“Dedi ki, ana, bilirsən də, qarşıdan yaşım gəlir…Dedim ki, bilirəm, sənə yaxşı bir ad günü keçirəcəyik…32 yaşının tamamına 3 gün qalmış isə dünyasını dəyişdi, Şəhidlik məqamına ucaldı…”-AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN İLQAR MƏMİŞOVUN ANASI ƏSLİ MƏMİŞOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Şəhid İlqar Vaqif oğlu Məmişov Anım Günüdür.

İlqar Məmişovun Əbədiyyətə uğurlanmasından 3 il ötür.

Etikxeber.az xəbər verir ki, Anım Günü ilə bağlı bu gün-4 fevral 2025-ci il tarixində İkinci Şəhidlər Xiyabanında Şəhidin adına məclis düzənlənib, çay-ehsan süfrəsi açılıb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Şəhidin döyüş yoldaşları, hərbçilər, Şəhid valideynləri, dostları, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidin 32 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan, Vətən naminə fədakarlığından bəhs olunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Qeyd edəki ki, Anım məclisində Şəhidin ailə üzvləri, doğmaları, Şəhid ailələri, İcra başçısı Elgin Həbibullayev başda olmaqla, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, Şəhidin döyüş yoldaşları, hərbçilər, dostları və digər şəxslər iştirak ediblər.

***

Onu da qeyd edək ki, əslən Laçınlı olan İlqar Məmişov 1990-cı ilin fevral ayının 7-də Sumqayıt şəhərində dünyaya gəlib.

Sonra ailələri ilə Bakı şəhərinə, Nərimanov rayonuna köçüblər.

Ailənin dörd oğlan övladından biri olub.

Bakı şəhərində yerləşən 37 saylı tam orta məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub və həmin ali məktəbi bitirib.

Müxtəlif sahələrdə-bankda çalışıb.

İkinci Vətən Müharibəsi zamanı-29 sentyabr 2020-ci il tarixində döyüşlərə qatılıb.

Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra-2020-ci ilin dekabrında Ordudan təxris olunub.

Ordudan təxris olunduqdan sonra səhhətində problemlər aşkarlanıb, uzun müddət onkoloji xəstəlikdən müalicə alıb.

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

2022-ci ilin fevral ayının 4-də, 32 yaşının tamamına 3 gün qalmış dünyasını dəyişib, Şəhidlik məqamına ucalıb.

Nəşi Ceyranbatan qəbiristanlığında dəfn olunub.

Kiçik qardaşı Şahid Məmişov da İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

Müharibə veteranı və iki övlad atası olan qardaşı iki medalla təltif edilib.

Ancaq İlqar Məmişov özü nə Şəhidliyindən əvvəl, nə də Şəhidliyindən sonra hansısa medalla təltif edilib.

O, həm də ailəli olub.

Murad adlı bir övladı Vətənə əmanət qalıb.

Anası Əsli Məmişovanın dediklərindən:

“İlqarın son günləri idi…Dedi ki, ana, bilirsən də, qarşıdan yaşım gəlir…Dedim ki, bilirəm bala, sənə yaxşı bir ad günü keçirəcəyik…Hansı ki, həmin vaxt ürəyimdən qara qanlar axırdı…Balam əlimizdən gedirdi (gözləri dolur)…32 yaşına 3 qalmış isə dünyasını dəyişdi…Balam yeni yaşını görə bilmədi…”

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:50

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün bu yollarda sıxlıq və tıxac müşahidə olunur-BAKIDA

Read Next

Tək və subay oğul, İkinci Vətən Müharibəsi Şəhidi-ZAUR İSMAYILZADƏ İLƏ BAĞLI ZABİTLƏR EVİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ VƏ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir