Növbəti açılışlar, növbəti uğurlar-PREZİDENTİN NÖVBƏTİ MESAJ VƏ XƏBƏRDARLIQLARI… – ELDAR İBRAHİMOV YAZDI

Son illər, son aylar, xüsüsilə də, 44 günlük İkinci Vətən Müharibəsindən, tarixi Qələbəmizdən sonra hər gün növbəti uğurların, növbəti nailiyyətlərin, növbəti qələbələrin şahidi oluruq.

Hər gün Uğur üzərinə uğur, Qələbə üzərinə qələbə yazılır.

Bu uğurların, bu qələbələrin müəllifi, memarı isə Ulu Öndərimizin siyasətinin layiqli davamçısı-ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə cənab İlham Əliyev və onun 18 ildə uğurla idarə etdiyi Qalib Azərbaycan dövlətidir.

Son 2 gün ərzində də yeni uğurların, Azərbaycanın hərtərəfli inkişafına töhfə verəcək növbəti açılışların şahidiyik. İki gün öncə, aprelin 19-da ölkə Prezidentinin iştirakı ilə yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışı oldu ki, bunun özü günümüzün tarixi hadisələrindəndir.

Qeyd edək ki, hələ 45 il əvvəl, Ulu öndərimizin birinci hakimiyyəti dönəmində tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.

Eyni zamanda, yenidən qurulan “Maştağa” Yarımstansiyası Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, Savalan, “Albalılıq” yaşayış massivlərini, dənizkənarı sanatoriya, xəstəxana, otellər və digər obyektlər də daxil olmaqla Sabunçu və Xəzər rayonlarının 150 min nəfərə çatan əhalisinin elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcək.

Ümumiyyətlə, ölkənin energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə işğaldan azad edilən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir. Bu baxımdan da, heç təsadüfi deyil ki, açılış zamanı ölkə başçısı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev arasında maraqlı bir dialoq yaşandı.

Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?- Baba Rzayev:  Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.-Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.-Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.-Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?-Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir…

Bəli, tarixi Qələbəmizin, şanlı Zəfərimizin bizə yaşatdığı növbəti-gözəl, qürurverici anlar! Bəlkə də bir il, iki il öncə bunlar bizə yuxu, xəyal kimi, görünə bilərdi. Ancaq bunlar artıq yuxu, xəyal deyil, gerçəklik, reallıq, Ali Baş Komandanın, onun rəşadətli Ordusunun “Dəmir Yumruğ”unun yaratdığı reallıq və gerçəklikdir.

Bəli, artıq biz sözün əsl mənasında dağlı-aranlı Qarabağlı və Qarabağlı Vahid Azərbaycanıq. Biz bütün bölgələrimiz kimi, Qarabağımızı da bərpa edəcəyik, dirçəldəcəyik, cənnət məkana çevirəcəyik!

Bu yerdə onu da qeyd etmək lazımdır ki, son illərdə ölkədə elektrik təhcizatının yaxşılaşdırılmasında, Azərbaycanın bütün kənd və qəsəbələrinin yüksək və keyfiyyətli şəkildə elektriklə təmin olunmasında “Azərenerji” ASC-nin və onun rəhbəri Baba Rzayevin xüsusi xidmətləri var. Bunlar da mütləq şəkildə qeyd edilməli və dilə gətirilməlidir.

***

Dünən, aprelin 21-də isə ölkə Prezidentinin Hacıqabul rayonuna səfəri zamanı növbəti tarixi anlar, açılışlar yaşandı. Bir neçə saat ərzində Hacıqabul Sənaye Məhəlləsinin, “Azərsun Şamaxı Aqropark”ın,  “Agro Dairy” MMC-nin aqroparkın, 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının və sair açılışı və təqdimatı oldu.

Təkcə onu qeyd etmək kifayətdir ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.

Ümumilikdə isə ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.

Bəli, bütün bunlar Güclü, Qüdrətli Azərbaycanın sürətli, dinamik inkişafının, Azərbaycan iqtisadiyyatının uğurla idarə edilməsinin əyani göstəriciləridir, bunların davamı gəlir və gələcək. Biz hələ çox uğurların, hələ çox nailiyyətlərin, hələ çox Qələbə və Zəfərlərin şahidi, iştirakçısı olacağıq!

Hacıqabul səfərinin bəlkə ən yaddaqalan anlardan biri ölkə Prezidentin Azərbaycan Televiziyasına verdiyi və başdan-ayağa tarixi bəyanatlarla, mesajlarla, xəbərdarlıqlarla dolu müsahibəsi oldu.

Bu müsahibəsində Ali Baş Komandan bir çox məsələlərin açıqlamasını, anonsunu verdi. Cənab Prezident Qarabağa dönüşün tarixini açıqlayaraq, öz dədə-baba yurlarından qovulmuş məcburi köçkünlərin bir qisminin gələn ildən öz evlərinə, ocaqlarına qayıdışına başlanılacağını bildirdi.

“Birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək – “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar”-deyən dövlətimizin başçısı onu da bildirdi ki, artıq bütün şəhərlərin baş planları hazırlanır və bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. May ayının sonuna qədər də Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və bu məsələ Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək.

Həmçinin, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. Çünki o bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Bu baxımdan da, çox yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək.

Müsahibədə tarixi məqamlardan biri isə Zəngəzurla bağlı oldu ki, bu da Ali Baş Komandanın bir daha qətiyyətinin və güclü, dəmir siyasi iradəsinin növbəti təcəssümü sayıla bilər. Belə bir bəyanatla ancaq İlham Əliyev kimi güclü, qətiyyətli, iradəli bir Lider çıxış edə bilərdi.

Ali Baş Komandan açıq şəkildə bəyan etdi ki, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Müsahibəsində “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”-deyə, bəyan edən ölkə Prezidenti bildirdi ki, bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin və beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq.

Bəli, düşmənə və onun qanlı havadarlarına vurulan, endirilən növbəti Zərbə! Bəli, “Dəmir Yumruq” çox şeylərə qadir oldu və qadirdir, bunu anlamaları, bunu dərk etmələri lazımdır. Yenə anlamaq və dərk etmək istəməsələr, başları üzərində bir daha “Dəmir Yumruğ”u görəcəklər!

Müsahibə zamanı ADA Universitetində olduğu kimi, yenə “İsgəndər-M” məsələsinə toxunan Ali Baş Komandan növbəti dəfə özünün və Azərbaycan xalqının birmənalı sərt mövqeyini ortaya qoydu.

“Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”-deyən Ali Baş Komandan mütləq şəkildə bu suallara cavab verilməli olduğunu və bu suallara Azərbaycan xalqının cavablar gözlədiyini bəyan etdi.

Bununla bir daha mesaj verilmiş oldu ki, qaneedici, obyektiv cavab verilməyənə kimi, bu mövzu qapanmayacaq, bağlanmayacaq.

Bəli, bu suallara cavab istəməyimiz, cavab verilməsini israrlı şəkildə tələb etməyimiz bizim haqqımızdır və haqqımız olanı da almalıyıq, necə ki, indiyə kimi, almışıq. İndi qərar, söz qarşı tərəfindir.

Nə qər tez və obyektiv cavab verilsə, bir o qədər xeyirlidir. Uduzan, itirən biz olmayacağıq.

Çünki Ali Baş Komandanın da dediyi kimi, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdır, səmimiyyət və dostluq qarşılıqlı olmalıdır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməlilyik”-FAZİL MUSTAFADAN TƏLƏB

Read Next

“Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir