8 medallı keçmiş Xüsusi Təyinatlı Mərkəzi Bankdan ölkə Prezidentinə və Birinci xanıma şikayət etdi VƏ ONLARDAN ÜZLƏŞDİYİ PROBLEMLƏRİN HƏLLİNƏ YENİDƏN DƏSTƏK İSTƏDİ: “QALDIRDIĞIM MƏSƏLƏLƏRİN BƏRDƏ RAYON İCRA HAKİMİYYƏTİNƏ NƏ DƏXLİ?”

Bərdə rayonunun Muğanlı kəndindən olan və hazırda Binəqədi rayonunda yaşayan keçmiş Xüsusi Təyinatlı Pərvin Möhübbət oğlu Hüseynov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-Pərvin Möhübbət oğlu Hüseynov 1995-ci ilin iyun ayının 15-də Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşam. Bu, həm də son qırx gün ərzində (ilk müraciətimi bu ilin oktyabr ayının 28-də yazmışam) Sizlərə ünvanladığım ikinci müraciətimdir. İkinci müraciətimin məğzinə, səbəblərinə keçməzdən əvvəl bir daha diqqətinizə catdırmaq istəyirəm ki, 2012-ci ildə Elzamin Mirzəyev adına Muğanlı kənd tam orta məktəbini bitirdikdən bir il sonra-2013-cü ilin 4 iyul tarixində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanmışam. Əvvəlcə Bakı şəhərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qulluq etmişəm, sonra isə Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə Əsgərliyimi davam etdirmişəm. Əsgərliyimin bir ilinin tamamında-2014-cü ilin yayında Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil olmuşam və 6 aylıq kursu bitirdikdən sonra, 2014-cü ilin sonlarından Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə-xidmətə başlamışam.

Elə bu yerdəcə bir daha qeyd edim ki, qardaşımın biri də hərbçidir, 12 ilə yaxındır Azərbaycan Ordusunda xidmət edir. İkinci Vətən Müharibəsinin və son əməliyyatların iştirakçısı olub. Xüsusi Təyitanlı Qüvvələrin “N” saylı hərbi hissəsində Kiçik gizir kimi xidmətə başladıqdan az sonra, yəni, 2016-cı ilin tarixi uğurlu Aprel döyüşlərinə kimi iki dəfə döyüş tapşırığında iştirak etmişəm. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan, tarixi Qələbə və Zəfərimizə gedən yolun başlanğıcı, cığırı olan Aprel döyüşlərində Vətənin keşiyində dayanmışam, döyüşlərdə iştirak etmişəm. Həmçinin, ABŞ Xüsusi Təyinatlıları ilə bir yerdə 6 həftəlik kurs keçmişəm.

Dünya hərb tarixinə yazılan 44 günlük İkinci Vətən Müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələrin Giziri kimi iştirak etmişəm. Füzulidən Şuşayacan döyüşlərdə olmuşam. Şuşada qanlı döyüşlər zamanı yaralanmışam. Yaralanmağıma baxmayaraq, döyüşü davam etdirmişəm, müharibə bitənə, tarixi Qələbə və Zəfərimizə kimi döyüşlərdə olmuşam. İkinci Vətən Müharibəsindən az sonra isə Kəlbəcər rayonunun təhvil-təslimində iştirak etmişəm. Müharibə zamanı yaralanmağıma rəğmən Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. 2022-ci ildə qardaş və dost Türkiyədə iki dəfə-Türkiyə Özəl Kuvvetleri ilə dörd həftəlik bir kursda, iki aylıq isə bir kursda olmuşam, sularda əməliyyat kursunu keçmişəm. Bununla yanaşı, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak etmişəm, yaralanmışam, qapalı (ağır) kəllə-beyin travması almışam.

Yaralanmağıma baxmayaraq, yenə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. Eyni zamanda, səhhətimin pisləşməsi ilə bağlı 2023-cü ilin yanvarından əvvəlcə Hərbi hospitalda, sonra isə müxtəlif xəstəxanalarda müalicə almışam, müayinələrdən keçmişəm. 2023-cü ilin sentyabr ayının 14-dən isə Ordudan təxris olunmuşam. Hələ də müalicə-müayinələrimi davam etdirirəm. Hələ də səhhətimdə ciddi problemlər var.

Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, o cümlədən “Şüacətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun (1918-2018) 100 illiyi”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam”.

Müraciətdə sonra deyilir:

“Cənab Ali Baş Komandan!

Əziz və dəyərlimiz Mehriban xanım!

Qeyd etdiyim kimi, bu, Sizlərə ünvanladığım ikinci müraciətimdir. Çünki ilk müraciətimin birbaşa Sizlərə çatmasından və ya çatdırılmasından əmin deyiləm. Əgər ilk müraciətim Sizlərə çatdlrılsaydı, əminəm ki, orada qaldırdığım məsələlər-problemlər dərhal, qısa müddətdə həll olunar və ikinci müraciətimə, Sizləri yenidən narahat etməyimə də ehtiyac qalmazdı. Ancaq çox təəssüflər olsun ki, ilk müraciətimdə dilə gətirdiyim və həllinə köməklik istədiyim problemlərin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən heç bir real addım atılmayıb. Sadəcə, cavab, “quş” qoymaq xatirinə başdansovdu cavab göndərilib.

Ona görə həllinə köməklik və dəstək istədiyim problemləri yenidən dilə gətirmək, diqqətinizə çatdırmaq istəyirəm. Xatırlatmaq istəyirəm ki, bir neçə il öncə ailə həyatı qurmuşam. Hazırda iki övlad-Məryəm və Zümra adlı iki azyaşlı qız atasıyam. Hazırda heç bir yerdə işləmirəm. Heç bir yerdən gəlirim yoxdur. İkinci Vətən Müharibəsində və “Qisas” əməliyyatında yaralanmağımla əlaqədar səhhətimdə çox ciddi problemlər var.

Hələ də müalicələrimi davam etdirirəm. Əlillik dərəcəsi də almamışam. Hazırda Bakı şəhərində, Binəqədi rayonunda yaşayıram ailəmlə. Həm ipoteka krediti, həm də iki banka kredit ödəyirəm. Vurğuladığım kimi, hazırda da heç bir yerdə işləmirəm, maddim durumum çox ağırdır və kreditlərimi ödəyə bilmirəm. Bunlar isə yaxşı olmayan səhhətimi bir az da korlayır, pisləşdirir. 

Yuxarıda qeyd etdiyim kimi, ötən müddətdə müraciətimlə bağlı Mərkəzi Bankdan mənimlə əlaqə saxladılar və bildirdilər ki, qısazamanda cavab veriləcək. Mən də çox ümidləndim ki, nəhayət, problemlərim həllini tapacaq. Ancaq təəssüflər və əfsuslar olsun ki, ümidlərim puça çıxdı. ABB-dən və kredit götürdüyüm digər bankdan çox soyuqqanlı, başdansovdu cavab gəldi. Bildirildi ki, bu məsələlərlə bağlı “YAŞAT” Fonduna müraciət etmək lazımdır.

Məgər Mərkəzi Bank, ABB və digər bank rəhbərliyi bilmir ki, bir ildən çoxdur “YAŞAT” Fondu kimsəyə bu məsələlərdə kömək etmir, dəstək ola bilmir?!… Bunu dəfələrlə də özləri bəyan ediblər. Fond yalnız müalicə-müayinəyə, daha doğrusu, dərman vasitələrinə (o da müəyyən həddə) vəsait ayırır.

Belə olan, daha doğrusu, bunu bildikləri halda köməklik, dəstək göstərmək əvəzinə niyə məni “YAŞAT”-a yönləndirir, niyə məni ələ salır, aşağılayırlar? Axı, mən buna layiq deyiləm!!! Axı, mən təmənnasız şəkildə, heç nə güdmədən bu Vətən yolunda xidmət etmişəm, can qoymuşam, ölümlərdən dönmüşəm!!!

Həyatının 10 ilini hərbə həsr edən, İkinci Vətən Müharibəsində, Aprel döyüşlərində, “Qisas” əməliyyatı”nda və bəzi səbəblərdən geniş yazmaq istəmədiyim bəzi əməliyyatlarda iştirak edən, yaralanan, səhhət problemi yaşayan bir Vətən sevdalısına, Azərbaycan Ordusunun gözü olan Xüsusi Tətinatlı Qüvvələrin keçmiş əməkdaşına verilən cavab, göstərilən münasibət beləmi olmalıdır? Mən şəxsən belə bir münasibəti HAQQ etmirəm, belə bir münasibətə layiq deyiləm!!!

Eyni zamanda, bir dəfə də mənə Bərdə rayon İcra Hakimiyyətindən zəng gəldi və müraciətimin səbəbləri ilə “maraqlanıldı”. Axı, mənim müraciətimin Bərdə rayon İcra Hakimiyyətinə nə dəxli? Məgər mənim qaldırdığım məsələlərin həlli onları səlahiyyəti daxilindədir? Ötən 10-11 ildə, xüsusilə, son 3 ildə bir dəfə bizimlə-iki övladı hərbçi, müharibə iştirakçısı olan ailə ilə maraqlanmayan Bərdə rayon İcra Hakimiyyəti indi bu məsələlərin həllinə dəstək olandırmı? Bu da mənə vurulan növbəti mənəvi zərbə!!!

Ona görə istəyirəm ki, ünvanladığım ikinci müraciətim bu dəfə birbaşa Sizlərə çatdırılsın. Əgər Sizlərə çatdırılarsa, inanıranm ki, anında bu məsələlər, qarşılaşdığım problemlər həllini tapacaq. Çünki Sizlər hər zaman hər bir Azərbaycan vətəndaşının yanında olmusunuz, onların xidmətində dayanmısınız, heç kəsdən köməkliyinizi, dəstəyinizi, mərhəmət və şəfqətinizi əsirgəməməsiniz. Çünki Sizlər BÖYÜK ÜRƏK sahiblərisiniz.

Bu baxımdan hər bir kəsə, hər bir Azərbaycan vətəndaşına dəstək olan Sizlərdən problemlərimin həllinə dəstək olmağnızı, kreditlərimin bağlanması, bağışlanması ilə bağlı aidiyyatı qurumlara göstəriş və tapşırıqlar verməyinizi xahiş və rica edirəm.

Yeri gəlmişkən, dəfələrlə adımın öləmizin ali ordenlərindən birinə təqdim olunduğu və ya təqdim olunacağı bildirilsə də, son üç ildə bu istiqamətdə də heç bir nəticə yoxdur. Hər dəfə adımın ali ordenlərimizdən birinə təqdim olunacağını və orden Haqqımın tanınacağını gözləsəm də, sonda xəyalqırlığı, böyük üzüntü yaşamışam. Amma təvazökarlıqdan uzaq olmasın, 10 illik şərəfəli hərb və döyüş yolum ali ordenlərimizdən biri ilə təltif olunmağıma tam əsas verir. Bu məsələdə də müvafiq qurum və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlar verməyinizi Sizlərdən xahiş və rica edirəm.

Əminəm və inanıram ki, bu dəfə müraciəm Sizlərə çatdırılacaq və qaldırdığım məsələlər öz müsbət həllini tapacaq.

Öncədən də Sizlərə-hər ikinizə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”

Etikxeber.az

Read Previous

Bayramovla Lavrov-NƏYİ MÜZAKİRƏ ETDİLƏR? – XİN AÇIQLADI

Read Next

“Əgər əvvəllər gəlsəydilər, onda antiterror tədbirinə ehtiyac qalmazdı və bu, yaxın tarixdir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir