28 yaşında Vətən yolunda Şəhid olan 10 ilin peşəkar hərbçisi, XTQ-çı, Gizir-NURLAN MADƏR OĞLU HÜSEYNOV…ŞƏHİDİN AİLƏSİ, VALİDEYNLƏRİ KİM(LƏR)DƏN VƏ NƏ(LƏR)DƏN İNCİK VƏ NARAZIDIR? ONLARIN İSTƏKLƏRİ, TƏLƏBLƏRİ NƏZƏRƏ ALINACAQMI?

44 günlük İkinci Vətən Müharibəsində Tarix, İgidlik, Qəhrəmanlıq Dastanı yazan Oğullardan, Vətən sevdalılarından biri də 10 ilin peşəkar hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin Giziri, Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı (XTQ), Şəhid Nurlan Madər oğlu Hüseynovdur…

Sözəl əsl və həqiqi mənasında İgid, Qəhrəman, Vətən sevdalısı.

Nurlan 1992-ci ilin iyul ayın 3-də İmişli rayonunun Göbəktala kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailədə 4 uşaq-2 bacı, 2 qardaş olublar…

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanan Nurlan elə o vaxtdan da seçimini edib, həyatını, taleyini hərblə, Ordu ilə bağlayıb…

Və Şəhidliyinə qədər Azərbaycan Ordusunda peşəkar hərbçi, XTQ kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Vətənin müdafiəsinə qalxıb, qanlı, ağır döyüşlərdə iştirak edib…

Peşəkar hərbçi, Gizir, XTQ-çı kimi döyüşüb, vuruşub, bir sıra qəhrəmanlıqlara imza atıb, düşmənə qan uddurub…

Və İkinci Vətən Müharibəsinin 18-ci günündə, oktyabr ayının 14-də Hadrut istiqamətinlə qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabr ayının 15-də doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında dəfn olunub, Əbədiyyətə Uğurlanıb…

O, həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra Ali Baş Komandanın və Müdafiə nazirinin sərəncamları bir sıra medallarla təltif olunub.

Nurlan həm də ailəli olub…

Ancaq övladı dünyaya gəlməyib…

Və həyat yoldaşı Şəhidliyindən bir neçə gün sonra öz rayonlarına, ata evinə qayıdıb.

***

Bugünlərdə Şəhidimizin valideynləri-anası Səliqə xanım və atası Madər kişi ilə müalicə-müayinə olunduqları Mərkəzdə, Buznovda yerləşən Reabilitasiya Mərkəzində görüşdüm…

Görüşdüm, xeyli söhbətləşdim, hal-əhvallaşdım, dərdləşdim…

Dərdli, Yaralı, həm də Qürurlu Şəhid ailəsi çox üzgün, çox incik, çox narazıdır…

Bir çox yerli dövlət qurumlarından, məsul şəxslərdən…

Çünki bir Şəhid ailəsi kimi onlarla maraqlanan, onlara mənəvi və maddi dayaq, dəstək olan demək olar ki, yoxdur…

Sanki Şəhid ailəsi unudulub, yaddan çıxarılıb…

Şəhidin valideynləri, xüsusilə anası Şəhidə, oğluna məxsus bir sıra əşyaların, telefonun, medalların, o cümlədən, vasiyyətnamənin alınıb onlara verilməsini istəyir…

Şəhidin anası deyir ki, bunlar istəmək və tələb etmək övlad acısı yaşayan bir ana, bir valideyn kimi onun, onların Haqqıdır…

Şəhidin ailəsi həm də əksər Şəhid ailələri kimi onların da Bakı şəhərində mənzillə təmin olunmalarını istəyir…

Şəhidin atasının dediklərindən:

“Hər dəfə ev, mənzil məsələsini qaldıranda deyirlər ki, gələk həyətinizdə ev tikək sizə…Axı, mən neyləyirəm həmin evi…Evim var da?! Biz də istəyirik ki, əksər Şəhid ailələri kimi Haqqımız. Şəhidimizin Haqqı olan mənzillə təmin edilək, elə Bakı Şəhərində…Bu, bizim Haqqımızdır, Şəhidimizin Haqqıdır…Amma bunu etmirlər, bunu da bizə çox görürlər…Hər dəfə eyni sözü təkrarlayırlar…Kimsə bizimlə maraqlanmır, kimsə bizi yada salmır…Axı, Şəhidi dünyaya gətirən, onu bu xalqa Qəhrəman oğul kimi bəxş edən bizik?! İstəyirik ki, bizimlə də maraqlanılsın, bizim də Haqqımız tanınsın!”

Bəli, Şəhid ailəsinin, Nurlan Hüseynovun valideynlərinin tələbləri və istəkləri ortadadır…

Qərar isə aidiyyatı qurumların, dövlər orqanlarının, məsul şəxslərindir…

Hər bir Şəhid ailəsi kimi Şəhid Nurlan Hüseynovun da ailəsinin, Dərdli, Kədərli, Acılı valideynlərinın istəkləri, tələbləri bir daha ədalətli şəkildə diqqətə, nəzərə alınmalı, yerinə yetirilməlidir.

Onları artıq kimsənin üzməyə, incik salmağa haqqı yoxdur.

Yoxdur, yoxdur, yoxdur!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin 2 övladından biri, subay, 25 yaşında Vətən yolunda Şəhid olan-ELYƏDDİN CƏFƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏRASİM KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü-KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir