3 oktyabr 1993-cü ildən 3 oktyabr 2020-ci ilə gedən müqəddəs və tarixi yol…-ELDAR İBRAHİMOV HEYDƏR ƏLİYEVİN İLK DƏFƏ PREZİDENT SEÇİLMƏSİNDƏN, SUQOVUŞAN VƏ CƏBRAYILIN İŞĞALDAN AZAD EDİLMƏSİNİN BİR İLLİYİNDƏN YAZDI

3 oktyabr 1993-cü il.

Tarixə qızıl hərflərlə yazılan və həkk olunan gün.

Həmin gün Azərbaycan xalqının Xilaskar oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin ilk dəfə Prezident seçildiyi gündür.

Həmin gün Ulu Öndərimiz ilk dəfə müstəqil Azərbaycanın Prezidenti seçildi və Azərbaycan tarixində yeni mərhələnin başlangıcını qoydu.

Əslində 1993-cü ilin iyun hadisələrindən, Gəncə qiyamından sonra Azərbaycan xalqının və keçmiş yarıtmaz AXC-Müsavat hakimiyyətinin israrlı, təkidli xahiş və tələblərdən sonra Ulu Öndər 15 iyun tarixində Ali Sovetin sədri vəzifəsinə seçilmiş, cəmi 9 gün sonra, eks-prezident Əbülfəz Elçibəyin Bakını qəfil tərk etməsindən sonra, 24 iyun tarixində isə ölkə Prezidentinin səlahiyyətlərinin icrasına başlamaqla, çiyinlərini Azərbaycan naminə növbəti dəfə ağır yükün altına vermis, Lider qətiyyəti ilə bütün məsuliyyəti öz üzərinə götürmüşdü.

Bununla da Azərbaycanda yeni mərhələnin əsası qoyulmuşdu.

Qısa müddətdə də ölkə AXC-Müsavat cütlüyünün səriştəsiz, bacarıqsız siyasəti üzündən düşmüş olduğu ağır bəladan-vətəndaş müharibəsindən, qardaş qırğınından, xaos və anarxiyadan, dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək, banan respublikasına çevrilmək təhlükəsindən xilas edilmişdi.

Ölkədə qanunsuz silahlı dəstələrin varlığına son qoyulmaqla, əsl ordu quruculuğuna başlanılmışdı.

Azərbaycan xalqı sözün əsl mənasında öz Xilaskarına qovuşmuşdu və onu israrlı və təkidli şəkildə ikinci hakimiyyətə dəvət etməyindən məmnun qalmışdı.

Elə bütün bunlara görə, 1993-cü ilin3 oktyabr tarixində demokratik və alternativ əsaslarla keçirilən Prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyini, səsini əldə edərək, inamlı qələbə qazanaraq, ölkə Prezidenti seçilmişdi.

Qədirbilən Azərbaycan xalqı birmənalı şəkildə öz Xilaskarına etimad, etibar etmişdi, gələcəyini onunla bağlamışdı.

Odur ki, 3 oktyab tarixinin Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yeri və rolu vardır.

Azərbaycan dövləti var olduqca, Azərbaycan xalqı yaşadıqca, 3 oktyabr tarixi də həmişə yaddaşlarda, hafizələrdə əbədi olaraq qalacaq, xatırlanacaq.

Qeyd etdiyim kimi, 3 oktyabr tarixindən sonra Azərbaycanda inkişaf, quruculuq, dövlətçilik yolunda yeni mərhələ başlanmışdır.

Elə bir mərhələ ki, qısa müddətdə Azərbaycanı nəinki regionun, bütövlükdə dünyanın Lider dövlətləri sırasına çıxardı.

Elə bir mərhələ ki, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı əsas aktorlardan, əsas oyunçulardan, söz sahiblərindən birinə çevirdi.

Prezident seçilməsindən cəmi 11 ay sonra məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, iti, parlaq zəkası sayəsində baş tutan, imzalanan tarixi “20-ci əsrin müqaviləsi” Azərbaycanı yenidən dünyaya Günəş kimi doğdu və parlatdı.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Qədim və Yeni İpək yolunun bərpası kimi layihələr həyata vəsiqə aldı və Azərbaycanın imzasını imzalar içində əbədi bərqərar etdi.

Bunların hamısı 24 iyundan başlanan və 3 oktyabrdan sonra davam edən tarixi yol, Xilaskarlıq missiyası saəyəsində baş tutdu, gerçəkləşdi.

Bütün bunlara görə Tarixi və Bütöv Şəxsiyyət, Liderlər Lideri Heydər Əlirza oğlu Əliyevə borclu və minnətdarıq.

Bəli, ikinci müstəqil Azərbaycan və onun indiki Lideri, Müzəffər, Qalib Ali Baş Komandan cənab İlham Əliyev Heydər Əliyevin, Ulu Öndərin Şah əsərləridir.

***

Dünən, 3 oktyabr 2021-ci ildə növbəti tarixi gün yaşandı, yaşadıq.

Düz bir il öncə Ali Baş Komandanın Rəşadətli Ordusunun, Vətən sevdalılarının qəhrəmanlığı, igidliyi sayəsində olduqca starteji əhəmiyyətə malik olan keçmiş Madagiz, indiki Suqovuşan qəsəbəsi işğaldan azad edildi, Azərbaycanına qovuşduruldu.

Azərbaycan torpaqlarının, Qarabağın işğaldan azad edilməsini bəlkə də Ulu Öndər qədər istəyən, bunun üçün var gücü ilə çalışan kimsə yox idi.

Hakimiyyətdə olduğu 10 il ərzində bir an olsun belə Qarabağı yadından çıxarmadı, onun işğaldan azad olunması üçün bütün enerjisi sərf etdi və elə bir potensial qoyub getdi, elə bir yol-iz açdı ki, o potensial, o yol, o iz bizi mütləq Qələbə və Zəfərə aparmalıydı və apardı da.

Siyasi kursunun layiqli və uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərə verdiyi sözünə, vədinə əməl etdi, Suqovuşanı və işğal altındakı digər torpaqları işğaldan qurtardı, Azərbaycana tarixi Qələbə və Zəfər qazandırdı, düşməni diz çökdürdü.

Bununla həm də Ümummilli Liderimizin, atasının ruhunu sevindirdi.

İstər 3 oktyabr 2020-ci il, istərsə də 3 oktyabr 2021-ci il tarixlərində ruhu rahatlıq, huzur tapdı.

Bəli, dünən Suqovaşının azad olunmasının bir ilinin tamamında Ali Baş Komandan yenidən Qarabağa, Suqovuşana, Talışa, Cəbrayıla, eləcə də İkinci Vətən Müharibəsinin bütün ağırlıqlarını çiyinlərində daşımış Qəhrəman Tərtər və Bərdədə oldu.

Tarixi gündə bir sıra açılışlara, təməlatmalar imza atdı, Talış və Suqovuşanda Dövlət bayrağını ucaltdı.

Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Bununla yanaşı, Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində oldu, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etdi.

Bəli, heç kim üçün sir deyil ki, Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi.

 Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.

Suqovuşanda tarixi çıxışı zamanı dövlətimizin başçısı “Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə – keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, – birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi – 6 kənd, – oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”-deyərək, bildirdi  ki, müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir.

“Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada – İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən”-deyən Müzəffər Ali Baş Komandan bir daha düşmən üzərində mənəvi və siyasi gücünü, qətiyyətini, cəsarətini nümayiş etdirdi.

Hələ də pusquda dayanan, marıqda yatan ermənipərəst antiAzərbaycan dairələrinə meydan oxudu.

***

Onu da qeyd edək ki, ötən il Suqovuşanın azad edilməsindən cəmi bir gün sonra, 4 oktyabr tarixində ilk rayonumuz, rayon mərkəzimiz Cəbrayıl və Cəbrayılın bir neçə kəndin işğaldan azad olundu və Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk etdirildi.

Bu gün həm də Cəbrayılın işğaldan azad olunmasının birinci ildir.

Artıq təqvimdə qara tarixlər, işğal tarixləri yoxdur, təqvimdə Zəfər və Qələbə tarixləri vardır.

Elə bu əlamətdar gündə dövlət basçısı Cəbrayılda oldu, orada  “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu, 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi.

Həmçinin, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini, o cümlədən, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu.

Eyni zamanda, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Cəbrayıl ictimaiyyətinin mümayəndələri ilə görüşündə Müzəffər Ali Baş Komandan bir daha Ermənistana və onun havadarlarına sərt xəbərdarlığını etdi, mesajını ötürdü, qarşı tərəfi Azərbaycan və Türkiyə ərazilərinə iddialardan əl çəkməyə çağırdı.

Bəyan etdi ki, bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir.

 Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasına son qoymalıdılar.

 Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər.

Bunun başqa yolu yoxdur, çünki başqa yolları da qalmır.

Ali Baş Komandanımızın da bəyan etdiyi kimi, biz qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik.

 Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq.

Qələbələr, Zəfərlər bizimdir, bizimlədir və bizimlə olacaq.

Hələ çox Qələbələrə və Zəfərlərə imza atacağıq!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Daha 391 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı…Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər…”-PREZİDENTDƏN NÖVBƏTİ XƏBƏRDARLIQ – FOTO – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir