Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elvin İlham oğlu Məmmədzadənin Anım Günüdür.
Bu gün Elvin Məmmədzadənin Əbədiyyətə uğurlanmasından üç il ötür.
Etikxeber.az xəbər verir ki, Elvin Məmmədzadə 1996-cı ilin noyabr ayının 22-də Samux rayonunda dünyaya gəlib.
Ailənin 3 övladından, 2 qardaşdan biri və ortancıl övlad olub.
Bacısı hazırda ailəli, iki övlad anasıdır, qardaşı isə Gəncədə ali məktəblərdən birində təhsil alır.
2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, ali təhsilli peşəkar hərbçi olub, Leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk günündən son saatlarına qədər də şərəfli döyüş yolu keçib.
Axırıncı dəfə ailəsi-atası İlham kişi ilə noyabrın 1-də danışıb və ondan sonra Elvinlə əlaqə saxlamaq mümkün olmayıb.
Və İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi saatlar və 24 yaşının tamamına 13 gün qalmış, noyabr ayının 9-da Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 4 gün sonra əldə edilib və elə həmin gün, noyabrın 13-də Samux şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə iki medalla, Şəhidliyindən sonra isə 4 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Elvin həm də nişanlı olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az