“4 medallı Cəmilimiz bizim tək oğlumuz idi…İstərdik ki, övladımız, Şəhidimiz ölkəmizin ən yüksək ordenlərindən biri ilə təltif olunsun, üzünü görmədiyi diplomu bizə təhvil verilsin”-ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN ANASI AYGÜN MƏMMƏDOVADAN ÖLKƏ PREZİDENTİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT

İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Habil oğlu Məmmədlinin anası Aygün Kamal qızı Məmmədova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri Zakir Həsənova və Müfadiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, Müzəffər Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Aygün Kamal qızı Məmmədova İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Habil oğlu Məmmədlinin anasıyam. Oğlum əslən İsmayıllıdan olsa da, Bakı şəhərində, Səbail rayonunda, Bayıl qəsəbəsində böyüyüb, boya-başa çatıb. Bayılda, 163 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olunub və 2020-ci ilin yayında ali təhsilini başa vuraraq, elə həmin ilin yayında da hərbi xidmətə, Vətənin keşiyinə yollanıb. İkinci Vətən Müharibəsinin ilk günündən də bir Əsgər, bir Vətən sevdalısı kimi döyüşlərə atılıb. Füzuli-Xocavənd istiqamətində ağır döyüşlərdə iştirak edib, döyüşüb, vuruşub, igidliklər göstərib və oktyabr ayının 14-dən 15-nə keçən gecə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Cəmil bizim ailənin iki övladından biri, tək oğlumuz idi. Cəmilsiz yaşamaq, övlad itkisi nə qədər çətin, acı və böyük dərd olsa da, Şəhidimizin ruhunun, xatirəsinin yaşaması, yaşadılması naminə dözürük, yaşayırıq. Cəmillə Fəxr edir, Qürur duyuruq. Fəxr edir, Qürur hissi keçiririk ki, Cəmil kimi bir İgid və Qəhrəman oğulun valideynləriyik. Bu gün bütün Azərbaycan Cəmilə görə bizi tanıyır, övladımız bizi bütün Azərbaycana tanıtdı. Cəmilimiz də daxil olmaqla, bütün Şəhidlərimizin, Şəhid balalarımızın ruhu qarşısında baş əyirəm, baş əyirik!”

Müraciətdə daha sonra deyilir:

“Cənab, Prezident!

Müraciət etməklə, Qalib və Müzəffər Ali Baş Komandan kimi Sizə ailəmiz adından bir xahişimizi, ricamızı çatdırmaq istəyirəm. Müharibə zamanı göstərdiyi İgidlik və Qəhrəmanlığa görə, övladımız Sizin tərəfininzdən ötən ilin dekabr və bu ilin iyun aylarında 4 medalla – “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Buna görə Sizə minnətdarıq. Amma bununla belə çox istəyirik ki, övladımızın göstərdiyi şücaətlər, qəhrəmanlıqlar nəzərə alınaraq, ona ölkəmizin ordenlərindən biri verilsin.

Çox istərdik və arzu edərdik ki, Sizin növbəti Sərəncamınızla övladımız, Cəmilimiz ordenlərdən birinə layiq görülsün, ordenlərdən biri ilə təltif olsun. Bu, elə bilirik ki, Şəhidimizin Haqqıdır. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş olar, həm də bir Şəhid ailəsi kimi bizə təskinlik, təsəlli verilmiş olar. Bu baxımdan, inanıram, inanırıq ki, müraciətimiz nəzərə alınacaq, öz müsbət həllini tapacaq və övladımız ordenlərdən biri ilə təltif olunacaq”.

“Yeri gəlmişkən, çox təəssüflər olsun ki, bu günə kimi övladımızın diplomu hələ də bizə-ailəsinə təqdim olunmayıb. Təhsil Nazirliyi bilmədiyimiz səbəblərdən bir ildən çoxdur ki, bu məsələni uzadır. Həm də övladımızın adının əbədiləşdirilməsi, oxuduğu və tək Şəhidi olduğu 163 saylı məktəbə adının verilməsi məsələsi hələ də öz həllini tapmır, uzadılır, ləngidilir.

Çox arzu edərdik ki, bu məsələlərin də həllində bizə dəstək olasınız, aidiyyatı qurum və şəxslərə göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən də minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm.Allah Sizi və Azərbaycanımızı qorusun!”-deyə, müraciətin sonunda bildirilir.

Etikxeber.az

Read Previous

“Dağıdılmış Qarabağ vardı…”-MİLLƏT VƏKİLİNDƏN ABŞ SƏFİRİNƏ KƏSKİN ETİRAZ

Read Next

“Durumumuz, yoldaşımın səhhəti nəzərə alınaraq, Şəhid ailəsi kimi mənzillə təmin olunmağımızı istəyirik”-ŞƏHİD SÜBHAH ABDURƏHMANLININ ANASI MEHRİBAN ABDURƏHMANOVA ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ SAHİL BABAYEVƏ MÜRACİƏT ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir