“İyul hadisələrindən, Polad Həşimov və İlqar Mirzəyevin Şəhidliyindən sonra özünə gələ bilmirdi, deyirdi ki, müharibə başlasa, hamıdan qabaq döyüşlərə atılacaq və…”-ŞƏHİD BİLAL QƏNBƏROVUN ANASI GÜLTƏKİN XANIM… – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Bu gün, 29 avqust tarixi Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bilal Xanlar oğlu Qənbərovun doğum günüdür.

Bu gün onun 28 yaşı tamam olur və bu, Bilal Qənbərovun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, Bilal Qənbərov 1993-cü ilin sentyabrın 29-da Bakı şəhərində anadan olub…

Bilala 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin veteranı olmuş qəhrəman babasının adı qoyulub…

Bilalgil ailədə uşaq-3 bacının tək qardaşı olub…

Bilal orta təhsilini 2000-2011-ci illlərdə alıb…

2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də Vətənə xidmət borcunu yerinə yetirərək, tərxis olunub…

Bilal ailəli olub…

Nazlı adında bir qızı var…

Bilal Qənbərov 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb və Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-ündə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi Səbail rayonunun Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib…

Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Bu gün Cənnətdəki ilk ad günü, mövludu ilə bağlı öncə Bilal Qənbərovun məzarı ziyarət olunacaq…

Ziyarətdə Şəhidin ailə üzvləri, Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri, məktəblilər və digər şəxslər iştirak edəcəklər…

Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq…

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək…

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçiriləcək, ehsan süfrəsi açılacaq…

Məkanı cənnətlik, mövludu, Cənnətdəki ilk ad günü mübarək olsun, Nur üzlü Şəhidimizin!

Allah ailəsinə, əzizlərinə səbr versin!

***

Bu gün saat 11:00-da ailəsinin və Səbaildən olan Şəhid ailələrinin iştirakı ilə Bilal Qənbərovun məzarının ziyarəti başlayacaq.

Ziyarət təxminən bir saat davam edəcək.

Ziyarətdən sonra, saat 12-1 radələrində isə yaşadığı evdə mərasim keçiriləcək.

07:50

***

“İyul-Tovuz hadisələrindən, Polad Həşimov və İlqar Mirzəyevin Şəhidliyindən sonra özünə gələ bilmirdi, deyirdi ki, müharibə başlasa, hamıdan qabaq döyüşlərə atılacaq və…”-ŞƏHİD ANASI GÜLTƏKİN XANIM

Saat 09:20…

Hazırda “20-ci sahə” adlanan ərazə, Bilalgildəyəm…

Şəhidimizin ailə üzvləri, anası Gültəkin xanımla görüşürəm…

Bir daha başsağlığı verir, Allahdan səbr diləyirəm-Şəhidimizin ailəsinə, Nur, Mələk simalı anasına…

“Cəmi Şəhidlərimizin, içində də Bilal balamızın məkanı cənnətlik olsun!”-deyirəm…

Qeyd edim ki, Bilal özü müharibəyə könüllü şəkildə gedib…

Hələ İyul, Tovuz hadisələrindən, general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin (onu şəxsən tanıyırmış) Şəhidliyindən sonra hözünə gələ bilmirmiş və müharibə başlayarsa, döyüşlərə atılacağını bildirirmiş…

Və sözünü də tutur, İkinci Vətən Müharibəsi başlayan kimi ailəsinə xəbər vermədən, səfərbərliyə müraciət edir, Ordu sıralarına yazılır və 29-u günü, 27 yaşının tamam olduğu gün Vətənin müdafiəsinə yollanır…

Füzulidən Şuşayacan uzun və şərəfli döyüş yolu keçir…

ŞUŞAMIZA SANCILMIŞ İLK BAYRAĞIMIZ-QANLI BAYRAQ…

İlk dəfə Füzulidə yaralanır, amma ailəsinə bildirmir…

Və noyabrın 3-də Şuşa istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalır və 3 gün sonra, noyabrın 6-da Əbədiyyətə uğurlanır…

Bilalgil həm də əslən Gürcüstanlı, Tiflisdəndirlər…

Bacıları Tiflisdə (Tbilisidə) anadan olub, Bilal isə 1993-cü ildə, Bakıya köçdükdən sonra dünyaya gəlib…

Müharibəyə gedənə kimi də “20-ci sahə” adlanan ərazidə yaşayır ailəsi ilə…

Allah bir daha məqamını ucalardan-Uca etsin, Nur üzlü ailəsinə bir daha səbr və dözüm versin!

09:45

***

“..Müharibədə iki cür ölürsən-bir cismən, bir də ruhən… Qardaşlarım canlarını bu torpağa, bu millətə cismən fəda veriblər, bizlər isə ruhən məhv olmuşuq… Hər nəfəs aldığımız an onlar bizim yanımızdadırlar…”-ŞƏHİDİN DÖYÜŞ YOLDAŞI FƏRİD

Saat 11:00…

Cənnətdəki ilk ad günü ilə bağlı Şəhidimizin məzarının ziyarəti başlayır…

Ziyarətdə Şəhidin valideynləri, bacıları, yaxınları, Səbail və Nizami rayonundan olan Şəhid anaları, Şəhid ailələri,məktəblilər iştirak edirlər…

Həm Bilalın, həm də Badamdar qəbiristanlığının Şəhidlər məzarlığındakı digər İkinci Vətən Müharibəsi Şəhidlərinin məzarları bir-bir ziyarət olunur, üzərlərinə gül dəstələri düzülür, ruhlarına dualar oxunur…

Məktəblilərin ifasında Vətənə, Şəhidlərimizə, Bilal Qənbərova həsr olunmuş şeirlər səsləndirilir…

Ziyarətə Qazilər, Şəhidin döyüş yoldaşları da qatılırlar…

Və bu zaman yenidən çox duyğulu, kövrək anlar yaşanır…

Şəhidin döyüş yoldaşlarından olmuş Fərid Bilal Qənbərov və Şəhid olmuş digər yoldaşlar barədə danıçmağın çox çətin olduğunu bildirir…

“Şəhid qardaşımız Bilal Qənbərovla bir yerdə döyüşmüşəm…Onunla bir yerdə, quru torpaqda yatmışam…Özümə qürur və şərəf bilirəm ki, Bilal kimi qardaşlarla bir tikə çörəyi bölmüşəm… Bu, həm qürurvericidir, həm də bizlər üçün yaşamaq çox çətindir…Döyüşçü qardaşlarımdan birinin (əli ilə onun göstərir) həmişə bir sözü var ki, müharibədə iki cür ölürsən-bir cismən, bir də ruhən… Qardaşlarım canlarını bu torpağa, bu millətə cismən fəda veriblər, bizlər isə ruhən məhv olmuşuq… Hər nəfəs aldığımız an onlar bizim yanımızdadırlar…Bu paltarı geyinmək, onun daşımaq bizim üçün heç də asan deyil…

Çünki hər an bizə Şəhid qardaşlarımızı xatırladır…Biz müharibəyə kimi bir-birimizi tanımırdıq, müharibə bizləri bir-birimizlə tanış, qardaş etdi…Burada uyuyan digər Şəhid qardaşımız Murad mənim gözümün qabağında Şəhid olub…Sonra onların evinə gedəndə bilmişik ki, Muradın ailəsidir…Muradın gözü yaşlı anası “Bəs, mənim oğlumu niyə gətirmədiniz”-deyə, bizdən soruşdu…Bizim üçün çox çətin idi cavab vermək…Bu gün də danışmaq, burada dayanmaq bizim üçün çox çətindir…”-deyə, o, sözlərinə əlavə edir…

Şəhidlər məzarlığını, Şəhidimizin məzarını ziyarət təxminən bir saat davam edir…

Və sonra Şəhidin yaşadığı evə üz tutulur…

Şəhidin adına ehsan süfrəsi açılır…

Mövludun, Cənnətdəki ilk ad günün bir daha mübarək olsun, Nur üzlümüz, Şəhidimiz-Bilal Qənbərov!

Nurlar içində uyu!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 842 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Read Next

Ailənin iki övladından biri…Evin tək övladı… İki qardaşdan biri…Ramil Babayev və Elməddin Hüseynzadənin Şəhidliyindən, Adəm Əliyevin torpağa tapşırılmasından bir il ötür-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir