20 yaşlı Şəhid Emil Əmirov və ya 1992-ci ildə tək qardaşını, 28 il sonra yeganə övladın itirən-ŞƏHİD BACISI, ŞƏHİD ANASI…BİR DAMIN ALTINDA BİR-BİRİNƏ TƏSƏLLİ OLAN ŞƏHİD ANALARI – MƏLEYKƏ VƏ XANIMNAZ ANA… – FOTOLAR

Emil Əmirov…

Azərbaycanın, Mingəçevirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən, Vətən sevdalılarından biri…

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Şəhidimiz, daha bir Nur üzlümüz…

Emil qışın oğlan çağında, 2000-ci ilin dekabr ayının 9-unda Mingəçevir şəhərində anadan olub…

O, həm də ailənin tək-yeganə övladı olub, anası Xanımaz və nənəsi Məleykənin himayəsində böyüşüb…

Anası və nənəsi onu birlikdə böyüdüb, boya-başa çatdırıb…

Çünki Emili atası uşaqlıqdan atıb gedib və atasız böyüyən Emilə anası həm atalıq, həm analıq edib…

Emil uşaq vaxtı Mingəçevirdəki 2 nömrəli bağçaya gedib və hər zaman sakitliyi və nizam-intizamlı olmağı ilə fərqlənib…

Və 2007-ci ildə 7 nömrəli məktəbin birinci sinfinə gedib və ilk gündən də hamının-müəllimlərinin hörmətini, sevgisini qazanıb…

Sonra anası ilə birgə Moskva şəhərinə köçən Emil 2-ci sinifdən təhsilini burada davam etdirib…

Emil həm də uşaq vaxtlarından idmanla məşğul olub…

Amma yad ölkədə yaşasa da, Vətənə, Bayrağa olan sevgisi və düşmənə nifrəti azalmayıb…

Çünki Emilin dayısı Müzəffər İmanov 1992-ci ildə, 1-ci Qarabağ savaşında iştirak edib, 8 ay döyüşüb, vuruşub və ağır döyüşlərdən birində-avqusun 9-unda Ağdərə istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Dayısı da evin-ailənin tək oğlu, 3 bacının bir qardaşı olub…

1992-ci ildən ana (nənə) oğulsuz, bacılar qardaşsız, Emil isə dayısız qalıb…

Dayısının Şəhidliyi Emili hər zaman düşmənə nifrət ruhunda böyüdüb,  daim düşmən tapdağında olan torpaqlarımızı azad etmək, qisas hissi ilə alışıb-yanıb…

 Və 16 yaşında anası ilə  birlikdə yenidən Azərbaycana dönən Emil hər bir Azərbaycan gənci kimi Vətənə xidmət borcunu  yerinə yetirmək üçün 2018-ci ildə hərbi xidmətə yollanıb…

 Hərbi xidmətdə, qulluq etdiyi hərbi hissədə də bütün heyətin hörmətini qazanıb və ona verilən bütün tapşırıqları yerinə yetirib…

 Hərbi xidməti 2020-ci ilin aprel ayında bitirən, anasının, anası qədər üzərində Haqqı olan nənəsinin yanına dönən Emil Vətənə, Torpağa, Qarabağa olan sevgisinə görə, yenidən, 2020-ci ilin avqust ayında Orduya gedib, MAHHXHQ kimi N saylı hərbi hissədə baş kəşfiyyatçı kimi işləməyə başlayıb…

 Və hər bir Azərbaycan gənci, hər bir Vətən sevdalısı kimi 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanması ilə döyüşlərə yollanıb…

 Döyüş, müharibə zamanı da İgidliyi və Cəsurluğu ilə fərqlənib…

 Döyüşlərdən birində yaralanaraq, xəstəxanaya göndərilib…

Amma Emil evdəkilərə, anası və nənəsinə yaralı olmasını bildirməyib və yenidən döyüşə yollanıb…

Döyüşə girməyə icazə verməsələr belə, inadından dönməyib, yenidən döyüşlərə atılıb…

 Və qanlı döyüşlərdən birində, okyabrın 15-ində qəhrəmancasına Şəhid olub…

 İki gün sonra, 17 oktyabrda isə nəşi Mingəçevir şəhərində-Şəhidlər xiyabanında dəfn edilib…

 Ölümündən sonra 2 medalla – “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

1992-ci ildə qardaş itkisi, qardaş acısı yaşayan Xanımnaz xanım 28 il sonra oğul-övlad acısı, itkisi yaşayıb…

Dərdi üstünə dərd gəlib…

Oğul dərdi az qala qardaş dərdini unurdurub dərdli anaya, dərdli bacıya…

Dərddən yumağa dönüb Şəhid anası…

1992-ci ildə tək oğlunu itirmiş ana ilə 28 il sonra tək övladını itirmiş ana, ana və qız bu gün bir damın altında dərd ortağıdırlar…Bir-birlərini təsəllidirlər, bir-birlərinə dayaqdırlar…

Və yenə sözün bitdiyi, yenə sözlərin, kəlmələrin aciz qaldığı an, yer…

***

Yeri gəlmişkən, Şəhidimizin anası, Şəhidimizin bacısı Xanımnaz xanımla bu gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında övladının məzarı başında tanış oldum, söhbətləşdim, dərdləşdim…

Başsağlığı  verdim, səbr dilədim yaralı Anaya, dərdli bacıya…

Allah səbrini, dözümünü, səbrlərini, dözümlərini versin!

Allah hər iki Şəhidimizin-həm Emilin, həm də Müzəfərin Ucalardan uca olan məqamlarını mübarək, məkanlarını cənnətlik etsin!

Ruhları şad olsun, Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

16.07.2021

Bərdə-Mingəçevir-Bakı

Etikxeber.az

Read Previous

169 yeni yoluxma-SON SUTKADA ÖLÜM HALI QEYDƏ ALINMAYIB

Read Next

6 il kirayədə yaşamış…18 il 18 kvadratmetrlik “ev”də can çürütmüş Şəhid ailəsi-MƏNZİLLƏ TƏMİN OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir