“71 hərbi əsir-məhbus və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədləri qaytarılıb”-AZAY QULİYEV ATƏT PA-DA NÖVBƏTİ ERMƏNİ YALANLARINA CAVABINDA BELƏ DEDİ

Azərbaycan bu günədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.

Etikxeber.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (ATƏT PA) Daimi Komitəsinin iclası zamanı Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ötən ilin noyabr ayında Azərbaycan ərazilərində saxlanılan 62 erməni terrorçusunu hərbi əsir kimi təqdim etməyə cəhd edən Ermənistan nümayəndə heyəti üzvlərinin iddialarına cavab verərkən deyib:

“İlk olaraq erməni həmkarlarıma bir sual ünvanlamaq istərdim: siz əbədi sülhün, yoxsa əbədi müharibənin tərəfindəsiniz? Biz, öz növbəmizdə sülhün tərəfdarlarıyıq.

Qeyd edim ki, ümumilikdə, Azərbaycan bu günədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.

Eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələr, antiterror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışaraq onların da 10 noyabr tarixli üçtərəfli Bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Əslində nə baş verdi?

Həmkarlarıma və bütün Assambleyaya bildirmək istəyirəm ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan antiterror əməliyyatları nəticəsində saxlanılıb.

İlkin dindirmə əsasında məlum olub ki, qrup üzvlərinin hamısı Ermənistan vətəndaşlarıdır (əsasən Şirak vilayətindən).

Bu qrup üçtərəfli Bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan Ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsədilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar.

Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.

Üçtərəfli Bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur.

Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır”.

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyasında həmçinin, erməni nümayəndə heyətinin rəhbəri Hayk Koncaryan növbəti dəfə Azərbaycana böhtan atmağa çalışıb.

Onun Azərbaycanın müharibə vaxtı guya terrorçulardan istifadə olunması haqqında ittihamına da ölkəmizin nümayəndə heyətinin rəhbəri sərt cavab verib.

A. Quliyev deyib:

“Ermənistan axırıncı ölkədir ki, antiterror fəaliyyətindən bəhs edə bilər. Çünki bu dövlət rəsmi şəkildə terroru dəstəkləyən və təşviq edən ölkədir. Ermənistan Azərbaycanda çoxlu sayda terror aktı törədib, indi isə Azərbaycana qarşı yalan məlumatlar yaymaqla məşğuldur.

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt terrorçuları hərbi əməliyyatlara cəlb etməyib. Buna heç vaxt ehtiyac olmayıb və bu barədə heç bir sübut da yoxdur. Ancaq Ermənistanın müharibə vaxtı Azərbaycana qarşı çoxlu sayda muzdluları cəlb etməsi bir faktdır və bununla bağlı kifayət qədər sübutlar var. Lakin Ermənistan döyüş meydanında ağır şəkildə məğlub olduqdan sonra ölkəmiz haqqında bu cür əsassız şayiələr yaymağa başladı.

Bildirmək istəyirəm ki, bu yalanlar Ermənistana heç bir fayda gətirməyəcək. Mən ATƏT PA-nın müvafiq qurumlarını Ermənistanın bu qanunsuz hərəkətlərinə qiymət verməyə çağırıram. Ermənistan nümayəndə heyəti çıxışlarında ehtiyatlı olmalı, yalan məlumat yaymağı dayandırmalı, etik qaydalara və parlament dilinə əməl etməlidir”.

Etikxeber.az

Read Previous

“Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam etdiriləcək…”-BŞİH BELƏ İDDİA EDİR – FOTOLAR

Read Next

“Paşinyan əslində, doğru zaman seçib…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir