70 ilin 20-si… – RAFAEL HÜSEYNOV AŞPA-DAN YAZDI

Bu dayandığımız nöqtədə 5 ay, 1 il və daha sonra da dayana bilərik.

Amma “Avropa Evi” adlanan bu binanın üstündəki o “70” yazısı daha orada olmayacaq.

Avropa Şurasının 70 yaşı tamam oldu və Azərbaycan artıq 20-ci ildir ki, 800 milyondan artıq avropalını birləşdirən bu təşkilatdadır.

İlk dəfə Strasburqa rəmzi bir gündə – 2001-ci il yanvarın 19-dan 20-nə keçən gecə uçmuşduq.

Səfər öncəsi Avropa Şurasında Azərbaycanı təmsil edəcək ilk nümayəndə heyətimizi unudulmaz Heydər Əliyev qəbul etmişdi xeyir-duasını, məsləhətlərini, yaxın və uzaq gələcək üçün tapşırılarını vermişdi.

Bir neçə gün sonra o böyük insanla növbəti dəfə artıq Strasburqda görüşmüşdük.

Azərbaycan rəhbəri bu sıralanan bayraqların qatarındakı Azərbaycan bayrağını qaldırmışdı, Parlament Assambleyasında çıxış etmişdi, ilk dəfə bu zalda Azərbaycan dili səslənmişdi, ölkəmiz Avropa Şurasına həqiqi üzv olaraq qəbul edilmişdi.

İlk nümayəndə heyətimizin rəhbəri bu gün Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev idi.

Elə başlanğıcdan necə sağlam təməl qoyuldusa, həmin möhkəm bünövrə yenə köməyimizdir, o ritm həmin gücündə yenə davam etməkdə, o nəbz yenə vurmaqdadır.

Və 70 yaşına çatan Avropa Şurasının həyatındakı son 20 il həm də bizim ömrümüzün vacib bir parçasıdır.

Biz bura birinci dəfə gələndə XXI əsrin ilk günləri idi.

Artıq yeni əsr yaşa dolur, üçüncü onilinin qapısını döyməyə hazırlaşır.

Bu 20 illik dövr qətiyyən sadə olmayan, Azərbaycan naminə mübarizələrlə dolu şərəfli və tarixi bir yoldur.

Dərsləri, ibrətləri olan bir məktəbdir!

Arxada qalan illər ərzində nümayəndə heyətimizin tərkibində dəyişikliklər də olub.

Yalnız ikimiz – professor Səməd Seyidovla mən ilk gündən bu günədək fasiləsiz bu mübariz heyətdəyik.

Vaxtilə nümayəndə heyətimizin tərkibində olub yenə Azərbaycan quruculuğunda fəaliyyətlərini davam etdirənlər də var, yenə Milli Məclisdə olanlar da, həyatdan gedən də, yolunu dəyişən də.

Mən bu gün onları həmin sınaqlı günlərin içərisində təsəvvürümə gətirərək hamısını ehtiramla yad edirəm.

İstisnasız olaraq hamısını!

Çünki bir yerdə olanda hamımız bir amal uğrunda döyüşürdük, eyni xətti tutub gedirdik, eyni hədəfə vururduq, eyni səngərdəydik, sözümüz, əməlimiz bir idi.

Məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək, haqq sözümüzü dünyaya çatdırmaqda bu vacib meydandan səmərəli istifadə etmək, ölkəmizə qarşı yönələn bəd nəfəslərə qarşı qətiyyətlə sinə gərmək idi.

Azərbaycan adına olan bu mübarizələr, dövlətimizi və millətimizi daha da ucalarda etmək naminə bu səylər bitən deyil, səngiyən deyil, dünən vardı, bu gün var, sabah da olacaq və gün ötdükcə daha da qüvvətlənəcək!

…Səmədlə mən 2001-ci ilin yanvar günlərində olduğu kimi yenə həmin səngərdəyik, yenə yol, mübarizə davam edir və bu gün də sıramızda, nümayəndə heyətimizdə dəyərli məsləkdaşlarımız, silahdaşlarımız var.

Bir müddət öncə arxada qalmış 20 ilə sığan yolumuz boyunca Avropa Şurası Parlament Assambleyasında etdiyim çıxışları, hazırladığım sənədləri və məruzələri, müxtəlif vaxtlarda buradakı işlərimizlə bağlı məqalələlrimi sahmana salmağa, bir sapa düzməyə çalışdım və gördüm ki, ayrı-ayrı qeydlərimi, xatirələrimi, təəssürat və düşüncələrimi də əlavə edəndən sonra hərəsi 700-800 səhifə olacaq iki sanballı cild alınır.

Bu kitabı buraxmaq da bir borcdur.

Çünki həmin cildlər həm də burada – Avropa Şurasındakı çalışmalarımızın, ölkəmizin bu mötəbər beynəlxalq qurumda necə çətin, gərgin, mübarizəli sınaqlardan keçərək uğurlara çatmasının tarixidir.

Daha bir sessiyamız başa çatdı.

Yenə həmişəki kimi zəhmətli, iş-güclü, mübarizələrlə müşayiət olunan və zənnimcə, yetərincə uğurlu bir sessiya.

İşimiz həmişəki kimi hər gün 8.30-da başlanırdı, axşam 20.30-da bitirdi.

Və 2001-ci ildəki kimi, 2005-də olan sayaq, 2010-cu ildəki təhər… hər il, hər sessiyada olan tərzdə yenə hər gün Avropa Şurasından Azərbaycanın ötkəm səsi gəlirdi.

O səs buradan və hər yerdən həmişə yüksələcək!

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

“Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb” – SƏFİR

Read Next

Ceyhun Bayramov müəllimləri – TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir