6-cı çağırış MM-in ilk payız (qış) sessiyası nələrlə yadda qaldı? PARLAMENT VƏ SPİKER SAHİBƏ QAFAROVA ÖZ MİSSİYASINI NECƏ YERİNƏ YETİRDİ? – BAXIŞ

Yeni tərkibli 6-cı çağırış Milli Məclis (MM) daha bir, həm də ilk payız (qış) sessiyasını başa vurub, qış tətilinə çıxıb.

Qeyd edək ki, bundan öncə, mart-iyul aylarında 6-cı çağırış MM-in yaz və növbədənkənar sessiyaları keçirilib.

Ümumiyyətlə, hər iki sessiya, həm yaz, həm payız sessiyası həm ölkəmiz, həm də bütövlükdə bölgəmiz, dünyamız üçün çox çətin, çox ağır, çox həssas bir dönəmdə baş tutub, gerçəkləşib.

Belə demək mümkünsə, əvvəlki dönəmlərdən fərqli olaraq, parlament və deputatlar bir növ fövqəladə rejimdə fəaliyyət göstərib.

Belə ki, növbədənkənar parlament seçkiləri nəticəsində formalaşan yeni tərkibli parlament fəaliyyətə başladığı ilk günlərdə, mart ayının əvvəllərində ölkəmiz, dövlətimiz ağır və məsuliyyətli bir mərhələyə daxil olub.

Dünyada yaşanan, “gizli düşmən” kimi qiymətləndirilən koronavirus adlı bəla bizim ölkəmizə də “ayaq” açıb, çağırılmamış qonaq kimi, bizim “qapımızı” da döyüb.

Bu da martın 10-da ilk iclasını (həm də ilk yaz sessiyasını) keçirən 6-cı çağırış MM üçün bəzi problemlər yaradıb, onun iclaslarına təsirini göstərib.

MM-in iclasları canlı şəkildə baş tutsa da, demək olar ki, əksər komitə iclasları onlayn şəkildə keçirilib.

Həmçinin, pandemiya səbəbindən hesabatlarla bağlı iclasların keçirilməsində müəyyən qədər vaxt, tarix dəyişikliyi baş verib.

Bununla belə, parlamentdə həm hökumətin, həm bələdiyyələrin, həm Ombudsmanın, həm İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun və Hesablama Palatasının hesabatları baş tutub.

Bununla yanaşı, parlamentdə əvvəlcədən nəzərdə tutulumuş və qanunvericilik işləri planına daxil edilmiş qanun layihələrinin müzakirəsi və qəbulu mümkün olub.

Eyni zamanda, parlamentdə yeni Baş Prokurorun təyin edilməsinə razılıq verilməsi məsələsinə baxılıb.

Millət vəkilləri Kamran Əliyevin ölkənin yeni Baş prokuroru təyin edilməsinə öz müsbət münasibətlərini ifadə ediblər.

6-cı çağırış MM-in ilk payız sessiyası isə daha məsuliyyətli və həssas dönəmə təsadüf edib.

Belə ki, millət vəkilləri payız sessiyasından 3 gün öncə ilk-xüsusi iclaslarını keçiriblər.

Bu, sentyabrın 27-də, axşam saatlarında baş verib ki, həmin gün işğalçı və təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə əks-hücüm əməliyyatına, İkinci Vətən Müharibəsinə başlamaq əmri verilib.

Və millət vəkilləri, MM də ölkə Prezidentinin döyüş əmrinə, Azərbaycan xalqına müraciətinə cavab olaraq, ölkədə hərbi vəziyyətin elan edilməsi məsələsini təcili müzakirədən keçirib və bununla bağlı qərar layihəsini yekdilliklə qəbul edib.

Sentyabrın 30-da isə 6-cı çağırış MM-in ilk payız sessiyası, sessiyanın ilk plenar iclası keçirilib.

Ötən 3 ay ərzində də MM həm pandemiya, “gizli düşmən”, həm açıq düşmən, Ermənistan ilə aparlan mübarizə-müharibə şəraitində fəaliyyət göstərib.

Sessiyada ümumilikdə 19 iclas keçirilib, 86 qanun və qərar layihəsi qəbul edilib.

Erməni faşistlərinin iç üzünü açmaq üçün həm də parlament diplomatiyasının gücündən istifadə edilib.

500-ə qədər məktub xarici ölkələrin parlamentlərinə göndərilib.

İkinci Vətən Müharibə günlərində, oktyabr ayında qardaş və dost Türkiyənin Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılığı ilə geniş nümayəndə heyətinin parlamentdə, MM-də görüşləri keçirilib.

Mustafa Şentopun plenar iclasda parlamentarilər qarşısında geniş çıxışı olub.

Həmçinin, MM-də Prezident İlham Əliyevə müraciət qəbul edilib, 44 günlük İkinci Qarabağ, İkinci Vətən Müharibəsinin başa çatması münasibətilə ölkə rəhbəri təbrik, Azərbaycan xalqına təşəkkür edilib.

Bundan savayı, parlamentdə (son iclaslarda) 2021-ci ilin büdcə zərfinə daxil olan 9 qanun layihəsinin 3 oxunuşda, həm komitə iclasları, həm də plenar iclaslar səviyyəsində hərtərəfli və geniş müzakirələri baş tutub.

Hökumət üzvlərinin də qatıldığı və çıxışlar etdiyi müzakirələrin sonunda, dekabrın 29-da 2021-ci ilin büdcə zərfi qəbul edilib.

Bundan başqa, ölkədə koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində növbəti addımlar atılıb, İnzibati Xətalar, Vergi məcəllələrinə önəmli dəyişiklikləri nəzərdə tutan qanun layihələri qəbul edilib.

Digər mühüm addımlardan biri kimi, İkinci Vətən Müharibəsinin başa çatması ilə bağlı müharibədə igidlik, qəhrəmanlıq göstərən hərbi qulluqçuların təltif olunması yöndə iki mühüm qanun layihəsinin qəbulu mümkünləşib.

Həmin qanun layihələri ilə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının, o cümlədən, daha 2 orden və 15 medalın təsisi nəzərdə tutulub.

Xüsusilə, sessiyalarda, həm yaz və növbədənkənar sessiyalarda, həm də payız (qış) sessiyasında bütün deputatların çıxışlarına, fikir və irad bildirmələrinə, təkliflərlə çıxış etmələrinə bütün şərait və imkanlar yaradılıb.

MM-in sədri kimi, spiker-professor Sahibə Qafarovanın bu məsələdə rolu isə danılmaz və müstəsnadır.

Həm yaz və növbədənkənar sessiyalarda, həm də payız sessiyasında spiker tərəfindən tam demokratiklik, açıqlıq, şəffaflıq təmin edilib, millət vəkillərinin-mövqeyindən asılı olmayaraq, hər birinə öz fikirlərini, təkliflərini bildirmələri üçün hər çür şərait təmin edilib.

Xüsusilə, yeni, gənc millət vəkillərinə özlərini ifadə, təqdim edə bilmələri üçün MM, spiker Sahibə Qafarova tərəfindən hər cür imkan yaradlıb.

Heç kimin çıxışı yarımçıq dayandırılmayıb-kəsilməyib, əksinə, fikirlərini tam ifadə etmələri üçün əlavə vaxt verilib.

Bəzən sosial şəbəklərdə bəzi istifadəçilər tərəfindən S. Qafarovanın və MM-in ünvanına tənqidlər səslənsə də, bir parlament sədr kimi, S. Qafarova ötən dövrdə öz demokratik idarəçilik qabiliyyəti ilə üzərinə düşən missiyanı yerinə yetirib.

Və ünvanına səslənən ittihamların əsassız və qərəzli olduğunu öz fəaliyyəti ilə sübut edib.

Bir sözlə, spiker ötən dönəmdə ona göstərilən etimadı tam doğruldub, bunu hətta onun rəqibləri də etiraf edir.

Parlament bu gündən qış tətilinə yollanıb, qarşıdan, bir aydan sonra isə MM-in yeni, 2021-ci il yaz sesiyası – buna həm də hesabatlar sessiyası deyilir – gəlir və bu sessiyada da parlamenti gərgin fəaliyyət gözləyir.

Qarşıdakı dönəmdə də parlamentə və parlamentarilərə fəaliyyətlərində uğurlar arzulayırıq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

MM-in payız sessiyasının son iclası- ƏFQANISTANDA SƏFİRLİYİMİZ AÇILIR, SİYAVUŞ NOVRUZOVDAN NÖVBƏTİ İTTİHAMLAR VƏ AMNİSTİYA ÇAĞIRIŞI, FƏZAİL AĞAMALIDAN İSRAİLLƏ BAĞLI TƏKLİF, BAHAR MURADOVANIN İLK HESABATI, SPİKERDƏN VİTSE-SPİKERƏ ETİRAZ – YENİLƏNİB – (7)

Read Next

Daha 1052 yeni yoluxma-DAHA 34 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir