Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Orta məktəbin son siniflərindəydim.
Dərs ili başlayan kimi şagirdləri kənd təsərrüfatı məhsullarının yığımına köməyə aparırdılar. Hamımız bir nəfər kimi səhərdən axşam çağlarınadək sovxoz fəhlələri ilə çiyin-çiyinə çalışardıq. Xaçmaz rayonu başqa tərəvəzlərlə yanaşı ən çox pomidoru ilə də məşhur idi. Günorta saatlarıydı. Sovxozun fəhlələri ilə birğə məhsul yığımındaydıq. Tərəvəz sahəsinin o başından orta yaşlı, orta boylu bir kişinin bizə tərəf gəldiyini gördük. Bizə çatanda əlindəki çubuğu yerə dirəyib əvvəlcə salamlaşdı, hal-əhval tutdu, vəziyyətlə maraqlandı. Hamımızla ayrıca görüşdü. Problem və çatışmazlıqların olub-olmamasını soruşdu. Növbə mənə çatanda tez-tələsik sovxuzun daimi fəhləsi olmadığımı, burda müvəqqəti çalışdığımı, məktəbdən köməyə gəldiyimizi, ali təhsil alacağımı bildirdim. Elə bil məni fəhlə biləcəyindən utanırdım. Gənclik düşüncəmlə bunu özümə ayıb sayırdım. O da cavabında: “Əlbəttə, oxumaq lazımdı, belə düşünməyin çox yaxşıdı” – dedi.
Bu nurani, ağıllı baxışları və ciddi görkəmi ilə çöhrəsindəki gülümsər, məhrəmanə, bir az da qayğılı ifadəsi tam bir obraz yaradan mükəmməl insanın rayonumuza yeni təyin olunmuş birinci katib olduğunu bildiyimizdə xeyli təəccübləndik. Çünki indiyədək rayonun başçısını sadə insanların arasında, hətta tərəvəz sahəsində görən olmayıb. Əksinə, rayon əhalisi günlərlə, həftələrlə katibin qəbulunu gözləyir, dərdlərinə əlac tapmasalar da, asilik etməyərək kor-peşman evlərinə dönürdülər. Aslan Nəsibov isə uzun illər ən azından bizim nəzərimizdə, kəndimizin camaatının fikir və düşüncələrində bu cür inqilabi ilk yazmış bir məmur kimi qaldı.
Və gənclik yaddaşımda dərin iz salmış həmin görüşdən sonra ağlıma belə gəlməzdi ki, bu qeyri-adi insanla nə zamansa bir daha görüşəcəyəm və onun həyatı boyu bir çox ilklərə imza atdığının şahidi olacağam.
Tələbəlik yoldaşım və jurnalist həmkarım, sonradan dostluq çərçivəsini aşaraq bacı qədər yaxın olduğum, məslək və əqidə sirdaşım Züleyxa Nadirin yaradıcılıq məhsulu olan kitabları nəzərdən keşirəndə onun Aslan Nəsibovun həyat və fəaliyyətindən bəhs edən “Bir ömrün işığı” kitabı diqqətimi cəlb etdi və həmən sevincək halda: “Mən bu kişini tanıyıram, mən onunla ünsiyyətdə olmuşam”- dedim. Sonra yazımın əvvəlində qeyd etdiyim fikirlərimi həvəslə ona danışdım. Və onlara gedərkən bu müdrik insana salamımı çatdırmasını xahiş etdim. Sonra isə Aslan müəllim məni Züleyxa ilə evlərinə qonaq dəvət etdi və el ağsaqqalını daha yaxından tanımaq şansım oldu.
Doğrusunu deyim ki, illər sonra onu gördüyümdə sanki qarşımda nur topasının içində müqəddəs bir varlıq yaşayırmış kimi təsəvvür yarandı. Aydın çöhrəsi, gülıümsər baxışları, səliqəli geyimi, ədəbi, nəzakəti, mərifəti, ağayanalığı… İllər öncəki zarafatyana yanaşması isə heç dəyişməyib: “Xaçmazlı qız, mənim yerlim, nə xoş oldu gəlişin”…
Yaddaşına qibtə etməmək mümkünsüz idi. Nələrdən danışmadı, nələri xatırlamadı, hansı dahilərdən sitat gətirmədi, atalar sözlərini, folklordan nümunələri, filmlərdən epizodları muncuq kimi necə bir-birinin ardınca düzdü. Bütün bunlar onun zəngin mütaliəsindən, çoxillik təcrübəsindən, dövlət idarəçiliyində qazandığı səriştədən və geniş dünyagörüşündən irəli gəlirdi. Bu, məlum məsələ idi. Diqqəti cəlb edən cəhət isə o idi ki, Aslan müəllimin sözündə-söhbətində, insanlarla ünsiyyətində, hadisələrə yanaşma tərzində, bütün davranışında qəribə bir saflıq, məsumluq, təmizlik və gözəllik vardı. Yaşı 80-ni ötsə də elə bilirdin qarşındakı yeniyetmə bir gəncdi. O gənc ki, hələ həyatın bütün rənglərindən xəbərsiz idi, dolanbaclarından keçməyib, ikiüzlülüklə, xəyanətlə qarşılaşmayıb, arzuların qanadında ağ atın belində çapırdı sanki… Çünki həyatın sərt sınaqlarıyla üzləşsə də, keşməkeşli bir ömür yaşasa da nikbin idi, pozitiv idi, həyatsevər idi, təpədən dırnağa vətənpərvər idi. Onunla söhbətdən hədsiz zövq alırsan, onunla ünsiyyət səni məmnun edir, onunla zamanın necə keçdiyindən xəbərin belə olmur, onunla tanışlıq sənə ən maraqlı müsahibini tapmış kimi gəlir. Bəli, mübaliğədən uzaq olsa da, bu beləydi. Yaxşı insanlarla canlı-canlı görüşüb eyni havanı udmaq, eyni fikirdə olduğunu fərq etmək, ondan həyat dərsi almaq, gələcək nəsillərə nümunə ötürmək kimi bir şansa malik olmaq nə gözəlmiş.
Nəsibov Aslan Yunis oğlu 1931-ci il noyabrın 10-da Oğuz rayununun Kərimli kəndində anadan olub. Valideynlərini erkən itirdiyindən uşaq evində tərbiyə almış və öz həyat yolunu demək olar ki, özü cızıb.
Bakı Elektrik Maşınqayırma zavodunda çilingər kimi işə başlayan Aslan müəllimin təqaüd yaşına çatanda əmək kitabşasının səhifələri daha da artıb və sanballı olub. Yalnız əmək kitabşası deyil, həyat təcrübəsi də vərəq-vərəq çoxalıb və sonda mükəmməl bir ömür tablosu yaradıb. Və bu tablonu bütün rəng çalarlarıyla, olduğu kimi təsvir edə bilsəm nə xoş mənə.
Aslan müəllim həyatı boyunca bir çox ilkə imza atan və bu ilklərlə özünü kamil bir insan kimi doğruldan el ağsaqqalıdır. İlk addım atmaq, həm də bu addımın bütün riskini göz önünə alaraq, ağıl və məntiqlə axıracan getmək və istəyinə çatmaq. Aslan müəllimin həyad devizi bu olub.
Azərbaycanda ilk şagird sovxozu məhz Aslan müəllimin təşəbbüsü və yaxından köməkliyi ilə Tovuz rayonunun Bozalqanlı kəndinin Nizami adına sovxozunda yaradılıb. Belə xatırlayır: “Maşınla Tovuzun ərazisini gəzirdik. Radioda eşitdim ki, Rusiyanın vilayətlərinin birində şagird sovxozu təşkil edilib. Həmən ağlımdan keşdi ki, bizdə nədən olmasın? Üçüncü katiblə bu barədə danışdım. Respublika səviyyəsində tanınan, biliyinə, təcrübəsinə və pedaqoji fəaliyyətinə hamının qibtə etdiyi kimya müəllimi Məhər Quliyevin sinfinə getdim və 8-ci sinfin ən əlaşı şagirdlərdən olan Eldar Əli oğlu Quliyevi sovxoza direktor təyin etdim. 52 hektar üzüm sahəsi, 20 hektar qarğıdalı, 60 baş mal-qara və sair. Sovxozda Qırmızı güşə düzəltdirdik, radio, televiziya cihazları, jurnal-qəzet, stolüstü oyunlar, yeməkxana sovxoza cəlb olunmuş 100 şagirdin istifadəsinə verilmişdi. Aqronom, zootexnik cəlb olundu. Şagirdlər ilin sonunda yüksək göstəricilərə nail oldular. Və bir neçə il bu ənənə davam etdirildi. Şagirdlərin bu uğurundan nəinki respublika mətbuatı, hətta keçmiş sovetlər ittifağının ən nüfuzlu nəşrlərindən olan “Pravda”, “İzvestiya”, “Komsomolskiy Pravda” qəzetləri də yazdılar. Hazırda həmin əlaşı oğlan Eldar Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda çalışır və elmlər namizədidir”. Aslan müəllim elə bil doğma övladının müvəffəqiyyətindən danışırdı. Fəxrlə, qürurla… Əslində onun təşəbbüsü və dəstəyi ilə həyata keşirilən hər layihədə, burda çalışan hər bir insanın üzərində Aslan müəllimin bir böyük kimi ata haqqı vardı.
İkinci ilk isə aşıq sənətinin görkəmli nümayəndələrindən olan Hüseyn Bozalqanlı adına “Ozan aşıq sənəti müzeyi”nin yaradılması idi. Aslan müəllimin yaddaşından: “Nizami adına sovxozda açıq məktub günü keçirirdik. Kənd camaatının arasından bir nəfər Hüseyn Bozalqanlı ev-muzeyinin yaradılması təşəbbüslə çıxış etdi və mən ən qısa zamanda bu arzunu reallaşdıracağıma söz verdim. Çünki bu fikir məni çox cəlb etmişdi. Əlaqədar təşkilatlarla xeyli yazışmalardan sonra icazə alındı və bu işi yüksək səviyyədə başa çatdırdıq”. Bu muzey Şərqdə ilk dəfə yaradılmış sənət abidəsi idi.
Çoxlarına qəribə gəlsə də, Aslan müəllim yaşını və doğum gününü də özü təyin etmiş insanlardandır. Taleyin yazısımı deyək, ironiyasımı sayaq…bilmirəm, amma bu, gerşəkdən də belə olmuşdur. Daha bir xatirə: “Ailədə 4 qardaş və 1 bacı idik. Valideynlərim müharibə illərində dalbadal vəfat etmişdi. Müharibə təzəcə bitmişdi. 1946-cı il idi. Maarif nazirliyindən internata məktub gəlmişdi ki, 13 yaşı tamam olmuş yetim uşaqları paytaxtın peşə məktəblərinə yazacaqlar. Mənim isə 11 yaşım vardı. Zəif, çəlimsiz bir uşaq idim. Həkim komissiyasında məni sorğu-sual etdilər. Çox kiçik olduğumu söylədilər. Mən isə boyum balaca olsa da, israrla yaşımın çox olduğu söylədim. 4 yaş böyütmüşdüm özümü. Çünki oxumaq istəyirdim, şəhərə gedib həyatımı dəyişmək istəyirdim. O anda yeganə qurtuluş yolumu bunda görürdüm. Xoşbəxtlikdən Montin qəsəbəsindəki 2 saylı sənət məktəbində təhsil almaq şansımı qaçırmadım”.
Aslan müəllimin gözləri dola-dola xatırladığı bir hadisə də onun doğum günü ilə bağlıdır. Noyabr ayının 9-u idi, – deyir Aslan müəllim. İş yoldaşım sevincək dedi ki, mənim ad günümdür, təbrik etsəniz. Sonra da soruşdu: Ay Aslan, bəs sənin ad günün nə zamandı? Çox hazırcavab olduğumdan ağlıma gələn ilk fikri söylədim ona: Mənimki də sabahdı. Yəni noyabrın 10-da. Həmin gündən etibarən yeni doğum günüm də bəlli oldu. Günü bu günədək Aslan müəllimin ad günü noyabrın 10-da qeyd edilir.
A.Nəsibov mayası halallıqla yoğrulmuş, haqqın və ədalətin, düzlüyün uca tutularaq hörmət olunduğu bir ailədə dünyaya gəldiyindən ta uşaq yaşlarından bu yöndə köklənmişdi. Yalandan uzaq, həqiqətə söykənərək böyüdü və bütün faydalı ömrü boyu beləcə də qaldı. Dəyişmədi və dəyişmək də istəmədi. Onu əqidəsindən döndərməyə çalışanlara da sərt cavab verdi və sarsılmazlığını, mübarizliyini, sözünün ağası və əməlinin sahibi olduğunu bir daha sübut etdi.
Əsgəri xidmətini Naxçıvanın sərhəd zastavasında çəkib. Özü də 3 il. Və burda da nümunə ola bilib. Hərbi hissənin komsomol təşkilat katibi, Naxçıvan vilayət komsomol təşkilatının konfransına nümayəndə, partiya sıralarına üzv seçilən Aslanın mərd, mübariz, prinsipial və qətiyyətli olması ona bəslənən ümidləri birə-on artırırdı. Elə məhz buna görə də, xidmət etdiyi hərbi hissənin yerləşdiyi Şahtaxtlı kəndinin sakinləri Aslan Nəsibovu Naxşıvan MSSR-in Ali Sovetinə deputatlığa namızəd irəli sürdülər. Bu, gənc bir əsgərə göstərilən böyük etimad idi. Aslan xoş gələcəyinin bu günkü əzmkarlığından və zəhmətsevərliyindən, vətənpərvərliyindən və möhkəm əqidəsindən bəhrələnəcəyini sövq-təbii hiss edirdi. Sanki taleyindən kəm qalmış çatışmazlıqları, əyrintiləri zərrə-zərrə toplayıb bütöv tam halına gətirmək üçün dünyaya gəlmişdi. Məramını, məqsədini aydın bilirdi. Bunun üçün də kiçicik bir səhvə belə yol verməməyə çalışır, hər işini mükəmməl görürdü.
Sadə bir ailədə doğulub. Xaraktercə də sadə və təkəbbürsüzdü. Mərhəmətlidi, yanımcıldı. Ömrü boyu yüksək vəzifələrdə çalışsa da, respublikanın rəhbərliyində təmsil olunsa da bütün varlığıyla, qəlbiylə sadə insanların yanındaydı, onların arzu və istəklərinin həlli işinin qayəsini təşkil edirdi. Kabinetinin qapısı sadə insanlara, kənd zəhmətkeşlərinə açıq idi. Amma bununla kifayətlənməzdi ki… Səhərdən qaş qaralanadək kəndbəkənd gəzər, əhalinin işərisində olardı. Şikayətləri, istəkləri insanların özlərindən eşidər və ən qısa zamanda həllinə çalışardı. Onun aləmində məmurla sadə əhali arasında hasar olmamalı, vəzifə sahibi məhz insanların rifahı və xoş güzəranı üçün kreslosunda oturduğunu bilməlidir.
Söz düşəndə də deyir ki, bizə idarəçiliyi, insanlarla dil tapmaq bacarığını o zamanlar respublikaya rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev öz genişmiqyaslı və məzmunlu, dolğun və əhatəli fəaliyyəti ilə təlqin edib. Biz dövlətçiliyə xidmətdə qazandığımız hər bir uğura və nümunəvi işə görə məhz ulu öndərə minnətdar olmalıyıq. Xatirələrində belə bir məqam da var: “1981- ci ildə Ağsu rayonunda respublikanın rəhbər işçilərinin və fəallarının zona müşavirəsi keçirilirdi. Çıxışımın sonunda ulu öndərimiz Heydər Əliyevi rayon əhalisinin adından Xaçmaza dəvət etdim. Bildirdim ki, xaşmazlılar rəhbərlərini gördükdə çox sevinəcəklər. Orda mənə söz verdi və bir-iki ay sonra vədinə əməl edərək Xaçmaza gəldi. Rayun əhalisi rəhbəri o qədər böyük coşqu ilə qarşıladı ki… Baxın, beləcə biz rəhbərliyi, insanlarla davranışı, vəzifə borcumuzu necə yerinə yetirməyimizi, sadə insanlarla onların öz dillərində danışmağı ulu öndərimizdən öyrəndik”.
Aslan müəllimin çilingərliklə başlayan əmək yolu daha sonra təlimatçı, şöbə müdiri, idarə rəisi, birinci katib… 26 yaşından etibarən partiya sovet orqanlarında əmək fəaliyyətini davam etdirən bu işgüzar insan təqaüdə çıxana qədər müxtəlif vəzifələrdə vicdanla və qətiyyətlə çalışmış, dövlətçiliyimizin mənafeyini müdafiə etmək və qüdrətini daha da möhkəmləndirmək istiqamətində güc və qüvvəsini əsirgəməyib.
1972-1988-ci illərdə Aslan müəllim Dəvəçi (Şabran), Xaçmaz və Tovuz rayonlarında partiya komitəsinin birinci katibi olub. Düz 16 il. Respublikanın üç nəhəng rayonunda fasiləsiz rəhbər vəzifədə çalışmaq, olduqca çətin və məsuliyyətli, həm də şərəfli və güvənli bir vəzifədə, göz qabağında olan bir işdə nümunəvi çalışmaq insandan nələr tələb edir, nələrə qatlaşmağı öyrədir…onu Aslan müəllim çox gözəl bilir. Amma bir dəfə də olsun dilinə gətirmir. Dövlətçiliyimiizi qorumaq, dövlətimizin bel sütunlarının daha da möhkəmlənməsində əmək sərf etmək…özü də ürəkdən, sevərək bu işi görmək hər bir vicdanlı vətəndaşın ümdə borclarındandır, – deyir. Dəvəçi rayonundakı magistral yolun üstündəki dağda salınmış küknar meşəsini Aslan müəllimin adıyla bağlayırlar. Bu çılpaq, daş-kəsəkli dağın döşündən zirvəsinədək səliqə ilə əkilmiş ağaclar indi böyüyərək kiçik meşəni xatırladır. Aslan müəllim isə bu fakta dəqiqlik gətirərək təvazökarlıqla: “Bu işi görkəmli akademikimiz Həsən Əliyev başlatmışdı. Mən sadəcə yarımçıq qalmış işi tamamlamışam, o qədər də böyütməyin”-deyir.
Əslində Aslan müəllimin həyatının hər anı maraqlı və dəyərlidir, bir dastandır desək az olar. Amma nəzəri cəlb edən ən önəmli nüans odur ki, bu həyat yalandan, riyadan uzaq, başdan ayağa halallıqla yoğrulmuş, zəhmətlə bələnmiş bir ömürdür. O, tutduğu vəzifənin məsuliyyəti və gərəkliliyi üzündən iş yerlərini dəyişsə də, sabit qalan onun xarakteri, həyat tərzi, sərt və ciddi iş rejimi oldu. Həmişə olduğu kimi, yenə də partiya və hökumətin qərar və göstərişləri onun üçün ən önəmli idi. Onun həyat devizi belə idi: “İnsan gərək işində saxtakarlığa yol verməsin”. Ədalət, dürüstlük, prinsipiallıq, mübarizlik. Doğrudur, o, dövlətçiliyə bəslədiyi sonsuz sədaqəti, inamı, zəhmətsevərliyi, mərhəməti, sadə insanlara hörməti, əməyə sevgisi və digər insani xüsusiyyətlərinə görə dövlət tərəfindən yetərincə mükafatlandırılıb. Belə ki, o zamankı AKP-nin 3 qurultayında Mərkəzi Komitənin üzvü seçilib. 1955-ci ildə keçmiş Naxçıvan MSSR Ali Sovetinin, 1951-ci ildə Keşlə, 1967-ci ildə Nərimanov rayon sovetlərinin, 1972-1991-ci illərdə IX, X, XI çağırış Azərbaycan SSR Ali Sovetinin, 1973-1991-ci illərdə Dəvəçi, Xaçmaz və Tovuz rayonlarının Xalq Deputatları Sovetinin deputatı seçilib. 1976-cı ildə is keçmiş Sov.İKP-nin XXV qurultayının nümayəndəsi olub. Deputatı olduğu ərazilərin əhalisi yaxşı bilir ki, Aslan müəllim onlar üçün nələr etmişdir. Günü bu günədək həmin rayonların və kəndlərin camaatı onu böyükləri kimi, ağsaqqalları kimi xatırlayır və qəbul edirlər. Onlar xeyir işlərini ağsaqqalsız etməzlər. Məclislərinin başında Aslan müəllimi görməkdən çox məmnun olurlar. Təbii ki, bu münasibət qarşılıqlıdır. Onlar Aslan müəllimə böyükləri kimi, ailələrinin başçıları kimi hörmət edir və yanaşırlar.
Və Aslan müəllimin gərgin və dolğun əməyinin təltifləri: Lenin, “Oktyabr İnqilabı”, “Şərəf nişanı” ordenləri və “Əməkdə fərqlənməyə görə” medalı, həmçinin Azərbaycan SSR və Naxçıvan MSSR-in Ali Soveti Rəyasət heyətinin üç Fəxri Fərmanı. Bu gün fəxrlə deyir ki, bu mükafatların hamısını mənə ulu öndərimiz Heydər Əliyev verib.
Aslan müəllim həm də imanlı, inanclı bir adamdır. “Quran” onun masaüstü kitabıdır və onu təkrar-təkrar, həm də sevə-sevə mütaliə etməkdən, təbliğindən doymur. “Bu nüqəddəs kitab insanı sanki süzgəcdən keçirərək təmizləyir və saflaşdırır” ,- deyir.
O həm də partiya sovet sistemində və birinci katib işlədiyi rayonlarda insanların ona bəslədikləri hörmət, diqqət, minnətdarlıq və sevgini onun şəxsiyyətinə və halal əməyinə, dolğun və məzmunlu fəaliyyətinə verilmiş ən böyük qiymət və dəyər kimi qəbul edir. Daim əhali arasında olduğundan insanlarla dil tapmağı, onlara xarakterlərinə görə yanaşmağı, psixologiyasına uyğun münasibət göstərməyi, daxili aləmlərinə nüfuz etməyi çox yaxşı bilirdi. Ona görə də Aslan müəllimi insan bilicisi, həm də el ağsaqqalı sayırdılar. Elə indinin özündə də belədir.
Tutduğu mötəbər vəzifələr və uzun illər çalışdığı məsul işlər onu həm insan psixoloqu etmiş, həm də ona yüzlərlə dost qazandırıb. Necə deyərlər, kiminlə dostluq etməyi, kiminlə fikir və düşüncələrini paylaşmağı çox gözəl bilirdi. Onlardan biri də uzun illər Mərkəzi Komitədə, partiya sovet orqanlarında məsul vəzifələrdə çalışmış, respublikanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən, Mərkəzi Komitədə, Zaqatala rayon Partiya Komitəsinin birinci katibi işləmiş, respublikanın ən nüfuzlu mətbu orqanlarından olan “Kommunist” qəzetinin redaktoru, universitetin jurnalistika fakültəsinin müəllimi Rəşid Mahmudov idi. Çox yaxın dost idilər. Aslan müəllim deyir ki, R.Mahmudovun peşəsindənmi irəli gəlirdi, yoxsa hər yazılan ömrün sabah tarixə çevriləcəyini sövq-təbii hiss etdiyindənmi, bilmirəm, hər dəfə mənimlə görüşəndə israrla deyirdi ki, sənin həyatın, yaşadığın mənalı və şərəfli ömür əsl dastanlara layiqdi. Gördüyün işləri, vətənə etdiyin xidmətləri topla bir yerə və kitab halında çap etdir. Bizdən sonra gələn nəsillərə çox gərək olacaq bu cür kitablar. Və beləcə hər dəfə zəngləşəndə məndən təkidlə soruşdu ki, kitaba başladınmı, vəziyyət nə yerdədir. Ona söz verdim və yaddaşımı bir daha vərəqlədim. Onu da qeyd edim ki, Aslan müəllim son dərəcə səliqəli və nizamlı bir insandı. Ömrünün müxtəlif məqamlarını xatırladan, vəzifə pillələrində onu yüksəldən bütün əmr və təltifləri, xidməti sənədləri qoruyub saxlayaraq özünə arxıv yaradıb.
Əlbəttə bu işdə Aslan müəllimə sevimli qardaşı qızı, bütün həyatını demək olar ki, əmisinə qayğı və diqqətə həsr etmiş, ailə səadətini belə onun rahat və sağlıqlı yaşamına qurban vermiş, bütün qəlbiylə, varlığıyla onun kimi dəyərli və qiymətli bir şəxsiyyətə bağlı olan səmimi və mehriban İradə xanım yardımçı oldu. Baş-başa verdilər və gözəl bir xatirə toplusunu araya-ərsəyə gətirdilər. Bu ailə ilə yaxın dostluq əlaqələri olan istedadlı jurnalist Züleyxa Nadir isə bu kitabə ətə-qana gətirdi. Sonda “Bir ömrün işığı” adlı mükəmməl bir kitab ortaya şıxdı. Və bu kitab Aslan müəllimin həyatına işıq sala bildi.
Aslan müəllim həm də gözəl ailə başçısıdır. Gənclik çağlarında sevib-seçdiyi ismətli və tərbiyəli ailədən olan Məsməxanımla ailə qurub və uzun illər şad və məsud yaşayıblar. Bu evliliyin bəhrəsi olan 2 övlad: Yunis və Lalə, 4 nəvə Sevinc, Elçin, Aslan, Anar və 2 nəticə. Lalə Tibb Universitetində ingilis dilindən dərs deyir. Yunis keçmiş polis zabitidir. Kürəkəni Qubad uzun illər milli təhlükəsizlik sistemində çalışıb, indi təqaüddədir, gəlini Şərqiyyə isə müəllimədir. Bunlar da Aslan müəllimin ailə barı, ailə meyvələridir.
PS: Məqalənin əvvəlində belə bir cümlə yazmışdım: Doğum gününü özü təyin etmiş adam. Sabah noyabrın 10-da həmin böyük kişinin ad günüdür. Təbrik edirik gözəl insan, onu tanıyanların qəlbində özünə əbədi bir məskən quran, ətrafındakılara içərisindəki işıq selindən gen-bol nur saçan, pozitiv enerji paylayan ən maraqlı müsahib, dost, sirdaş, həmsöhbət…
Dünya yaxşılardan xali deyil…
Əntiqə QONAQ,
əməkdar jurnalist