Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bugünlərdə rəhmətlik atamın can dostu-əslən Laçınlı, Əriklili mərhum Vaqifin oğluna (mən ona Vaqif qardaş deyirdim)-Xosrova zəng etmişdim…
Uzun müddət idi ki, bir-birimizdən xəbərsizdik…Hamımızın başı şəxsi problemlərə, müharibəyə qarışmışdı…
Odur ki, məqsədim həm hal-əhvallaşmaq, həm də Laçının, Laçınımızın 28 ildən sonra işğaldan azad olunması ilə bağlı gözaydınlığı vermək idi…
Qeyd edim ki, rəhmətlik Vaqif və yoldaşı Elza xanım, Elza xala əslən Laçının Ərikli kəndindən olsalar da, uzun illər Əsgəran və Ağdamda yaşamışdılar…

İşğalla, erməni faşizmi ilə bağlı bir neçə dəfə köçkün düşmüş, axırda bizim rayona, Qaraçinara pənah gətirmişdilər…
Nə isə…Xosrovla danışdım, hal-əhval tutdum, göz aydınlığı verdim, söhbətləşdik, Allah dərdlərdən uzaq etsin, xeyli dərdləşdik, atalarımızı, keçmiş günləri xatırladıq, kövrəldik…
Xosrov “Alla qoysa, Laçına gedək, gələrsiniz, qalarsınız, o gözəl yerləri görərsiniz…”-dedi və mən də “İnşallah, qardaşım. Allah o günləri də nəsib edəcək”-dedim…
Telefon danışığı zamanı söhbət həm də Şəhidlərdən, Qazilərimizdən düşdü…
Çünki başqa cür də ola bilməzdi…
Xosrov dedi ki, “Kamil, qardaş, biz də Şəhid verdik, mamamın əmisi nəvəsi (əmisi qızının oğlu) Şəhid oldu…Getdik, yas mərasimində də iştirak edik…Çox qoçaq, çox igid, çox mərd, çox ağıllı, çox tərbiyəli oğlan idi…”

“Allah səbrinizi versin, Allah səbrlərini versin…Şəhidlərimizin haqqı ödənilməz…Başımızın tacıdırlar…Mamana da, qohumlarınıza adımdan, ailəmiz adından başsağlığı verərsən… Danışaram, bir gün gedib, ailə üzvləri ilə görüşüb, haqqında da geniş yazaram”-dedim və eyni zamanda, xahiş etdim ki, hələlik mənə Şəhidimiz barədə qısaca məlumat versin, həm də fotolarını göndərsin…
Sağ olsun, xahişimi yerə salmadı, Şəhidimizin fotolarını, keçdiyi qısa, lakin mənalı həyat yolu haqda bəzi bilgiləri göndərdi…

Şəhidimiz Xosrovzadə İlkinin çəmi 23 yaşı var…
1997-ci ilin dekabr ayının 1-də dünyaya göz açıb…
Əslən Laçının Bülövlük kəndindəndir…
Subay idi…
Rütbəsi Kiçik gizir, Dövlət Sərhəd Xidmətində (DSX) kəşfiyyatçı olub…
Şəhidimiz İkinci Vətən Müharibəsi zamanı cəbhənin Cəbrayıl-Xudafərin, Füzuli istiqamətlərində gedən döyüşləridə iştirak edib…
İgidimizin son döyüşü Zəngilanda olub…
Oktyabr ayının 22-də döyüşlər zamanı qəlpə boynundan dəyib və ağır yaralanıb…
Əsgər yoldaşları xəstəxanaya çatdırmağa çalışsalar da, İlkin yolda keçinib, Səhid olub…
Şəhidimiz həmçinin Tovuz döyüşlərində iştirak edib, ayağından yaralanmasına baxmayaraq, xəstaxanada müalicə olunmaqdan imtina edib, yaralarını özü sağaldıb və yendən döyüşlərə qatılıb…
Şəhidimiz həm də Füzuliyə Qələbə bayrağını sancanlardan biri olub…
Nur içində yatsın, Şəhidimiz, İlkinimiz…
Ruhu qarşısında baş əyirik….
Allah bir daha ailəsinə, əzizlərinə səbr versin…
Digər Şəhidlərimiz kimi, İlkin də Ölümsüzlüyə qovuşub, cismən bizimlə olmasa da, mənən, ruhən bizimlədir, bizlərlədir…
Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, İlkin də, İlkinlər də olacaq, olacaqlar, ruhən, mənən yaşayacaq, yaşayacaqlar…
Allah rəhmət etsin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Bakı-Goranboy-Bakı
Etikxeber.az





