“2019-cu ilin “Nəsimi İli” elan edilməsi təsadüfi deyil, çünki…” – ŞƏRH(LƏR)

Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.

Etikxeber.az xəbər verir ki, bunu  mətbuata açıqlamasında filologiya elmləri doktoru, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

jala

nasimiiiii

nasimiiiii-1

O, qeyd edib ki, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi səbəbsiz və təsadüfi deyil. Onun sözlərinə görə, çünki bu il böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Komitə sədrinin müavini Nəsimin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı ölkə prezidentinin hələ 15 noyabr 2018-ci il tarixində sərəncam imzaladığını da sözlərinə əlavə edib. Bununla yanaşı, bildirib ki,  ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstünün təntənəli açılış mərasimi olub. Bu isə  Heydər Əliyev Fondunun təşkilatçılığı  vəAzərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub. “Ümumiyyətlə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır”– deyən, J. Əliyevanın xatırlatdığına görə,  məhz H. Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub: “Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, eyniadlı gözəl bədii film çəkilib,  həmçinin, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, Bakının ən böyük və  mərkəzi rayonlarından biri uzun illərdir onun adını daşıyır. Bununla belə,  Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu da Nəsiminin adınadır. Bütün bunlar onu bir daha sübut edir ki, Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti hər zaman diqqətdə olub və bu gün elan edilən “Nəsimi İli” də bu diqqətin məntiqi davamıdır. Buna görə bir daha cənab prezidentə dərin minnətdarlığımızı ifadə edirik”.

nasimiiiii-2

eldeniz salimovvv

Eldəniz Səlimov: “Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairidir…”

Digər millət vəkili Eldəniz Səlimov da ölkə prezidentinin son addımını çox yüksək qiymətləndirdiyini və təqdir etdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanda hər zaman ölkə və dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın və dövlətin taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub.

Millət vəkilinin dediyinə görə, məhz elə bu səbəbdəndir ki, bu il 650 illiyi tamam olan dahi Azərbaycan şairi Nəsimi ilə bağlı həm ölkə prezidenti tərəfindən sərəncam verilib, həm də saatlar öncə məlum qərar açıqlanıb, 2019-cu il “Nəsimi İli” elan edilib. “Bu, hər birimizin ürəyindən xəbər verən bir addımdır. Bu, söz, ədəbiyyat adamları, yaradıcı insanlar kimi, hər birimizi, bütün xalqımızı sevindirir. Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub. Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Hətta, çox faciəli şəkildə, diri-diri dərisi soyulsa da, əzab verilərək, öldürülsə də, son anda da öz Nəsimiliyini, dönməzliyini, sınmazlığını, sarsılmazlığını sübut edib. Odur ki, belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir, onunla bağlı prezident sərəncamının verilməsi və məlum tarixi-son qərarın elan edilməsi məntiqidir. Neçə ki, Azərbaycanımız var, Nəsimi də var, neçə ki, Azərbaycan xalqı mövcuddur və yaşayır, Nəsimi də Azərbaycanımızla, ruhən bizlərlə yaşayacaq”-deyə, millət vəkilim sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi…

Read Next

Bu, gənc nəslimizə öz müsbət təsirini göstərəcək… – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir