“2020-ci il tariximizdə ən parlaq illərdən biri kimi qalacaq… Rəqəm təfərrüatdır: Rəqəmi dost bir cür görür, düşmən bir cür…”-MUSA QULİYEV – YENİLƏNİB

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü iclasında “2020-ci ilin dövlət büdcəsinin icra haqqında” qanun layihəsinin müzakirəsi zamanı 2020-ci ilin tariximizdə “Zəfər ili” kimi qalacağını bildirib.

Çünki 2020-ci ildə 32 illik Qarabağ münaqişəsi 44 günlük İkinci Vətən Müharibəsi ilə başa çatdırılıb, tarixi Zəfər qazanılıb.

Etikxeber.az-ın xəbərinə görə, sonra komitə sədri adıçəkilən sənədin də “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, mükəmməl və müfəssəl hazırlandığını bildirib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, ötən il ərzində bütün sosial və investisiyayönmülü layihələr icra olunub, görülən işlər bir daha Azərbaycanın sosial dövlət olduğunu ortaya qoyub.

“Bütövlükdə 2020-ci il tariximizdə ən parlaq illərdən biri kimi qalacaq”-deyə, komitə sədri sözlərinə əlavə edib.

***

Çıxışın-TAM MƏTNİ:

-“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi  “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun, dərin iqtisadi-siyasi, elmi təhlilə əsaslanan mükəmməl sənəddir.

Qanun layihəsi ilə tanış olarkən, layihə ilə bağlı təqdimatları dinləyərkən ilk gəldiyimiz qənaət ondan ibarətdir ki, ötən ilin büdcəsi ekstremal, gərgin,  iqtisadi, sosial, psixoloji basqı altında kifayət qədər uğurla icra olunmuşdur.

Ötən ili xalqımız və dövlətimiz iki bəşəri bəla – ilin əvvəlindən başlayan və hələ də davam edən koronavirus pandemiyası və erməni faşizmi ilə mübarizədə keçirmiş və hər iki cəbhədə də qalibiyyətlə başa vurmuşdur.

2020-ci il dövlətçilik tariximizdə zəfər ili kimi qalacaqdır. Məhz bu ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun 44 günlük zəfər yürüşü ilə torpaqlarımız 30 illik işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.

Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu tarixi uğura imza atdı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Epidemiya, karantin və hərbi vəziyyət rejimində çalışmasına, ağır sosial, iqtisadi, hərbi şokların təsirinə baxmayaraq Azərbaycan hökuməti cənab prezident İlham Əliyevin rəhbərliyi altında  qarşıya qoyulan bütün vəzifələrin layiqincə icrasına nail ola bilmişdir.

Makro iqtisadi sabitlik qorunub saxlanılmış, inflyasiya həddi cəmi 2.8% təşkil etmiş, bütün sosial və investisiya proqramları icra olunmuşdur.

Ötən ilin büdcə gəlirləri proqnozdan 2.3% çox icra olunmuşdur. Müharibə və pandemiya şəraitində bu olduqca uğurlu bir nəticədir və bu uğura

– cənab prezidentin rəhbərliyi altında aparılan ardıcıl sosial iqtisadi islahatlar hesabına;

– kölgə iqtisadiyyatının və qeyri-formal məşğulluğun azaldılması hesabına;

– şəffaflığın artırılması hesabına;

– maliyyə nəzarətinin və intizamının gücləndirilməsi hesabına nail olmuşuq.

Ötən ildəki uğurlu nəticələrin əldə olunmasında zəhməti olan hökumətin əlaqədar qurumlarına, xüsusi ilə Maliyyə nazirliyinə minnətdarlığımı bildirirəm.

Hesabat bir daha göstərir ki, Azərbaycan şaxələnmiş iqtisadiyyata malik dinamik inkişaf edən sosial dövlətdir və bu dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır.

44 günlük Zəfər müharibəsi dövründə və post-müharibə dövründə ordunun maddi texniki təminatı, hərbçilərin maaşı və maaşına əlavələrin vaxtında verilməsi, şəhid ailələrinə və qəhrəman qazilərimizə sığorta da daxil olmaqla hərtərəfli maliyyə dəstəyinin göstərilməsi, erməni terroru nəticəsində zərər çəkən vətəndaşlarımızın sosial müdafiəsinin təmin olunması xərcləri ötən ilin büdcəsinin sosial yönümlülüyünün və dövlətimizin sosial mahiyyətinin bariz nümunəsidir.

Məhz cənab Prezidentin göstərişi ilə ötən il müharibədən zərər çəkən 11 min nəfərdən çox şəxsi əhatə edən postmüharibə dövründə sosial dəstək proqramı həyata keçirilmişdir, bu proqram cari ildə də daha geniş formada davam etdirilir.

Pandemiya dövründə , xüsusən, sərt karantin zamanı az təminatlı insanlara, o cümlədən əmək müqaviləsi olmadan günəmuzd işləyən və epidemiya ilə əlaqədar işsiz qalan 600 min nəfərə yaşayış minimumu məbləğində 6 dəfə birdəfəlik ödənişlər həyata keçirilmiş,  bütövlükdə dövlətimiz tərəfindən 4,8 milyon nəfəri əhatə edən 800 milyon manatlıq sosial dəstək proqramı uğurla icra olunmuşdur.

Koronavirus pandemiyasının fəsadlarının azaldılması məqsədi ilə ötən il büdcədən 1.985 milyon manat vəsait 12 istiqamət üzrə xərclənmişdir.  Görülən tədbirlər sayəsində 300 min iş yeri saxlanılmiş, dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 664 min işçinin orta aylıq əmək haqqı təmin olunmuşdur.

Eyni zamanda işsiz və iş axtaran vətəndaşlar, xüsusi ilə qeyri- leqal, əmək müqaviləsi olmadan çalışan karantin dövründə isə işsiz qalan şəxslərin sosial müdafiəsini təmin etmək  üçün  aylıq əmək haqqı 250 manat olmaqla 86 min sosial iş yeri açılmışdir.

Ötən il belə iş yerlərinin açılmasına 21 milyon manat, həssas əhali qrupundan olan tələbələrin təhsil haqqının ödənilməsinə 26.1 milyon manat vəsait xərclənmişdir.

Ötən il dövlət büdcəsi xərclərinin 36.5%-i, yaxud 9.654.200 min manat vəsait sosial yönümlü sahələrin maliyyələşməsinə yönəlmişdir.

Son beş ildə sosial yönümlü xərclərin xüsusi çəkisi 3.417 milyon manat, yaxud 1.6 dəfə artmışdır.

Ötən il aztəminatlı vətəndaşlarımızın bütün qruplarını əhatə edən geniş sosial dəstək proqramı  icra olunmuş, 100 min nəfər, o cümlədən 986 nəfər şəhid ailəsinin üzvü işlə təmin olunmuş, 1.250 min nəfərə pensiya, 500 min nəfərə sosial müavinət, 300 min nəfərə prezident təqaüdü tam həcmdə , ciddi artımla və hər ay vaxtında ödənilmişdir, 322 min nəfər ünvanlı sosial yardımla əhatə olunmuşdur.

Bütün bunlar cənab prezident İlham Əliyevin Azərbaycan vətəndaşına qayğısının ifadəsidir.

Məlumdur ki, büdcə sənədinin tərtibatı, təqdimatı, müzakirəsi rəqəmlərin dili ilə ifadə olunur.

Ancaq rəqəm təfərrüatdır. Rəqəmi dost bir cür görür, düşmən bir cür. Əsas olan niyyət, niyyətə yönəlik fəaliyyət və əldə olunan nəticədir.

Tam məsuliyyəti ilə və böyük qürur hissi ilə söyləyə bilərik ki, büdcəsinin icrasını müzakirə etdiyimiz 2020-ci il xalqımızın yaddaşında və tarixində müstəqil dövlətçiliyimizin İlham Əliyev dövrünün ən parlaq illərin dən biri kimi qalacaqdır! Son olaraq bir daha qeyd etmək istəyirəm ki, 2020-ci il tariximizdə gərgin mübarizə və şərəfli qələbə ili olmuşdur. Həmin ilin büdcəsinin icrası da ilin xarakterinə uyğundur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar…”-Əliyev Selçuku-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

Millət vəkili İqtisadiyyat Nazirliyinə-SƏSLƏNDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir