80 illə bir neçə günün fərqi , yaxud… – AKADEMİK

İnsanı, dünyanı, mahiyyəti olduğu kimi görməkdən ötrü nə qədər vaxt lazımdır?
Bir neçə günmü, saatlar, ya dəqiqələrmi, ya bütöv bir ömür?
İnsan uzun yaşayaraq görməli olduqlarınının çoxunu görməyibsə, ya sadəcə olaraq vacib həqiqətlərin yanından ötərək onları diqqətə almayıbsa, bunun adı nədir?
Nadanlıqmı, cahillikmi, diqqətsizlikmi?
Bəs həmin görməli olduqlarının yanından ötərək onları görməmiş, onlara diqqət yetirməmiş şəxs ağıl dəryasıdırsa, bilik xəzinəsidirsə, böyük siyasətlərdən baş çıxaran adamdırsa və belə xətaya uğrayıbsa ona nə ad verək?
Alimə ki, zorla “Qanmazsan!” deyərək üstəlik buna onu inandırmaq mümkünsüz qədər çətindir.
Molla Pənah Vaqif Qarabağ xanının baş vəziri idi. Müdrikliyi, dərin biliklər sahibi olması hamı tərəfindən etiraf edilən elə bir güclü şəxsiyyət idi ki, hətta onun haqqında “Hər oxuyan Molla Pənah olmaz” məsəli yaranmışdı.
Amma həyatının ən mühüm şeirini, ömrünün yekunu olan mənzuməsini, bu yaşacan çox şeyləri görmədiyi, dərk eləmədiyi haqda etirafnaməsini şair, alim, dövlət xadimi Vaqif heç də qısa olmayan ömrünün bitməsinə aylar da deyil, sayılı günlər qaldığı vaxtlarda qələmə aldı.
Sən demə həqiqətləri olduğu kimi görüb dərk etməkçün illərin miqdarı çox da önəmli deyilmiş.
Bəzən bir neçə anda bir neçə onillərə sığacaq qədər gerçəkləri görmək də, duymaq da, anlamaq da mümkünmüş!
1797-ci il. İbrahim xanın qorxudan baş götürərək Dağıstana qaçması və Şuşa qalasını ələ keçirmiş İran hökmdarı Ağa Məhəmməd şah Qacarın qətlə yetirilməsindən sonra taxt-taca sahib olmuş Məhəmməd bəy Cavanşirin əmri ilə Molla Pənahı oğlu Əli Ağa ilə birgə Cıdır düzündə qətlə yetirmək üçün gözübağlı aparırmışlar.
Sadədil oğlu xəbər alır ki, ata bizi hara aparırıar?
Vaqif ömrü boyu eşitdiyi sualların ən çətininə və ən qaçılmazına nə qədər ağır olsa belə kişicəsinə doğru cavab verir: “Bizi o yerə aparırlar ki, biz də çoxlarını vaxtilə ora göndərmişik”.
80 il ömür sürərək bu uzun həyatın bitməsinə 2-3 gün qalmış dünyanın əslində necə olması, bu çağacan gözüyumulu yaşaması haqda daha ciddi etirafınısa Vaqif kağıza, qələmə edir.
Dünənəcən “Toy-bayramdır bu dünyanın əzabı” söyləyən şair indi tam əksini bəyan edir:

Müxtəsər kim, boylə dünyadən gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyr ü şər.
Alilər xak-i məzəllətdə, dənilər mötəbər,
Sahbii-i zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə əhkam ü ləyaqət görmədim.

Bu misralar 200 yüz ildən də bir qədər əvvəl yazılıb. O səbəbdən təbii ki, sətirlır köhnədir, oradakı xeyli söz bu gün tam anlaşılmır.
İndinin adamı haradan bilsin ki, “xak-i məzəllət” nə deməkdir, “dəni”nin anlamı nədir?
Gərək lüğət aça, baxıb görə bu sətirlər onu deyir ki, elə bir zəmanəyə çatmışıq yüksək dərəcəli, ləyaqətli, mənəviyyatlı insanlar ayaq altında, zillət içindədir, dənilər – alçaqlar yüksək kürsülərdə əyləşib, mənsəb, hörmət-izzət sahibidir.
Pulu, imkanı olan kimsələrdə admalıq, insaf, mürvət yox, insafı, mürvəti, adamlığı olanda pul, imkan yox.
Bəlkə bütün bu acı müşahidələrini içərisindən keçirən Vaqif həyatdan qoparılmasaydı, daha bir neçə il də yaşasaydı, bu qəbil şeirlərinin sırası sıxlaşardı və gücü, nüfuzu çaydıqca mühitini islah etməyə də çalışardı?

Rafael HÜSEYNOV,

Akademik

Etikxeber.az

Read Previous

Millət vəkilindən Ollanda kəskin etiraz

Read Next

YAP-çı deputatlar və gənc fəallar Cingiz Qurbanovun məzarını ziyarət etdilər – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir