“Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil…Bu, qan, can, ruh yaxınlığı, bağlılığıdır…”-ELDƏNİZ SƏLİMOV YAZIR

Türkiyə Böyük Millət Məclisinin (MM) başqanı cənab Mustafa Şentopun geniş nümayəndə heyəti ilə ölkəmizə rəsmi səfəri qardaş və dost Türkiyənin ölkəmizə verdiyi dəstəyin, önəmin növbəti əyani təzahürü və təcəssümüdür.

Bu, həm birlik və bərabərliyimizin, həm birgəlik və həmrəyliyimizin bariz nümunəsi, sübutudur.

Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ikinci bir dövlət, ikinci bir nümunə tapmaq olmaz. Bunun analoqu yoxdur.

Çünki bu qan, can, dil, din, kök, tarix, dəyər bağlılığı, yaxınlığı, birliyidir.

Bizim canımız da, qanımız da, ruhumuz da, kökümüz də, tariximiz də, dəyərlərimiz də birdir, eynidir.

Bu qan, can, ruh birliyi son 29 ildə daha da möhkəmlənib, daha da güclənib, daha da sıxlaşıb, daha da monolitləşib.

Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra, o cümlədən, onun siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin son 17 illik hakimiyyəti dövründə Türkiyə-Azərbaycan münasibətləri, əlaqələri ən üst səviyyələrə, zirvələrə qaldırılıb.

Heç şübhəsiz ki, münasibətlərin belə bir zirvəyə qaldırılmasında dünya lideri olan Türkiyə cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın da böyük və misilsiz xidmətləri var.

Bu gün həm də liderlərimiz, prezidentlərimiz arasında çox gözəl, bütün dünyaya örnək, nümunə olacaq dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri var. Hər iki lider bir-birinə “qardaşım”-deyə, müraciət və bu, hər bizimizdə fəxr, qürur hissi doğurur.

Heç təsadüfi deyil ki, Qarabağ məsələsində ilk gündən bizi birmənalı və təmənnasız dəstəkləyən, daim bizim yanımızda olan, daim bizi hər bir platformada müdafiə edən qardaş və dost Türkiyədir.

O cümlədən, Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olub, ona birmənalı dəstəyini verib.

Bu dəstək, bu həmrəylik axır zamanlar, xüsusilə, Tovuz hadisələrindən və sentyabrın 27-dən, İkinci Vətən Müharibəsinə başlanıldıqdan sonra daha da artıb, daha da intensivləşib.

Qardaş dövlət, hörmətli Ərdoğan cənabları başda olmaqla, bütün Türkiyə rəsmiləri, siyasiləri, bütövlükdə Türkiyə cəmiyyəti Qarabağ məsələsində, Haqq savaşında birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və olacağını, hər cür dəstək verdiyini və verəcəyini bəyan edib.

Dünən Mustafa Şentopu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ölkə Prezidenti bir daha dəstəyinə, həmrəyliyinə görə, Türkiyə dövləti və xalqına, o cümlədən, cənab Ərdoğana öz minnətdarlığını ifadə etdi.

Sitat:

“Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi”.

Cənab Prezident sonra dedi ki, onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar.

Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Həmçinin, ölkə Prezidentinin vurğuladığı kimi, Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq.

“Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür”-deyərək, ölkə Prezidenti bir daha bütün dünyaya Türkiyənin Azərbaycan üçün nə qədər mühüm önəm daşığını açıq və net şəkildə bəyan etmiş oldu.

Onu da qeyd edim ki, cəmi bir neçə saat sonra cənab Şentopun Milli Məclisin (MM) növbəti plenar iclasında iştirakı və çıxışı nəzərdə tutulur.

Eyni zamanda, bu yerdə xatırladım ki, spikerimiz hörmətli Sahibə xanım Qafarovanın ilk rəsmi və yüksək səviyyəli səfəri qardaş və dost Türkiyəyə olmuşdu.

Bunun, bunların özü də bir daha qardaşlığımızın, dostluğumuzun daimiliyinə, əbədiliyinə, dönməzliyinə dəlalət edir.

Bəli, Azərbaycan-Türkiyə, Türkiyə -Azərbaycan dostluğu sarsılmazdır, əbədidir, daimidir, dönməzdir!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

MN cəbhədə oktyabrın 20-nə olan son vəziyyət haqqında-MƏLUMAT YAYDI…

Read Next

“Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasında məqsəd panika, xaos, qorxu yaratmaqdır… Ancaq bu gün Azərbaycan tam başqa bir ölkədir…”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir