62 yaşı “qara gələn”- “SAMOVAR”I QAYNAMAYAN, TORTU KƏSİLMƏYƏN TATAROV VƏ…

Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə birgə həbs edilən onun 1-ci müavini Ramiz Tatarovun ad günüymüş. 

Etikxeber.az-ın  Lent.az-a istinadən məlumatına görə, Tatarov 62 yaşını təntənəli sürətdə qeyd etməyə hazırlaşırmış.

Məlumata görə, bu gün üçün o, iki böyük tort sifariş etdiribmiş. Birinin üstünə ad gününə işarə olaraq “62” yazılıb və 62 ədəd şam qoyulub, digərinin üstünə isə “Varlığın bizim üçün hədiyyədir” yazılıbmış.

Xatırladaq ki, Ramiz Cahangir oğlu Tatarov 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. O, həbs edilənəcən elə bu kənddə yaşayırdı.

Məlumata görə, Tatarov ad günüylə bağlı böyük ziyafət də təşkil olunacaqmış. Artıq iki gün imiş ki, Ağstafa şəhərini girəcəyində yerləşən və Tatarova məxsus “Samovar” restoranında ziyafət hazırlığı gedirmiş. Bu gün isə ora qapalı olub, işləməyib.

Onu da qeyd edək ki, hələ 5 il əvvəl Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında da bildirilib. Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən rayon İH başçısının birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.

Onu da qeyd edək ki, R. Tatarov həm də  hakim Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatının sədridir.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə mətbuata açıqlamasında söyləyib ki, sözügedən həbs partiyanın imicinə heç bir xələl gətirmir:

“Hər iki şəxsin həbsi göstərir ki, qanun hamıya eyni münasibət göstərir. Qanunu pozan hər kəs öz cəzasını alacaq. Hansı postu tutmasından, hansı vəzifədə olmasından asılı olmayaraq. Mən əksinə, düşünürəm ki, bu hadisə partiyanın nüfuzunu qaldıracaq. Göstərir ki, biz heç kəsin əməlini müdafiə etmək fikrində deyilik. Əgər kimsə hüquq qarşısında cavab verməlidirsə, buyursun, cavabını versin. Əksinə partiya belələrindən xilas olacaq”.

A.Mirzəzadə xatırladıb ki, vaxtilə YAP-ın İdarə Heyətinin üzvü olan, sabiq səhiyyə naziri Əli İnsanov da korrupsiyaya görə həbs edilmişdi:

“YAP Siyasi Şurasının üzvləri olan Fərhad Əliyev, Akif Muradverdiyev də həbs edilmişdi. Bu göstərir ki, partiya ölkənin və partiyanın imicinə zərər gətirə biləcək istənilən adama qarşı qanunun ən sərt formada tətbiq edilməsinin tərəfdarıdır”.

Etikxeber.az

 

Read Previous

ATƏT DTİHB-in missiyası-AZƏRBAYCANDA – YENİLƏNİB

Read Next

Ziya Məmmədovu “satan”-RAMİZ MEHDİYEVƏ “SIĞINAN” İCRA BAŞÇISI HƏBS OLUNDU – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir