“Həm Şəhid, həm də Qazi valideynləri olmağımızdan Fəxr və Qürur duyuruq”-Şəhid atası Nadim Nadirov – 29 oktyabr 2025-ci il tarixində Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-BƏRDƏLİ RƏŞAD NADİROV, QUBALI MİQDAD ABDULƏLİMOV, OĞUZLU TURAL MƏMMƏDOV, GORANBOYLU TACİR CƏFƏROVUN MƏZARLARI ZİYARƏT OLUNDU…- FOTOLAR – YENİLƏNİB – (4)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Nadim oğlu Nadirovun Anım Günüdür.

Rəşad Nadirovun bu gün-29 oktyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından beş il keçir.

Etikxeber.az xəbər verir ki, Rəşad Nadirov 1999-cu ilin sentyabrın 20-də Bərdədə ziyalı ailəsində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

2005-2016-cı illərdə orta məktəbdə oxuyub, 2016-cı ildə Azərbaycan Universitetinə daxil olub.

2 il yarım oxuduqdan sonra təhsilini yarımçıq qoyaraq, həqiqi hərbi xidmətə yollanıb.

21 yaşının tamamından bir həftə sonra, 2020-ci ilin 27 sentyabrından isə İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı qardaşı ilə birlikdə Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstəriblər.

2020-ci ilin 21 oktyabr tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Qardaşı Elşad Nadirov isə yaralanıb. 

Nəşi 8 gün sonra, oktyabrın 29-da Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Rəşad həm də subay olub.

***

Bu gün həm də Qubalı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Faiq oğlu Abduləlimovun Anım Günüdür.

Miqdad Abduləlimovun da Əbədiyyətə uğurlanmasından beş il keçir.

Qeyd edək ki, Miqdad Abduəlimov 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Hər iki bacısı hazırda ailəlidir.

2019-cu ildə orta məktəbi bitirib və Bakıda İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də isə həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib.

Müharibənin elə ilk günlərində, Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Amma nəşi təxminən bir ay sonra, 29 oktyabr tarixində Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Miqdad da subay olub.

Yaşadığı küçə hazırda Onun adını daşıyır.

***

Bu gün Anım Günü olan, Əbədiyyətə uğurlanmasından beş il keçən İkinci Vətən Müharibəsi Şəhidlərindən biri də Goranboylu Tacır Fariz oğlu Cəfərovdur.

Əslən Qərbi Azərbaycanlı olan Tacir Cəfərov 2001-ci ilin fevral tarixində Goranboyun Qaraçinar kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailədə də  5 uşaq-3 qardaş, 2 bacı olublar.

O da orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Şərəfli döyüş yolu bir ay çəkib və oktyabr ayının 27-də Füzuli-Xocavənd istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra ailəsinə təhvil verilib və oktyabrın 29-da Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Tacir Miqdad Rəşad kimi subay olub.

***

Eyni zamanda, bu gün Oğuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və nişanlı oğlu, iki bacının tək qardaşı, peşəkar hərbçi, Gizir, Aprel döyüşlərinin iştirakçısı Tural Arif oğlu Məmmədovun Anım Günüdür.

2020-ci ilin 28 oktyabrında Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan Tural Məmmədov bir gün sonra-29 oktyabr tarixində Sincan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb. 

31 gün şərəfli döyüş yolu keçən bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli Şəhidin adına küçə verilib.

12:30

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bərdə Şəhidlər Xiyabanında Rəşad Nadirovun məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Şəhidin cəmi 21 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan söz açılıb.

Ailəsinə-valideynlərinə, anası Pərvanə xanıma və atası Nadim Nadirova Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin atası Nadim Nadirov da öz növbəsində ailəsi adından ziyrət iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə minnətdarlığını bildirib.

Həm Şəhid, həm də Qazi ailəsi-valideynləri olmalarından Fəxr və Qürur duyduqlarını dilə gətirib.

Sonra xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdən sonra isə Bərdə Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi açılıb.

Şəhidin məzarını ziyarətdə və adına açılan çay-ehsan süfrəsində ailə üzvləri, Şəhid ailələri, müəllim və şagirdlər, din xadimləri, yerli ziyaılar, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları və digərləri iştirak ediblər.

12:39

***

FOTOLAR:

13:50

***

14:04

***

14:17

***

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə yağış yağacaq-SABAH

Read Next

Nənəsi və bibisi tərəfindən böyüdülən iki qardaşdan biri, subay, oktyabrda dünyaya gələn və oktyabrda da Şəhid olan Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN BALOĞLAN NAĞIYEV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir