80 minədək avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olundu

Cari ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 79 min 683 müqavilə qeydiyyata alınıb.

İSB-dan Etikxeber.az-a bildirilib ki, bunların 9 min 975-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Oktyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olub.

Hesabat ayında 2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5 faiz, sığorta haqlarının məbləğində isə 1 faiz azalma müşahidə edilib.

Oktyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 1,2 faiz artaraq 82,4 manat təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 min 47 sığorta müqaviləsi bağlanılıb. Bağlanılan müqavilələr üzrə sığorta haqları 69,6 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2 faiz, sığorta haqlarının məbləğində isə 7 faiz artım müşahidə olunub.

Etikxeber.az

 

Read Previous

Hasilat miqdarında razılığa gəlinməsə neftin qiyməti 40 dollaradək geriləyəcək – “Goldman Sachs”

Read Next

Dövlət Ləzgi Dram Teatrının kollektivi Moskvada iki tamaşa təqdim edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir