhid ailəsi ev tikdirməyə başladı və ÖLKƏ RƏHBƏRLİYİNDƏN DƏSTƏK İSTƏDİ – FOTOLAR

20 ilə yaxındır Kürdəmirdə kirayədə, çox şəraitsiz bir evdə yaşayan Şəhid ailəsi artıq öz şəxsi vəsaiti hesabına özünə ev tikdirmək qərarı verib və hətta bu yöndə tikinti işlərinə başlayıb.

Etikxeber.az xəbər verir ki, bu, Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 3 medallı Adəm Əliyevin ailəsidir.

Qeyd edək ki, Şəhid Adəm Əliyevin ailəsi iki nəfərdən-anası Akifə Ağayeva və qardaşı Arif Əliyevdən ibarətdir.

Şəhidin valideynləri təxminən illər öncə ayrılıblar və hər iki övlad ananın, Akifə Ağayevanın himayəsində böyüyüb.

Kirayədə yaşayan Şəhid ailəsi dəfələrlə müvafiq dövlət qurumlarına, ən ali instansiyalara ev tikdirmələri üçün onlara torpaq sahəsi ayrılması ilə bağlı müraciətlər etsə də, müsbət, qaneedici cavablar almayıb.

Qeyd edək ki, Şəhid ailəsi, xüsusilə, Şəhidin anası başqa ərazidə deyil, məhz onların illərdir yaşadığı, kirayə qaldıqları evin yerləşdiyi küçədə-Üzeyir Hacıbəyov küçəsində, “Gənc Heydərçilər pakı”nın yanında, həmçinin, Şəhidin adını daşıyan ehsan bulağının yaxınlığında, illərdir boş və istifadəsiz qalan torpaq sahəsində ev tikdirmələrinə icazə verilməsi üçün bütün qurumlara, instansiyalara yazılı və şifahi müraciətlər edib və hər dəfə də bir-biri ilə uzlaşmayan cavablar alıb.

Şəhid anasına, Şəhid ailəsinə gah həmin ərazinin kiminsə mülkiyyətində, gah da “ümumi istifadə”də olduğu bildirilib.

Odur ki, Şəhid ailəsi, Şəhid anası 9 aylıq (oğlunun Şəhidliyindən sonra) get-gəllərdən, qaneedici cavablar almadığından və ev-mənzil məsələsində onlara heç bir konkret köməklik göstərilmədiyindən həmin boş ərazidə ev tikdirmək qərarı verib və bir neçə gündür ki, tikinti işlərinə də başlanılıb.

Şəhid anası Akifə Ağayeva bir daha həmin ərazidə, oğlunun adını daşıyan ehsan-“Şəhid bulağı”nın yanında, balaca bir ərazidə onların yaşaması, kirayədən qurtulması üçün ev tikdirməkdə qərarlı və israrlıdır.

“Artıq kirayədə yaşamaqdan, kirayədə ömür çürütməkdən, xüsusilə, 9 aylıq get-gəllərdən bezdim. Oğlum, Şəhidim bu küçədə, bu ərazidə böyüyüb, onu da, Arifi də burada təkbaşına, minbir əzab-əziyyətlərlə böyütmüşəm. Bir Allah bilir nələr çəkmişəm. Şəhidim bu ərazidə yerləşən orta məktəbə, musiqi məktəbinə gedib. Buradan, kirayə qaldığımız evdən əsgərliyə, Orduya gedib. Oğlumun nəşi məhz bu küçəyə gətirilib, buradan Şəhidlər Xiyabanına dəfn olunmaq üçün aparılıb. Burada oğlumun ayaq izləri, xatirələri, anıları var. O, çox böyük arzular və xəyallarla yaşayırdı burada, kirayə qaldığmız evdə…Bizə heç bir yerdən ev, mənzil, torpaq sahəsi lazım deyil, dünya malında da gözüm, gözümüz yoxdur. Bunu etdiyim hər bir müraciətimdə, elə son müraciətimdə də bildirmişəm, yazmışam, sadəcə, istəyim odur ki, məhz bu küçədə, illərdir boş və istifadəsiz qalan bir ərazidə oğlumla başımızı daldalamaq, qalan ömrümüzü sürdürmək üçün balaca bir ev, kümə qaraldaq.

Elə bilirəm ki, bu istəyimdə də qeyri-adi və qeyri-qanuni heç nə yoxdur. Bu, həm Şəhidimin, həm də bir Şəhid anası kimi mənim haqqımdır. Kimsə də bu məsələdə bizə zor, təzyiq edə bilməz. Çünki heç bir qanunsuz addım atmamışam, atmamışıq və atmarıq. İstər bir daha Kürdəmir rəhbərliyindən, istərsə də ölkə rəhbərliyindən bu məsələdə bizə, gözlərinin yaşı qurumayan, qəlbi dağlanan Şəhid anasına dəstək verilməsini xahiş edirəm. İnanıram ki, bu dəstək əsirgənməyəcək, bu dəstək veriləcək, xüsusilə, hər zaman Şəhidinə böyük diqqət və qayğı göstərən Azərbaycan dövləti və ölkə rəhbərliyi tərəfindən!”-deyə, Şəhid anası bildirib.

Bizə də xeyirli-düşərli, Şəhidimizin ruhu şad olsun demək qalır!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Lerikli Şəhid Çingiz Babayevin ailəsinə-MƏNZİL VERİLDİ – FOTOLAR

Read Next

Evin tək-nişanlı oğlu… Ailənin yeganə övladı və cəmi 11 ayın bəyi…KƏNAN ƏLƏKBƏRLİNİN VƏ ƏLİ RZAYEVİN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 9 AY ÖTÜR… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir