“65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər, bu, situasiyadan asılı olacaq”-OPERATİV QƏRARGAH – YENİLƏNİB – (2)

Bakıda restoranların fəaliyyəti qadandır. SMS icazələri qüvvədədir. 65 yaşına qadağa isə bütün ölkədə qüvvədədir.

Etikxeber.az-ın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, mümkündür ki, mayın 11-dən sonra 65 yaşından yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya yenidən baxılsın:

“Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq”.

***

“Türkiyədə təhsil almış 20-yə yaxın soydaşımız olan həkimlərin Bakıda xüsusi rejimli xəstəxanalarda təlimləri tamamlanıb, bu layihə üzrə birinci mərhələ başa çatıb”. 

Bunu isə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı deyib ki, artıq növbəti səfər mayın 3-də Gəncə, Goranboy, Şəmkir və Ağdaş şəhərlərindəki xəstəxanalara olacaq: ”Bu mütəxəssis qrupunun hər birinə mütəxəssislərimiz də cəlb olunub”.
 
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Çağrı Mərkəzinə koronavirus xəstəliyi ilə bağlı 2271, psixoloji dəstəklə bağlı 961, poliklinik xidmətlər üzrə 1209 müraciət daxil olub:

“Gələn həftə ilk modul tipli xəstəxana TƏBİB-ə təhvil veriləcək”.

***

“Dünyada 3 milyondan çox insan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 234 mindən çox insan isə xəstəlikdən vəfat edib”.

Bunu da R. Bayramlı deyib.

O, bildirib ki, bu, problemin hansı sürətlə davam etdiyinin gostəricisidir:

“Dünyadakı prosesləri izləyirik. Ölkəmizdə diaqnostik müayinələr bütün bölgələrdə davam etdirilir. Bu həftə Sumqayıtda avtomatlaşdırılmış laboratoriya quraşdırılıb. Bütün böyük şəhərlər avtomalaşdırılmış laboratoriyalarla təchiz olunub”.

R. Bayramlı qeyd edib ki, əldə edilən əsas meyar erkən müalicəyə cəlb olunmaqdır:

“Bütün diaqnostik imkanlarımız var. Müalicələrə vaxtında başlanılır və süni nəfəs cihazına qoşulmanın qarşısı alınır. Sağalmış şəxslərin plazmasının əldə olunmasına və ağır xəstələrə tətbiqinə başlanılıb. Xüsusi proqramla artıq donorların müayinəsi aparılır. Sabahdan ilkin donorlardan plazmalar alınıb pasportlaşdırılacaq və ağır xəstələrə tətbiq olunacaq”.

***

Sonra “Hər sahəyə aid təlimatlar üzərində çox təfərrüatlı şəkildə işlənilir”-deyən İ. Məmmədov bildirib ki, həmin qaydalar sabah, yaxud yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

R. Bayramlı öz növbəsində qeyd edib ki, mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb.

Daha sonra “Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərin bir otaqda kütləvi şəkildə toplaşaraq tədbir keçirməsi barədə məndə heç bir məlumat yoxdur”-deyən R. Bayramlı bildirib ki, bu məsələ ilə maraqlanacaq: “Əgər həqiqətən onların TƏBİB tərəfindən müəyyənləşdirilən qaydalara riayət etmədiyi üzə çıxarsa, onlar ciddi şəkildə cəzalandırılacaq”.

R. Bayramlı qeyd edib ki, son vaxtlar qaydalara riayət etməyən tibbi müəssisələri barədə tədbirlər görülüb:

“Həkimlərimizin böyük əksəriyyəti bu işdə canla-başla, fədakarcasına xidmət göstərirlər. Təəssüf ki, bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz yanaşanlar da var. Biz onlarla mübarizə aparırıq. Hətta bir tibb müəssisəsinin rəhbəri barədə ölkə başçısına məruzə olunub. Vəzifədən azad edilənlər, barələrində inzibati tənbeh tədbirləri görülənlər də var. Gəncə, Goranboy, Göygöl və digər yerlərdə də bu faktlar olub. Harada qaydalara əməl edilməyəcək, orada ciddi cəza tədbirləri olacaq.

Fədakarcasına iş görülən yerlərdə isə təltiflər olacaq. 27 yanvardan sonrakı dövrdə TƏBİB-ə daxil olan tibb müəssisələrinin tibb işçilərinin bir qrupu pandemiya, bir qrupu isə ölkədəki tibb müəssisələrinin fəaliyyətini normallaşdırmaqla məşğuldurlar. Həm pandemiya ilə bağlı, həm də digər fəaliyyətlə bağlı qüsur görsək, qüsurların aradan qaldırılması üçün onlara şans verəcəyik. O şansdan yararlananlar öz fəaliyyətini davam etdirəcək. Əgər şansdan yararlana bilməsələr, biz onların fəaliyyətinə son qoymalı olacağıq və daha fədakar olanları, bacarıqlıları önə çəkəcəyik”.

Etikxeber.az

Read Previous

“Hamı deputatdır və danışmaq istəyir”-SAHİBƏ QAFAROVADAN İMAMVERDİ İSMAYILOV VƏ QÜDRƏT HƏSƏNQULİYEVƏ CAVAB

Read Next

“Hökumətin, xüsusən iqtisadi blokun diqqətini bu məsələyə çəkdim ki…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir