“44 gündə olduğu kimi, “Dəmir Yumruq” yenə də öz yerində, öz gücündədir, “Domokl qılıncı” tək cəmi düşmənlərin başı üzərindədir”-JALƏ ƏLİYEVA YAZIR – (İKİNCİ YAZI)

Daha bir həftə, daha üç Hadisə, daha üç Tarix!

(İKİNCİ YAZI)

***

İkinci hadisə-QARABAĞDA YANDIRILAN BAYRAM TONQALI, QARABAĞIN NÖVBƏTİ FƏTHİ, NÖVBƏTİ ZƏFƏRİMİZ!

27-28 ildən sonra işğaldan azad edilən torpaqlarımızda, yurd yerlərimizdə, can Qarabağımızda yenə də Qələbələr, Zəfərlər, Tarixlər yazılır, qazanılır.

Bir deyil, iki deyil, beş deyil, on deyil.

Bəli, növbəti Qələbə, növbəti Zəfər, növbəti Tarix yazılır və yazıldı, özü də xalqımız, dövlətimiz üçün ən əlamətdar günlərdə, İlaxır çərşənbə, Novruz bayramı günlərində.

Qarabağımıza, Füzulimizə, Hadrutumuza, Şuşamıza növbəti-beşinci səfərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız ailə üzvləri-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birlikdə son 28 ildə Şuşamızda, bütövlükdə Qarabağmızda ilk bayram, Novruz tonqalını yandırdılar, qaladılar.

Bu, adi bayram tonqalı deyildi, bu, qəlblərdə, könüllərdə yenidən alovlandırılan yurd, Vətən sevgisi, düşmənin və onun havadarlarının kinli köksünə basılan, damğalanan növbəti dağ idi.

Bu, düşmənə növbəti zərbə, növbəti gözdağı, növbəti Qələbənin, növbəti Zəfərin elanı, müjdəsi, təntənəsi, nümayiş idi.

Hər kəsə və hər kəsə Qarabağın Azərbaycan aid olduğunun, ondan ayrılmazlığın, ondan qopmağın və qoparılmağın qeyri-mümkünlüyünün bəyanı, xəbərdarlığı idi.

Bəli, biz Qarabağlıyıq, biz Qarabağdayıq, biz dağlı-aranlı Qarabağlı-vahid Azərbaycanlıyıq.

Kimsə bir daha murdar əlləri ilə bizi Qarabağımızdan ayıra, qopara bilməz və bilməyəcək.

44 gündə olduğu kimi, “Dəmir Yumruq” yenə də öz yerində, öz gücündədir, “Domokl qılıncı” tək cəmi düşmənlərin başı üzərindədir.

Ali Baş Komandanın dediyi kimi, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir.

“2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi”-deyən Ali Baş Komandanımız bir daha bəyan etdi ki, bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi.

Bəli, hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi.

28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik. Biz Şuşanı, digər yurd yerlərimizi bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə də start verilib. Quruculuq işləri başlayıb, infrastruktur layihələrinə start verilib. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır.

Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır. Ölkə Prezidentinin tapşırıqlarını nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq.

Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır.

Eyni zamanda, bizim müharibəmiz – İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir.

Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik.

Erməni ordusu yoxdur, biz onu məhv etmişik.

Və qürur hissi ilə deyirik:

“Şuşa sən azadsan!”,

“Şuşa Azərbaycandır!”,

“Qarabağ Azərbaycandır!”

Azadlığın, bayramın mübarək, can Azərbaycanım!

Səninik, səninləyik, səndən ayrı bir günümüz ola bilməz!

(Davamı olacaq)

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Qaxda qanunsuz ov edən əcnəbilər-CƏRİMƏLƏNDİ…

Read Next

“Dünya buna reaksiya verdimi?”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir