“8 rəqəmi bizə həm də Ağ Günün, Zəfər Gününün işarəsi, işarəti, Tarixidir!”-JALƏ ƏLİYEVA YAZDI

Bu gün mayın səkkizidir…

Hafizələrimizdə, yaddaşlarımızda qalan, hələ də silinməyən 8 may…

8 may deyəndə əlbəttə ki, yadımıza Qarabağımızın, can Azərbaycanımızın dilbər guşəsi, göz bəbəyi Şuşanın 29 il öncə murdar düşmənlər və onların qanlı havadarları tərəfindən işğalı düşür.

Xatırlamaq istəməsək də, yaddaşımızdan izlərini nə qədər silməyə çalışsaq da, hələ ki, mümkünü deyil, buna zaman lazımdır.

Bəli, 8 rəqəmi bizə həm də Ağ Günün, Zəfər Gününün işarəsi, işarəti, Tarixidir!

Bəli, məhz 8 rəqəmi ilə başlanan qızılı bir payız günündə – düz 6 ay öncə Şuşanın 28 il 6 aylıq işğalına, Şuşasızlıq həsrətinə birdəfəlik son qoyuldu, son qoyduq.

Şuşa ilə bərabər həm də Qarabağsızlığıa son qoyuldu, son qoyduq.

Müzəffər, Qalib Ali Baş Komandan və onun Şanlı, Rəşadətli Ordusu, İgid, Qorxmaz, Dastan yazan Əsgəri bu həsrətə son qoydu!

Şuşanın azad olunması cəmi iki gün sonra tarixi Qələbəni, möhtəşəm Zəfəri şərtləndirdi, sonclandırdı, düşməni, düşmənləri diz çökdürdü.

Bizik artıq Qarabağ, bizik artıq 86, 6 min kvadratkilometrlik Azərbaycanın Şimalından Cənubuna, Qərbindən Şərqinədək sahibi, yiyəsi, bizik artıq Qalib Azərbaycan!

Kimsə artıq Qarabağı bizdən ala, bizdən qopara bilməz, bu, mümkün deyil və olmayacaq!

Qalib Ali Baş Komandanın da şəstlə, Qürurla dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

***

Bəli, həyatda təsadüflər olmur və təsadüflərə də inanmıram.

8 maydan bir gün öncə, məhz 7 may 2021-ci il tarixində Müzəffər, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyev növbəti-tarixi bir qərara, Sərəncama öz mübarək imzasını atdı, Şuşanı bir daha dirçəltdi, bir daha yaşatdı.

Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

Bununla bir daha hələ də gözünü Şuşadan, Qarabağdan, Azərbaycandan çəkə bilməyənlərə çalın-çarpaz dağ şəkildi, göz dağı verildi.

Bu Sərəncam Qələbəyə, Zəfərə bərabər bir ali Sənəd oldu. Tarixdə də məhz belə qalacaq!

Sərəncamda da deyildiyi kimi, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaq.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram: Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin”-deyə, Sərəncamda sonra qeyd edilir…

Bəli, hər birimizin sevincdən, fərəhdən gözünü yaşardan, qəlbini fərəhləndirən, riqqətləndirən bir addım!

Var olun, biz addım-addım, misqal-misqal Qələbələrdən Qələbələrə, Zəfərlərdən Zəfərlərə çatdıran Ali Baş Komandanım, Qalib Sərkərdəm!

Sizinlə bu günə kimi, çox olmazları olar, çox namümkünləri mümkün etmişik, bundan sonra da edəcəyik, birgə nail olacağıq, birgə bacaracağıq, hələ çox Qələbə, Zəfər Dastanı yazacağıq!

Duaçıyıq, minnətdarılq!

Addımın mübarək, gözün aydın olsun, Şuşam, can Azərbaycanım!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“9 Mayda Rusiya sülhməramlılarının Xankəndidə təntənəli sıra düzülüşü planlaşdırılır…”-MN-DƏN AÇIQLAMA

Read Next

Daha 649 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir