21-ci əsr: Telefon və internet üzünə həsrət qalan, həsrət qoyulan-HACIQABULLULAR… – ŞİKAYƏT

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;

Bəli, bu, böyük satirikimiz Sabirin “Əcnəbi seyrə balonlarla çıxır” şeirindən, satirasından iki misradır… Və heç kim də elə başa düşməsin ki, bu yazımızda söz ustadımızın, mütəffəkkirimizin-Mirzə Ələkbər Sabirimizin yaradıcılığından bəhs edəcəyik…

Xeyr, məqsəd, məqsədimiz, sadəcə, onun məşhur, dillər əzbəri olan məlum satirik şeirindən iki misranı qeyd etməklə, üstündən 100 ildən xeyli vaxt keçsə də, Sabir satirasının, daha doğrusu, Sabir “qəhrəmanları”nın hər zaman “müasir” olduğuna, zəmanəmizdə də yaşadığına, bir çox məqamların hələ də dəyiməz qaldığına diqqət çəkməkdir…

Bəli, qeyd etdiyimiz kimi, həmin satirik şeirin yazılmasının üstündən yüz ildən çox vaxt keçir, artıq elm və texnologiyalar əsri sayılan 21-ci əsrdə yaşayırıq, amma hələ də axsayırıq, axsadılırıq… Özü də işini bilməyən, vəzifəsinin nədən ibarət olduğunu axırcan dərk etməyən, onun məsuliyyətini anlamayan məmurların səriştəsizliyi, səbatsızlığı, bacarıqsızlığı üzündən, ucbatından…

Hələ də yerində olmayan vəzifəlilərimiz, məmurlarımız var və sayları da “n” qədərdir…Nə qədər tənqid olunsalar da, ittiham hədəfinə çevrilsələr də…, yenə də öz bildiklərindədir…Sadəcə, çax-çax baş ağrıdır…Araz aşıqlarından, Kür də topuqlarındandır…

Bəli, etiraf edək ki, son illərdə ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində böyük addımlar atılıb, uğurlar əldə edilib, hətta bir neçə il öncə ölkəmizdə “İKT ili” də elan olunmuşdu…Bununla yanaşı, ölkəmiz artıq kosmos ölkəsi də sayılır…İnternet istidafəçilərinin sayına görə də bir çox ölkələrdən, o cümlədən, keçmiş postsovet ölkələrinin xeyli qismindən çox-çox irəlidə, öndəyik…

Amma və lakin…

Hələ də ölkəmizdə telefonlaşdırılmayan, internetdən məhrum olan və olunan bölgələrimiz, telefon və internet üzünə həsrər qalan, həsrət qoyulan insanlarımız var…Özü də heç uzaqlarda, ucqarlarda deyil, elə Bakımızın, paytaxtımızın necə deyərlər, düz qulağının dibində-Hacıqabul rayonunda…

Bugünlərdə saytımıza Hacıqabul rayonunun ötən əsrin 90-cı illərində salınan yeni yaşayış massivində (əslində yeni sayıla da bilməz-30 ilə yaxın vaxt keçir), Asif Abdullayev küçəsində yaşayan 80-ə yaxın sakinin imzası ilə şikayət məktubu daxil olub…Sakinlər (təxminən 150-yə yaxın) onlar yaşayan ərazidə, rayonun mərkəzinə çox yaxın və birtişik bir ərazidə hələ də telefon, internet üzünə həsrət qalmalarından şikayətçidirlər…

Dəfələrlə rayon Telekommunikasiya Qoşvaşğına, onun rəhbərliyinə müraciət etsələr də, qəbullarda olsalar da, çifayda, heç bir müsbət nəticə, sonuc, tərpəniş yoxdur…Problem yerində qalmaqda, saymaqdadır…

Onu da nəzərə alsaq ki, artıq bir ildən çoxdur ölkəmizdə koronaviris pandemiyası hökm sürür, karantin rejimi tətbiq olunub, onlayn-distant təhsilə keçilib, onda vəziyyətin nə qədər acınacaqlı olduğunu başa düşməyə, anlamağa və geniş anlatmağa bir o qədər ehtiyac, lüzüm qalmır…Telefon xəttinin çəkilməməsi üzündən insanlar həm normal rabitə əlaqəsindən, həm də həyatımızın artıq bir parçası, bir tərkib hissəsi olan internetdən məhrum qalmaqdadırlar…Və qeyd etdiyimiz kimi, ən əsası həmin yaşayış massivinin orta məktəblərdə təhsil alan sakinləri, gələcəyimizin qurucuları, yaradıcıları olan, olacaq nəsil təhsildən, onlayn-distant təhsildən uzaq düşüblər, düşməkdədirlər…

Odur ki, Hacıqabul sakinləri yaşadıqları əraziyə tezliklə telefon xəttinin çəkilməsini və onların normal internetlə təmin olunmağa şərait yaradılmasını israrla, təkidlə xahiş və tələb edirlər…Ümidləri də yeni təyin olunmuş Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevədir…

Ümid edirlər ki, heç olmasa, yeni nazir, yeni rəhbərlik onların səsinə səs verəcək, tələblərinə, xahişlərinə həssaslıqla yanaşacaq və yaranmış problemi tezliklə çözəcək…

Çünki artıq əlləri hər yerdən üzülüb, ötən müddətdə bütün cəhdləri boşuna gedib, odur ki, ümidləri yeni nazirədir, gözlər, nəzərlər yeni nazirə dikilib…

Bəli, biz də ümid etmək və inanmaq istərdik ki, Hacıqabul sakinlərinin, 150-dən artıq sakini olan yaşayış massivinin tezliklə telefon və internet problemi həll olunacaq, yoluna qoyulacaq...

Məsələ var ki, ümid ən sonda ölür…

Cənablar, yoldaşlar-insanların ümidlərini öldürməyin, ölməyə qoymayın!

P.S. Məsələni də diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Etikxeber.az

Read Previous

Daha bir unudulmaz və unudulmayacaq-GÖRÜŞ… – FOTOLAR

Read Next

Cəlilabad bələdiyyəsinin sədri barəsində inzibati xəta haqqında iş üzrə icraat-BAŞLANDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir