46 mənzilin və 3 obyektin icazəsiz sökülməsi ilə əlaqədar cinayət işi başlandı – RƏSMİ

İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkarlanan korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirləri davam etdirir.

Hər iki qurumun mətbuat xidmətlərinin Etikxeber.az-a daxil olan birgə məlumatında bildirilir ki, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla həmin ünvanda mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 mənzilin və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilib. Bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin həmin qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən olunduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə həmin qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

Etikxeber.az

 

Read Previous

Şərqşünaslıq İnstitutunda Ziya Bünyadovun barelyefinin açılışı oldu… – FOTOLAR

Read Next

YAP-çılar beynəlxalq təşkilatları ittiham etdilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir