Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən həm də Mehman Nəriman oğlu Qəmbərov və Səbuhi Şakir oğlu Məmmədovun Anım günüdür.
Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından 3 il keçir.
Etikxeber.az xəbər verir ki, 27 may 1981-ci il təvəllüdlü və ailədə üç övlad- iki qardaş, bir bacı olan Mehman Qəmbərovgil əslən Ağdam rayonunun Maqsudlu kəndindəndirlər.
1993-cü ildən, Ağdamın işğalından sonra Bərdəyə, Qarağacı kəndinə pənah gətiriblər.
Köçkün düşən vaxt 5-ci sinifdə oxuyan Mehman Vətən torpaqları, doğma Ağdamı işğalda olduğu üçün hərb sənətini seçməli olub.
Ali təhsilli, peşəkar hərbçi olan Mehman Qəmbərov polkovnik-leytenant qədər rütbəsinə yüksəlib.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən isə döyüşlərə atılıb və döyüşlərin 4-cü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Nəşi isə bir gün sonra, oktyabr ayının 1-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…
İgidliyinə və Qəhrəmanlığına görə bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…
Şəhidimizin iki övladı Vətənə əmanət qalıb və övladlarından biri bu il ali məktəbə qəbul olunub.
***
Şəhid Səbuhi Məmmədov isə 1982-ci ilin oktyabrın 21-də Mingəçevir şəhərində anadan olub.
9 ilin hərbçisi Səbuhi Məmmədov həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 1-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Şəhidin anası da oğul dərdinə dözə bilməyib, övladının qırxından az sonra dünyasını dəyişib.
Səbuhi Məmmədovun üç övladı-iki oğlu və bir qızı – Aytac, Ədilşah və Ömər Vətənə əmanət qalıb.
Qızı Aytac Məmmədovanın bu yaxınlarda toyu olacaq.
Hər iki Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində uyusunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az