21 oktyabr 2020-ci il tarixində Şəhadətə ucalan İkinci Vətən Müharibəsi Şəhidləri-ANAR ƏLİYEV, MİRHƏMİD QASIMLI, MƏMMƏDAĞA SƏFƏROV, RAUF ƏLİYEV…BU GÜN MƏZARLARI ZİYARƏT OLUNDU, İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Şəhadətə ucaldığı gündür.

Bu gün-21 oktyabr 2024-cü il tarixində əslən Kəlbəcərli Anar Vaqif oğlu Əliyevin, Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan olan Rauf Səxavət oğlu Əliyevin, Bakı şəhərinin Nəsimi rayonundan olan Mirhəmid Nazim oğlu Qasımlının və Məmmədağa Balakişi oğlu Səfərovun Şəhadətə ucalmasından dörd il keçir.

Adları çəkilən Şəhidlərin Şəhadətlərinin dördüncü ilə bağlı bu gün səhər saatlarında Əbədiyyətə uğurlandıqları İkinci Şəhidlər Xiyabanında məzarları ziyarət olunub.

Hər dörd Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Şəhidlərin ruhlarına dualar olunub, hər birinin məzarı başında “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidlərin Vətən naminə fədakarlıqlarından, İgidlik və Qəhrəmanlıqlarından danışılıb.

Hər birinin ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Adları çəkilən Şəhidlərin ailə üzvləri, valideynləri-başda da Anar Əliyevin atası Vaqif Əliyev olmaqla-hər biri öz növbəsində övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını dilə gətiriblər.

Bununla yanaşı, Şəhidlərin məzarlarını ziyarət zamanı məktəblillər, şagirdlər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarlarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Anım mərasimləri düzənlənib, hər dörd Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunub.

Anım mərasimlərində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha ruhlarına dualar edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblillər, din xadimləri, ziyalılar, Nizami və Nəsimi rayon İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, iki övladı Vətənə əmanət qalan Anar Əliyev ali-hərbi təhsilli, peşəkar hərbçi olub, polkovnik-leytenant rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi 4 gün sonra, oktyabr ayının 25-də İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla və Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Əslən Xızılı, özü isə Bakılı, 29 sentyabr 1994-cü il doğumlu, ailənin iki oğlan övladından biri, evin sonbeşiyi, orta təhsilli və subay Mirhəmid Qasımlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə cəlb olunub.

6 gün sonra İkinci Vətən Müharibəsinə qatılıb və oktyabrın 21-də Füzuli istiqamətində Şəhadətə ucalıb.

Nəşi dörd gün sonra, 25 oktyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

10 may 1997-ci il təvəllüdlü olan Məmmədağa Səfərov Bakı şəhərində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək və subay oğlu, tək bacının tək qardaşı olub.

Türkiyənin Balıkəsir Universitetində oxuyan Məmmədağa ali təhsilini donduraraq, həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Döyüş yolu 25 gün çəkən Məmmədağa oktyabrın 21-də Xocavənd istiqamətində Şəhidlik məqamıma ucalıb.

Nəşi İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.

Ailənin iki oğlan övladından biri olan Rauf Əliyev isə 1994-cü ilin iyunun ayının 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb.

Texniki Universitetdə ali təhsilə yiyələnib.

2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Aprel döyüşlərinin fəal iştirakçısı olub.

İkinci Vətən Müharibəsi zamanı-oktyabrın 22-də Hadrut istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Subay olan Rauf Əliyev Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

Evin-ailənin tək və subay oğlu-SİYƏZƏNLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SAMİR MURADOVUN ANIM GÜNÜDÜR, BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR…MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir