2018- ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb – NAZİR – YENİLƏNİB (2)

Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi qəbul olundu

Samir Şərifov: “Artıq 2018-ci ilin dövlət büdcəsinin hazırlıqlarına başlanılıb”.

Vahid Əhmədov:”Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda  Dövlət Neft Fondudur””

Zahid oruc: “Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı bankların lehinə qərar verdi. Vətəndaş da bu halda etiraz əlaməti olaraq özünü yandırır, intihar edir və sairə…”

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə MM-nin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə məlumatı dinlənilib. O, qeyd edib ki, neft-qaz sektorunun ÜDM-də payı 3 dəfə artaraq 34,4 faiz olub: “Yanvarın 1-nə ölkənin  valyuta ehtiyatları  37,1 milyard manat təşkil edib. Dövlət büdcəsinə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. İdxalın dəyəri 3, 5 milyard dollar təşkil edib. Bununla yanaşı, vergidən  azadolmalar idxalın 50-55 faizini təşkil edib. Xərclərin ÜDM-də çəkisi 29,8 olub. Manatın xarici valyutalara qarşı ucuzlaşması nəticəsində artırılmış əməkhaqlarının maliyyə təminatı məsələsi büdcədə öz əksini tapıb.  Azərbaycanın xarici borcu ÜDM-də 20,4 faizdir. Bu il ərzində vaxtı çatmış xarici kreditlərin hamısı ödənilib. Dövlət büdcəsi 0,4 faiz kəsirlə icra edilib.  Bu isə nəzərdə tutulan proqnozdan azdır”.

***

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınıb və 10,5 milyard manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib. “2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir. Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib. Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub” – deyə, V. Gülməmmədov vurğulayıb. Hesablama Palatasının sədri bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib. 2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artıb, ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb. Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə bağlı olub. İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərin 43,4%-nin qeyri-maliyyə aktivlərinin alınması, 18,2%-i “Digər xərclər” bölməsi, 16%-i isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb.

***

Qanun layihəsinin müzakirəsində çıxış edən deputat Vahid Əhmədov bildirib ki, ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da,  tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur: “ƏDV-nin differensiallaşdırılması bağlı dəfələrlə məsələ qaldırsaq da, Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi bankı uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda  Dövlət Neft Fondudur”.

zahid_oruc_esas

Deputat Zahid Oruc isə bildirib ki, milli valyutaya ehtiyatını gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə çatdırıb:

“ İqtisadiyyatdakı çətinlikləri siyasilər də, dövlət rəhbərliyi də etiraf edir. Burada da elə bir qəbahət yoxdur. Çünki bu dünyada gedən tendensiyanın bir nəticəsidir. Eyni zamanda qeyd edim ki,  devalvasiya prosesinin başlandığı 2015- ci ildən MB-nin valyuta ehtiyatları 71 faiz azalıb, yəni 9,8 milyarda azalıb. Əgər biz maliyyə sabitliyinin bərpasından danışırıqsa, uçot dərəcəsinə baxmalıyıq. Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı bankların lehinə qərar verdi. Vətəndaş da bu halda etiraz əlaməti olaraq özünü yandırır, intihar edir və sairə. İnsanlar hüquqi müstəvidə özünün müdafiəsinə görmür. Axı ola bilməz ki, 100 min insandan hamısının müraciətinə bankların xeyrinə qərar çıxarılmış olsun. Yoxsulluq faizinin hesablanma metodu ilə bağlı dəyişikliklər də edilməlidir”.

Spiker Oqtay Əsədov da Z. Orucun çıxışından sonra  ona irad tutub:

“Sözlərinizdən belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o  da millətə qarşı qərar çıxardıb. Belə bir şey yoxdur. Sözlərinizdə bir qədər ehtiyatlı olun. Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.

Deputat Əli Məsimlinin sözlərinə görə, hazırda xarici borclar büdcənin 20 faziini təşkil edir: “Yəni proses bu şəkildə davam edərsə bu 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər. Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni azərbaycan qurmaq olardı”.

Millət vəkili Qüdrət Həsənquliyev öz növbəsində bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq başlamağın zamanıdır: “Düz 13 ildir ki, bu məsələ ortadadır: qanun da qəbul olunub, Dövlət Agentliyi də yaradılıb. Amma 13 ildir ki, bu məsələ həllinin tapmır. Burada da tez-tez dünya təcrübəsindən danışılır. Ancaq dünya təcrübəsində belə şey yoxdur”.

***

“Hesab edirəm ki, 2016- cı ilin  ağır il olmasına baxmayaraq mühüm sosial iqtisadi layihələrin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib”.

Bunu isə müzakirələrin yekununda maliyyə naziri Samir Şərifov səsləndirib. O, qeyd edib ki, hazırda neftdən asılılğın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür: “ O cümlədən, yeni fiskal qaydalar hazırlanmaqdadır. 2018- ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”. Nazir qeyd edib ki, dövlət müəssisələrinin dividendləri ilə bağlı proqnoz göstəriciəri dəyişə bilər: “İcra olunmayan dividendlər maliyyə sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üşün ağır il olub. Buna görə də  dividendlərin ödənilməsində problemlər var.Bundan əlavə,  cari ilin büdcəsində özəlləşmə ilə bağlı proqramlar var. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. Bu sahədə böyük işçi qüvvəsi fəaliyyət göstərir. Ona görə də bu sektora həssas yanaşmalıyıq. İcbari tibbi sığıorta ilə bağlı məsələlər pilot layihə kimi Mingəçevir və Yevlax rayonlarında uğurla həyata keçirilməkdədir. Digər şəhərlərdə layihə həyata keçiriləcək”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Etikxeber.az

Read Previous

Əmək Məcəlləsi dəyişdirildi…

Read Next

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki videomüşahidə vasitəsi ələ keçirildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir