22 yaşlı Şəhid Sahil Rəsulovun Cənnətdəki ilk ad günü-MƏZARI ZİYARƏT OLUNDU, ATA-BABA OCAĞINDA MƏRASİM DÜZƏNLƏNDİ – YENİLƏNİB – (1) – FOTOLAR

Bu gün, 24 iyul Qəhrəman Goranboy rayonunun Səfikürd kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Sahil Sərvan oğlu Rəsulovun doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Sahil Rəsulovun bu gün 22 yaşı tamam olur.

Evin-ailənin tək oğlu, iki bacının tək qardaşı olan Sahil Rəsulovun bu gün onsuz keçirilən, Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

Cənnətdəki ad günü ilə bağlı Şəhidin Səfikürd kənd qəbiristanlığındakı məzarının ziyarəti başlanıb.

Saat 10:00-dan başlayan ziyarət təxminən bir, bir saat yarım çəkəcək.

Sonra Şəhidin doğulduğu evdə ailəsi tərəfindən mərasim keçiriləcək, ehsan veriləcək.

Qeyd edək ki, ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Səfikürd, o cümlədən Goranboy, Naftalan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, kənd sakinləri iştirak edirlər.

Nur içində yatsın, Cənnətdəki ilk doğum günü mübarək olsun!

10:30

***

Şəhid Sahil Rəsulovun Cənnətdəki ilk ad günü ilə bağlı torpağa tapşırıldığı Səfikürd kənd qəbiristanlığını, Şəhidlər məzarlığını ziyarət təxminən iki saat çəkib.

Ziyarətdə Şəhidin ailə üzvləri və yaxınları, Səfikürd kənd sakinləri ilə yanaşı Goranboyun digər kəndlərindən, o cümlədən Naftalandan, Mingəçevirdən, Bərdədən, Gəncədən, Samuxdan, Ağcabədidən və başqa bölgələrdən olan Şəhid ailələri, Şəhid valideynləri, Şəhid anaları iştirak ediblər.

Şəhid ailələri, Şəhid valideynləri Sahil Rəsulov da daxil olmaqda, Şəhidlər məzarlığındakı 9 Şəhidin məzarını bir-bir ziyarət edib, onların məzarları üzərinə gül dəstələri düzüb, əklillər qoyub, Şəhidlərin ruhlarına dualar oxuyublar.

Ziyarətdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev başda olmaqla, rayonun məsul şəxsləri də iştirak ediblər.

İcra başçısı Şəhidlər məzarlığını ziyarət etdikdən sonra Şəhid ailələri ilə bir araya gəlib, onlarla söhbətləşib.

Məhərrəm Quliyev Şəhidlərə Allahdan rəhmət, Şəhid ailələrinə isə səbr diləyib.

Bildirib ki, bütün Azərbaycan xalqı Şəhidlərlə Fəxr edir, Qürur duyur.

“Şəhidlər bizim baş tacımız, and yerimizdir”-deyən icra başçısı hər zaman Şəhidlərin dərin ehtiram hissi ilə anıldığını, Şəhid ailələrinə diqqət, qayğı və həssas münasibətlə yanaşıldığını dilə gətirib.

“İkinci Vətən Müharibəsi zamanı cəbhə bölgəsi olan Goranboy rayonu 55 Şəhid verdi, hələ də bir hərbi qulluqçumuz itkin düşənlər siyahısındadır. Allahdan arzu və dua edirik ki, o, sağ-salamat ailəsinə, evinə dönsün. Şəxsən mən özüm bir icra başçısı olaraq, 55 Şəhidimizin hər birinin dəfnində iştirak etdim, onların qəbrinə, məzarına girdim. Bunları ifadə etmək çox çətindir… Bütün Şəhidlərimiz bizim üçün doğmadır, əzizdir, müqəddəsdir. Onlar hamımızın övladıdır. Onların hər birinin ruhu, eləcə də Şəhid ailələrinin qarşısında baş əyirik. Biz Şəhidlərimizə, Şəhid ailələrinə borcluyuq”-deyən Məhərrəm Quliyev eyni zamanda, Şəhid adlarının və Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıldığını və növbəti addımların atılmasının nəzərdə tutulduğunu sözlərinə əlavə edib.

Şəhid ailələri də öz növbəsində icra başçısına ziyarətə qatıldığı, belə günlərdə Şəhid ailələrini tək buraxmadığı üçün minnətdarlıqlarını bildiriblər və həmçinin arzu ediblər ki, bu həssas münasibət və diqqət daim, hər zaman olsun.

Ziyarətdən sonra Şəhid ailələri, Şəhid valideynləri, o cümlədən Goranboy rayon İcra Hakimiyyətinin bir qrup məsul işçisi Şəhid Sahil Rəsulovun ata-baba ocağında təşkil olunmuş mərasimə, ehsan süfrəsinə qatılıblar.

13:00

***

Mərasim zamanı öncə Dövlət himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqları dalğalandırılıb.

Sonra Şəhid ailələrinə söz verilib, Şəhid valideynlərindən, Şəhid analarından Nəhayət xanım, Fəxriyyə xanım, İlhamə xanım, Lətafət xanım və digər Şəhid ailələrinin üzvləri çıxış edib, Cənnətdəki ilk ad günü ilə bağlı Şəhid Sahil Rəsulovu təbrik edib, ailəsinə səbr diləyiblər.

Şəhid anaları, Şəhid valideynləri eyni zamanda, Şəhidlərlə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.

Qeyd ediblər ki, Qələbə və Zəfərimizə, bugünkü dinc yaşayışımıza görə, Şəhidlərə borcluyuq, Şəhidlərə olan borcumuz isə heç zaman ödənməz və ödənməyəcək.

Şəhid Sahil Rəsulovun anası Samirə xanım da öz növbəsində belə bir gündə onu, ailəsini tək buraxmadıqları, onlara dəstək olduqları üçün Şəhid ailələrinə, mərasim iştirakçılarına, İkinci Vətən Müharibəsinin iştirakçılarına özü və ailəsi adından dərin minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra Goranboy rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə üç Şəhid anasına kəlağayı hədiyyə olunub, eyni zamanda, söz verilib ki, növbəti dəfə bütün Şəhid analarına kəlağayı həddiyyə olunacaq.

Mərasimdə Şəhid Sahil Rəsulova həsr olunmuş mahnı da səsləndirilib.

Mərasim təxminən 4 saata yaxın çəkib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evləri, mənzilləri olan bir qrup media və QHT nümayəndəsi Prezidentə müraciət etdi: 3-CÜ BİNA ŞƏHİD AİLƏLƏRİNƏ VERİLSİN!

Read Next

Yoluxmada növbəti artım-412 nəfər – SON SUTKADA ÖLÜM HALI QEYDƏ ALINMAYIB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir