8 martda dünyaya gələn və bu gün Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-GORANBOYLU ELŞƏN ZEYNALOV, MİNGƏÇEVİRLİ PƏRVİN HƏMİDOV VƏ ŞAMAXILI MÜŞFİQ MƏCİDOV… – FOTOLAR

İkinci Vətən Müharibəsi Şəhidləri-Müşfiq Bayram oğlu Məcidov, Pərvin Azər Həmidov və Elşən Zaman oğlu Zeynalovun doğum günləridir.

Bu gün-8 mart 2026-cı il tarixində Müşfiq Məcidovun 29, Pərvin Həmidovun 32, Elşən Zeynalovun 27 yaşları tamam olur.

Bu, həm də hər üç Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Etikxeber.az xəbər verir ki, Müşfiq Məcidov 1997-ci ilin martın 8-də Şamaxı rayonunun Göylər (Dağ Göylər) kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaş biri olub.

Bacısı bir övlad anası, qardaşı isə subaydır.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb.

2015-2017-ci illərdə Vətənin keşiyində dayanıb, Əsgərliyini bitirdikdən sonra isə evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı Vətənin müdafiəsinə qoşulub.

2020-ci ilin oktyabrın 8-də isə Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşini isə yalnız 20 gündən sonra əldə etmək mümkün olub və Göylər (Dağ Göylər) kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Müşfiq Göylərin (Dağ Göylərin) 6 ikinci Vətən Müharibəsi Şəhidindən biridir.

O, həm də subay olub.

***

Pərvin Həmidov 1994-cü ilin martın 8-də Yevlax rayonunun Bəydilli kəndində dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra, 2012-ci ilin martın 9-da həqiqi hərbi xidmətə yollanıb və 2013-cü ilin sentyabrın 9-da Əsgərliyini başa vurub.

Hərbi xidmətini başa vurduqdan sonra-2020-ci ilin yanvarınacan müxtəlif sahələrdə çalışıb, evlənib, əslən Ağdamlı Günay Həmidova ilə ailə həyatı qurub.

İki övladı-bir oğlu, bir qızı dünyaya gəlib.

Oğluna özünün arzusu ilə öz adı-Pərvin adı verilib, qızına isə Nilay adı qoyulub.

Adını daşıyan Pərvin 2018-ci ilin oktyabr ayının 4-də dünyaya gəlib, hazırda orta məktəb şagirdidir.

Nilay isə 2020-ci ilin fevral ayının 1-də dünyaya göz açıb, hazırda 6 yaşının içindədir.

O, 2020-ci ilin yanvarından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq üçün kursa yazılıb, kursu uğurla bitirdikdən sonra, may ayının 1-dən Orduda MAXE kimi xidmətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb, Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində döyüşüb.

Oktyabrın 1-də isə qəhrəmancasına Şəhid olub və nəşi bir gün sonra, oktyabrın 2-də Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

***

Goranboy rayonunun Düzqışlaq kəndindən olan Elşən Zaman oğlu Zeynalov isə 1999-cu ilin 8 martında dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Bacısı hazırda ailəlidir.

 İkinci Vətən Müharibəsində səfərbərliyə cəlb edilib, müharibənin ilk günlərindən döyüşlərdə olub.

O da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində (axırıncı dəfə ailəsi ilə oktyabrın 12-də danışıb, ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb) gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi xeyli sonra əldə edilib və noyabrın 17-də Düzqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Elşən həm də Düzqışlaqın 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Eyni zamanda, Elşənin Goranboy Daşkəsən rayonundan olan bir neçə qohumu da İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Elşən Müşfiq kimi subay olub.

Düzqışlaqda adını daşıyan küçə var.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Read Next

Hava dumanlı və yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir