6-cı çağırış MM-in ilk payız sessiyası-SAHİBƏ QAFAROVA İKİ DEPUTATI TƏBRİK, QÜDRƏT HƏSƏNQULİYEV QAPALI İCLASIN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİ, DEPUTATLAR İNTERNET TARİFLƏRİNDƏN, DİSTANT TƏHSİLDƏN ŞİKAYƏTLƏNDİLƏR… -YENİLƏNİB – (11)

Bu gün saat 10:00-da 6-cı çağırış Milli Məclisin (MM) ilk payız sessiyası öz işinə başlayacaq.

Etikxeber.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçiriləcək payız sessiyası dövlət himninin səslənməsi və oxunması ilə öz işinə start verəcək.

İclasda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına həlak olan Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Sessiyanın ilk plenar iclasının gündəliyinə 22 məsələ daxil edilib.

həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik  işləri planı haqqında.

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında.

3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.

4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının  yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

14. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

15. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsində,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

21. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

22. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Qeyd edək ki, iclasının gündəliyinə “Milli Məclisin Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında” məsələ daxil edilib.

Qanun layihəsində Eldar Allahyar oğlu Quliyevin Milli Məclisin Hesablayıcı Komissiyasının üzvü seçilməsi təklif edilir.

Xatırladaq ki, E. Quliyev 2-ci çağırışdan MM-də təmsil olunur.

Bununla belə, ilk plenar iclasda Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbəri seçiləcək.

Bu vəzifəyə yeni millət vəkili Fatma Yıldırım təklif olunur.

İclasda 120 millət vəkili iştirak edəcək.

Qeyd edək ki, MM-də 5 deputat yeri boşdur.

4 yerə təkrar seçkilər hələ də keçirilməyib.

MM-in Hesablayacı komissiyasının sədri– mərhum Fəttah Heydərov isə bu ilin yayında dünyasını dəyişib və onun da parlamentdəki yeri (həmçinin, Hesablayıcı komissiyasının sədri vəzifəsinə hələlik heç kim seçilməyib) boşdur.

Deputatlar yenə sessiyaya-iclasa tibbi maskalardan və əlcəklərdən istifadə etməklə, iki metrlik sosial məsafəni gözləməklə qatılacaqlar.

Dünyada büdcə sessiyası kimi tanınan payız sessiyası dekabrın son günlərində öz işini başa vuracaq.

***

Sessiya dövlət himninin oxunması və səslənməsi ilə öz işinə start verib.

İclası spiker S. Qafarova aparır.

11:02

***

“Prezidentin də dediyi kimi bizim uğurlu əkshücum əməliyyatımız 30 illik işğala son qoyacaq”.

 Bunu S. Qafarova deyib.

Onun sözlərinə görə, məsələ elə həll edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun:

“Düşmənin təxribatı barəsində doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü açmaq üçün parlamentin də səlahiyyətlərindən istifadə edilir. Türkiyə TBMM, Pakistan parlamentinin sədri, ATƏT-in Parlament Assamblyesının sədri ilə telefonla danışmışam, Türkiyənin TRT kanalına canlı müsahibə vermişəm. Ermənilərin törətdiyi təxribat, azərbaycanlılara, mülki əhaliyə qarşı hücumları barədə məlumat vermişəm. Baş verənlərə görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını demişəm. Bu günlərdə TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat verib və Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Eləcə də İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən işçi qrupları da bizi dəstəklədiyi üçün təşəkkür məktubu göndərmişəm. Bu gün Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”.

11:14

***

“Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatıb”-deyən spiker sonra bildirib ki, Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası qeydiyyata alınıb:

“Bu münasibətlə partiya təmsilçilərini təbrik edirəm”.

11:21

***

“Oktyabrın 1-dən İctimai TV-də həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıran 45 dəqiqəlik veriliş yayımlanacaq”-deyən MM sədri bildirib ki, həmçinin parlamentdə işə qəbulla bağlı da ilk dəfə komissiya yaradılıb:

“Milli Məclisin İşlər İdarəsində yardımçı vəzifələrdə çalışan əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Eyni zamanda, Milli Məclisin Aparatında nöqsanların araşdırılması və aşkara çıxarılması üçün Milli Məclisin katibliyində icraya nəzarət komissiyası yaradılıb. Əmək müqaviləsi əsasında müqavilə gözləyən əməkdaşlarımızın sayı İşlər idarəsində 23 nəfərdən 2 nəfərə, Aparatda 8-dən 3-ə endirilib. 65 yaşına çatmış əməkdaşların razılıq ərizələri alınıb, onlarla əmək müqaviləsi bir müddətlik uzadılıb. Nazirlər Kabinetinin 120 saylı qərarına uyğun olaraq, minik avtomibilləri üçün yürüş hədləri müəyyən edilib. Eyni zamanda, ezamiyyətlər üçün xüsusi qrafik hazırlanıb”.

***

İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik  işləri planı haqqında məsələ təsdiqlənib.

Eyni zamanda, E. Quliyev Hesablayıcı komissiyanın üzvü, F. Yıldırım isə Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbəri seçilib.

11:41

***

“Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əks-hücum əməliyyatlarına başlayıb”.

Bunu deputat Qüdrət Həsənquliyev deyib.

O, Xarici İşlər, Müdafiə nazirliklərinin nümayəndələrinin MM-ə dəvət olunmasını və qapalı iclas keçirilməsini təklif edib:

“Milli Məclis proseslərdən kənar qalmasın, fikir mübadiləsi aparılsın. Narahat olduğum digər məsələ Ermənistan tərəfindən Türkiyənin də hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığı xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük. Bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Buna görə də Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Digər tərəfdən Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənistan neçə illərdir bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”.

S. Qafarova hərbi vəziyyətlə əlaqədar iclasın qapalı keçirilməsinin nə qədər düzgün olacağını düşünmədiyini bildirib.

11:50

***

“Azərbaycanda dəmiryolunun yaranması ili kimi 1888-ci il qeyd olunur. Sonrakı dövrlərdə Azərbaycanda dəmiryolu nəqliyyatı inkişaf edib”.

Bunu Birinci vitse-spiker Əli Hüseynli deyib.

O, bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın bütün ərazisində dəmir yolunun inkişafına xüsusi önəm verib:

“Təəssüflər olsun ki, Azərbaycan ərazisi müstəqilliyimizin ilk illərində işğal olunarkən Naxçıvan ərazisinə gedən dəmir yolu xətti ziyan görüb. Heç şübhəsiz ki, Ordumuz tərəfindən həyata keçirilən əməliyyatlarla işğalda olan rayonlarımız da azad olunacaq və burada olan dəmir yolu xətləri yenidən qurulacaq. Azərbaycanın dəmir yolları ilə bağlı medalın təsis edilməsi bu sahədə çalışanlara stimul olacaq”.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq yubiley medalı təsis edilir. Bu, iclasda müzakirəyə çıxarılan “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının  yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər,habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək.

12:17

***

MM-in komitə sədrinin müavini Məlahət İbrahimqızı isə cəbhə və sərhədyanı bölgələrin sakinlərinin statusu ilə bağlı qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi təklifi ilə çıxış edib.

Qeyd edib ki, son 32 ildə, o cümlədən, ayın 27-dən bu yana həmin bölgələrin, o cümlədən, Tərtər rayonunun sakinləri böyük qəhrəmanlıqlar, igidliklər göstəririlər:

“Ona görə də həmin bölgələrin sakinlərinin statusu ilə bağlı hansısa formada qanunvericiliyə düzəlişlər edilməlidir. Mənim xahişim bundan ibarətdir”.

12:44

***

“Bu gün Azərbaycanda kifayət qədər məktəb tikilib”-deyən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, məktəblərin əksəriyyətində 1-ci sinfə qəbul zamanı uşaqdan imtahan götürülür:

“Burada verilən sualların yanında ali məktəblərə qəbul imtahanlarında verilən suallar yalandır. Uşaq məktəbə, 1-ci sinfə təhsil almağa gəlir. Bu uşaq suallara haradan cavab versin? Əksər məktəbdə belədir. Ərazidə yaşayan vətəndaşların uşaqlarını həmin məktəblərə götürmürlər. Bunu da onunla əlaqələndirirlər ki, məktəbin səviyyəsi aşağı düşəcək. Məktəbləri tikib, istifadəyə veriblər. Oradakıların vəzifəsi uşaqları öyrətməkdəir. Digər tərəfdən artıq uşaqlara “çantadaşıyan” tuturlar. 12 kq-lıq çantanı uşaq necə götürsün?! Həmçinin pullu təhsil sistemində pulun haralara getdiyi açıqlanmalıdır. Şəffaflıq təmin olunmalıdır”.

***

“Artıq mövcud vəziyyətlə əlaqədar distant təhsilə keçilib. Amma bunun üçün bəzi çatışmazlıqlar var. Məsələn, internet tarifləri çox yüksəkdir”.

Bunu da deputat Ceyhun Məmmədov deyib.

Bildirib ki, dərslərə meqabayt vasitəsilə qoşulan şagirdlər var:

“Mövcud tariflər həddindən artıq çox yüksəkdir. Digər tərəfdən ali məktəbə qəbul olunmaq üçün kifayət qədər bal toplaya bilməyən şagirdlərimiz xaricə üz tutur. Xaricdəki universitetlərə yönələn bu uşaqlar təhsillərini bitirib ölkəyə qayıdandan sonra onların diplomu burada tanınmır. Bu problemlər həll olunmalıdır”.

15:30

***

Sonra Əmək  və sosial  siyasət  komitəsinin üzvü  İlham Məmmədov  Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qeyd edib ki,  sənədlər “Təhsil haqqında” qanuna  dəyişiklik edilməsi barədə  12 iyun  2018-ci il tarixli  və “Ümumi təhsil haqqında” 29 mart  2019-cu il tarixli  qanunlara uyğunlaşdırma  məqsədi ilə hazırlanmışdır. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda  edilən  termin və ifadə  dəyişikliklərini nəzərdə  tutur. 

 Deputat  söyləyib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik yuxarıda göstərilən qanunlara uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə isə xitam verilməsi üçün mexanizmləri, o cümlədən bu sahədə işəgötürənlərin məsuliyyətini və bu hala görə əmək müqaviləsinə xitam verilməsi əsaslarını müəyyən edir. 

Sənədlə əlaqədar  Elm və təhsil komitəsinin sədri  Bəxtiyar Əliyev də  fikirlərini bölüşüb. 

Komitə  sədri qeyd  edib ki,  təhsillə bilavasitə bağlı olan bu 5 qanuna  ümumilikdə, 89 dəyişiklik təklif  edilib.

B. Əliyev hazırda ölkədə 65482 nəfər  sağlamlıq  imkanı məhdud uşaq olduğundan, onların təhsili  və gələcəyi ilə bağlı  Heydər  Əliyev Fondunun əsaslı layihələr  həyata  keçirdiyindən söz açıb.

Qanun layihəsi  səsə  qoyularaq, birinci oxunuşda qəbul  edilib.

***

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsini birinci oxunuşda  təqdim  edib.

Komitə  sədri bildirib ki, dünyada insan orqan və toxumalarının donorluğu və transplantasiyası təbabətin yeni sahəsi  olsa da sürətlə inkişaf  edir. 

Ə.Əmiraslanov  qeyd  edib ki, artıq orqan  nəqlinin  insanların ömrünü xeyli uzatdığı  elmə məlumdur.

O, bu sahədəki dünya  təcrübəsindən söhbət  açaraq bildirib ki, Azərbaycanda artıq böyrək, qaraciyər, diz oynaqları  köçürülməsi  əməliyyatları uğurla yerinə yetirilir.  Ölkəmizdə qanunvericilik baxımından  meyit  donordan istifadə  sahəsində müəyyən boşluq olduğundan, ancaq  canlı donordan istifadə olunur ki, bu da əlavə risk yaradır. Komitə  sədri yeni hazırlanan qanun layihəsində  bu sahədəki mühüm məqamların  diqqətlə araşdırıldığını  və nəzərə alındığını vurğulayıb.

Bildirib ki, layihə bütün aidiyyatı  qurumların mütəxəssislərinin iştirakı ilə  ictimai  müzakirədən keçirilib və rəylər  alınıb. Sənəd orqan transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, transplantasiya sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquq və vəzifələrini müəyyən edir, buradan irəli gələn  münasibətləri tənzimləyir. 5 fəsil, 35 maddədən  ibarət sənəddə qanunun tətbiq  dairəsi,  donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən  mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin  uçotu, donorluq  işinin  koordinasiyası, donor  orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı  ehtiva olunub.

 Komitə  sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Qüdrət Həsənquliyev, Sahib Alıyev, Elnur Allahverdiyev, Nigar Arpadarai, İlham Məmmədov qanun layihəsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər. 

Qanun layihəsi  səsə qoyularaq,  birinci oxunuşda  qəbul  edilib.  

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün”-Prezident – İham Əliyevlə Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan-YARALI HƏRBÇİLƏRLƏ GÖRÜŞÜBLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

“Düşmən Tərtər şəhərini və Goranboyu atəşə tutur…”- MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏNİN 2300-DƏK CANLI QÜVVƏSİ MƏHV EDİLİB, DÜŞMƏN QRUPLAŞMASI MÜHASİRƏYƏ ALINIB, NAZİRLİK KÖNÜLLÜLƏRƏ MÜRACİƏT EDİB, ERMƏNİLƏRİN DAHA İKİ TANKI MƏHV EDİLİB, DÜŞMƏNİN AĞDƏRƏDƏKİ QƏRARGAHINA ZƏRBƏ ENDİRİLİB, DÜŞMƏN TABORUNUN BAYRAĞI VƏ SƏNƏDLƏRİ ƏLƏ KEÇİRİLİB – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir