28 maydan 18 oktyabra gələn və 8 noyabra gedən-QƏLƏBƏ, ZƏFƏR YOLU! – JALƏ ƏLİYEVA YAZDI – (ÖZƏL)

Yandıq, kül olduq və yenidən küllərimizdən doğulduq…

Yenə tarixi günlər yaşayırıq, yenə tarixi hadisələr, ildönümlər ərəfəsindəyik…

Qarşıdan, cəmi günlər sonra 71 il mübarizə, mücadilə aparıb, qanlar, canlar bahasına əldə etdiyimiz ikinci müstəqilliyimizin, Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi gəlir.

30 il öncə tarixdə, qanlı 20-ci əsrdə ikinci dəfə müstəqilliyimizi qazandıq, onu bərpa və əbədiyaşar edə bildik. Yenidən azadlığımıza qovuşmaq üçün nələrdən keçmədik,nələrdən…

“Ya azad ol, ya tamam yan, Azərbaycan!” dedik… Yandıq, kül olduq və yenidən küllərimizdən doğulduq…

20-30-cu illərin qanlı respressiyasından, ziyalılarımızın məhvindən, sürgünlərdən, torpaqlarımızın tikə-tikə bölünməsindən, deportasiyalardan, Qarabağ fintəkarlığından, Sumqayıt təxribatından, Quqark, Masis faciələrindən, Qanlı və Şanlı 20 Yanvardan, Bağanis Ayrım soyqırımından və daha nələrdən keçə-keçə 1991-ci ilin 30 avqustunda və 18 oktyabrında ikinci müstəqliiyimizə, azadlığımıza qovuşa bildik.

Ötən 30 il də hamar, asan keçmədi bizim üçün… Çox təxribatlarla, çox fitnəkarlıqlarla, çox qanlı ssenarilərlə qarşılaşdıq…

Başqışlaq, 20 noyabr, Xocalı, Daşaltı, Cəmilli, Qaradağlı, Umudlu, Ağdaban, Ballıqaya, Gülüstan faciələrini, qanlı qətliamlarını yaşadıq… Xocalı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan…kimi yurd yerlərimizi itirdik, düşmən həm yeraltı, həm də yerüstü sərvətlərimizi qamarladı, yağmaladı…

1993-cü ilin qorxulu iyun hadisələriylə, 1994-cü ilin və 1995-ci ilin dövlət çevrilişlərinə cəhdlərlə, dövlət adamlarımızın qətlə yetirilməsi ilə üz-üzə qaldıq…

Sağdan da, soldan da, Şimaldan da, Cənubdan da, Qərbdən də, Şərqdən vurulduq… Amma sinmədik, yenilmədik, mübarizə əzmimiz sındırıla bilmədi… Bir öldük, min dirildik…

İkinci müstəqlliyimizin banisi, Tarixi Şəsxiyyət Heydər Əlirza oğlu Əliyevin açdığı yolla və bu yolu bir-bir öz hədəflərinə çatdıran Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən, praqmatik və realist siyasəti ilə bugünlərə, müstəqlliyimizin 3-cü dekadasına gəlib çıxa bildik…

Özü də əliboş gəlmədik bu tarixi dönəmə, bu günlərə…

Düz bir il öncə, yəni, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 10 noyabr tarixində başa çatan tarixi 44 günlük İkinci Vətən Müharibəsi ilə arzularımızın ən ülvisinə, ən müqəddəsinə qovuşduq, 32 illik qanlı Qarabağ savaşını Qələbə və Zəfərlə başa çatdırdıq.

Düşməni məhv etdik, “Dəmir Yumruq”la başını əzdik, qarşımızda diz çökdürdük, təslim etdik, kapitulayasiyaya məcbur qoyduq, Qələbəmizi, Zəfərimizi etiraf etdirdik. Əyilən başımızı yerdən qaldırdıq, üstümüzdəki qara ləkəni birdəfəlik silib atdıq, dikəldik, yenə məğrur və dik duruşlu, alnıacıq, üzüağ, başıuca bir Millət, bir Xalq, bir Dövlət olduq.

O gündən bu günə də Qələbə və Zəfərlərimizin ardı-arası kəsilmədi, kəsilməyib və heç zaman da kəsilməyəcək. Dünyaya meydan oxuyan 10 dekabr “Zəfər Parad”ı, işğal olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın yenidən dirçəldilməsinə başlanılması, tarixi təməlatmalar, açılışlar, “Şuşa-Müttəfiqlik Bəyannaməsi”, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması…

Bir deyil, beş deyil, on deyil…Hansından başlayıb, hansında qurtaracağımızı bilmirik… Sevincimiz sevincimizə, üzümüzdən, çöhrəmizdən illərlə yox olan gülüşümüz gülüşümüzə qarışıb.

Bəli, müstəqlliyimizin 3-cü dekadasına üzüağ, alnıacıq, başuca və əlidolu gəlmişik. Ürəklə, Fəxrlə, Qürurla, Dik duruşla gəlmişik!

18 oktyabrda müstəqilliyimizin 30 illiyini, ondan cəmi 20 gün sonra, 8 noyabrda Qələbə və Zəfərimizin birinci ilini, “Zəfər Günü”nü qeyd edəcəyik.

Elə bu yerdə bildirim ki, Qələbə və Zəfər parlamenti olan, ilk Qələbə, Zəfər büdcəsini qəbul edən 6-cı çağırış Milli Məclis olaraq, biz də 30 illiyimizə əliboş gəlməmişik.

Belə ki, Milli Məclisdə “Müstəqllik Günü haqqında” qanun layihəsini artıq iki oxunuşdan keçirmişik və cəmi iki gün sonra sonuncu oxuşda qəbul edəcəyik.

Həmin qanun layihəsi ilə bundan belə 28 mayı Müstəqllik Günü, 18 oktyabrı isə Müstəqlliyin bərpası günü kimi qeyd edəcək, tarixiləşdirə, əbədiləşdirəcəyik.

Günün, Zəfərin, Qələbən mübarək, canımız fəda olsun, can Azərbaycanım!

***

Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı və ya Azərbaycanın növbəti tarixi imzası…

Bəli, yuxarıda da qeyd etdiyim kimi, yenə tarixi hadisələr içindəyik.

Belə ki, oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başladı.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik etdi.

Bu yerdə xatırlatmağa dəyər ki, Qoşulmama Hərəkatı 60 illik yubileyini qeyd edir. Və Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır.

Və Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

“1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir”-deyən Azərbaycan Prezidenti tarixi nitqində bildirdi ki, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır.

Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır.

Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi.

Və qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçildi.

Eyni zamanda, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi.

Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdü.

2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük və onu təşkil etdik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı.

Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Bununla yanaşı, Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə edir və bu gün də etməkdədir.

Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

Ona görə heç təsadüfi deyil  ki, cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edildi. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və  Hərəkat üzvlərinin növbəti  dəstəyinə arxalanır.

Çıxışında bir daha İkinci Vətən Müharibəsi toxunan Azərbaycan Prezidenti xatırlatdı ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi.

 Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

Daha sonra çıxışında ölkə Prezidenti növbəti tarixi təkliflə çıxış etdi, bildrdi ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər.

Azərbaycan  da öz növbəsində sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək.

 Bəli, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik.

Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə doğru irəliləyəcəyik!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm…Bütün çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”-İLHAM ƏLİYEV – FOTO – (MÜSAHİBƏ)

Read Next

“Niyə 28 May “Respublika günü” yox, “Müstəqillik günü” kimi qeyd olunmalıdır?”-ŞAHİN SEYİDZADƏNİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir