3 övlad atası, peşəkar hərbçi Ramil Quliyevin bu gün Cənnətdəki üçün doğum günü-ŞƏHİDLİYİ UZUN MÜDDƏT SONRA TƏSDİQLƏNƏN XÜSUSİ TƏYİNATLI KAMİL MƏMMƏDOVUN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİDİR…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidi Ramil Nuralı oğlu Quliyevin doğum günü, Şəhidliyi bir müddət öncə təsdiq olunan Kamil Şamil oğlu Məmmədovun isə Anım Günüdür.

Ramil Quliyevin bu gün Cənnətdəki üçüncü ad günü, mövlududur, Kamil Məmmədovun Əbədiyyətə uğurlanmasının ikinci ilidir.

Ramil Quliyevin bu gün 42 yaşı tamam olur.

Etikxeber.az-ın xəbərinə görə,  Ramil Quliyev 1980-ci ilin 10 dekabr tarixində Kürdəmirin Qarasu kəndində anadan olub.

Ancaq onun kimliyində (pasportunda) təvəllüdü, doğum günü 1981-ci ilin 28 yanvar tarixi kimi qeyd olunub.

Ramil Quliyev 1987-1998-ci illərdə Qarasu kəndində Şəhid Elşad Qurbanov adına orta məktəbdə oxuyub.

Orta məktəbi qurtardıqdan bir müddət sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra-2001-ci ildə Gizirlik kursunu oxuyub, həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb.

20 il ərzində də peşəkar hərbçi kimi qüsursuz xidmət edib.

Və qüsursuz xidmətə görə, 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.

20 ilinin tamamında, xidmət müddəti başa çatdıqda isə xidmət müddətini, müqaviləsini daha iki illiyinə uzatdırıb.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Baş gizir kimi döyüşlərə atılıb…

…Və sentyabrın 30-da Füzuli istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Qarasu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları və ötən ilin noyabr ayının 5-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ramil həm də ailəli, 3 övlad atası idi.

Qeyd edək ki, Şəhidin ailəsi hazırda Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayır.

Şəhidliyi bir neçə ay öncə təsdiq olunan Kamil Məmmədov isə 1998-ci ilin dekabrın ayının 25-də Xaçmazın Xudat qəsəbəsinin eyniadlı Xudat kəndində dünyaya gəlib.

 Kamil Məmmədov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçülərindən, hərbi quluuqçularından olub və İkinci Vətən Müharibəsi zamanı Füzuilidən Şuşayacan döyüş yolu keçib.

Müharibədən sonra “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medalları ilə, ümumilikdə 9 medalla təltif olunub.

2021-ci ilin yanvarın 15-də isə hərbi təlim zamanı “Ural” hərbi maşınının qəzaya uğraması nəticəsində ağır yaralanıb, komya düşüb və 13 gündən sonra, yanvarın 28-də dünyasını dəyişib.

O, Şəhid kimi dəfn edilib, amma xeyli müddət Onun Şəhidlik haqqı tanınmayıb.

Yalnız ötən ilin sonlarına yaxın Kamil Məmmədovun Şəhidlik Haqqı tanınıb.

Atası Şamil Məmmədov da oğlunun dünyasını dəyişməsindən 4 ay sonra, 2021-ci ilin may ayında vəfat edib.

22 yaşında Şəhidlik məqamına ucalan Kamil həm də nişanlı olub.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu qan İranın üzərində qalacaq-MUSA URUD YAZIR

Read Next

“Misirlə beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir