“Oğlumun Şəhidliyindən 8 ay keçir…Evimizə gələn qonaqları indiyə kimi, məcburən qonşunun mənzilində qarşılamışam, qarşılayıram…”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASI AKİFƏ AĞAYEVA MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adəm Əliyevin anası Akifə Ağayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, Mehriban xanım!

Sizə müraciət edən Kürdəmirin İkinci Vətən Müharibəsində ilk Şəhidi-19 il, 10 ay, 10 gün ömrü olmuş Adəm Əliyevin anası Akifə Ağayevadır. Elə bu yerdə xatırladım ki, yenidən qaldıracağım məsələ ilə bağlı iki dəfə Sizə, eləcə də, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət etmişəm. Belə ki, mən 2007-ci ildən-təkbaşına kirayələrdə iki oğlan uşağı böyütmüşəm. Böyük oğlumun on iki, kiçik oğlum Adəmin altı yaşı olanda keçmiş həyat yoldaşımdan ayrılmağa məcbur olmuşam. Xəstəxanada kicik tibb işçisi işləyib, bir dövlət qapısı döymədən minbir əziyyətlə tərbiyəli övladlar yetişdirmişəm. Mənə arxa-dayaq olacaq vaxtında isə övladımın biri-Adəm Əliyev İkinci Vətən Müharibəsi zamanı Vətən uğrunda, Torpağ uğrunda canını fəda edib, Şəhid olub. Mən də Şəhid anası kimi, demişəm, yenə deyirəm ki, Vətən sağ olsun, Dövlətimiz sağ olsun!

Bəs bizim kabinetlərdə, isti kürsülərdə oturanlar nə vaxt Vətənə canını fəda edən oğulların analarına, ailələrinə qiymət verəcəklər?… Nə vaxt bizləri yada salacaqlar?… Bir müddət öncə Sizə ünvanladığım müraciətimdə torpaq məsələsi ilə bağlı yazmışdım, xahiş etmişdim. Mənim evim yoxdur, darısqal, şəraitsiz bir evdə kirayədə qalıram, yaşayıram. Oğlumun Şəhidliyindən 8 ay keçir. Evimizə gələn qonaqları indiyə kimi, məcburən qonşunun mənzilində qarşılamışam, qarşılayıram. İndi mənim vəziyyətimi, hansı hallar yaşadığımı, nələr keçirdiyimi təsəvvürə gətirin…Dərd üstünə dərd!!!”

Müraciətdə sonra qeyd olunur:

“Hörmətli, Mehriban xanım!

Gözlərinin yaşı aylardır qurumayan dərdli, həm də qürurlu bir ana kimi, mənə kömək etməyinizi xahiş edirəm. Bizim yaşadığımız küçədə (Üzeyir Hacıbəyov küçəsində) necə illərdir işləməyən bir tikili, “obyekt” var, qarşısında, həyətində də 3 sota yaxın torpaq sahəsi. Hansı ki, mən orada oz hesabıma Şəhidimin adına bulaq tikdirmişəm. Kürdəmir rayon İcra Hakimiyyətinə də müraciət etmişdim ki, həmin boş, istifadəsiz torpağı mənə versinlər. Cavabları da bu oldu ki, olmaz, həmin istifadəsiz, sınıq-salxaq tiklinin qarşısı kəsiləcək. Halbuki 6 ildir işlədilməyən, istifadə edilməyən həmin tiklinin, “obyekt”in arxa tərəfdə öz yolu, öz qapısı var. Əslində həmin tikilinin, “obyekt”in normal, qanuni sənədi də yoxdur.

Hörmətli, Mehriban xanım!

Sizə müraciətimdən sonra kimlərsə gəlib, mənə də xəbər etməyiblər, “bura xüsusidir, həm də balacadr” deyib, istədikləri şəkildə gələnləri yola salıblar. Hazırda bizim İcra başcımız yoxdur, əvəzedicisi Ağəli Kərimlidir. O, bizimlə qonşu olub və mənim necə, hansı şəraitdə uşaqlarımı böyütdüyümü bildiyi halda, bir dəfə olsun, mənimlə, bizimlə maraqlanmayıb. Sadəcə, bir sözü var: mənim səlahiyyətim çatmır. Məgər lazım olan sənədlərə o möhür vurmur, imza atmır?!…

Qarşıdan Şəhidimin ili gəlir, mən yenə qonşuya yalvaracağam ki, icazə ver hüzrümü keçirim, oğlumun ilini verim?!…Bu Vətən ücün, bu Torpaq ücün canını fəda vermiş bir oğulun, İgidin anasına 2-3 sot torpaq vermək beləmi çətindir?!… Həmin boş, istifadəsiz ərazi,torpaq sahəsi də çox pis bir haldaydı, biz onu təmizlədik. Qeyd etdiyim kimi, oranı zəbt edənin əlində də qanuni sənəd-sübut yoxdur”.

“Mən bilmirəm balamın dərdini çəkim, yoxsa, üzləşdiyim haqsızlığın… Kimin adamı, tanışı var, onunla maraqlanırlar, yoxlayırlar, baş şəkirlər, çəkiliş təşkil edirlər. Şəxsən mənim qapımı açıb bir soruşan yoxdur ki, dərdin nədir, ölmüsən, qalmısan…Mənim övladım Kürdəmirin ilk ŞƏHİDİ olmasına baxmayaraq, bir dəfə də olsun, oğlumun adını tutub telekanallardan çəkiliş gəlməyib bizə. Halbuki mənim oğlum necə qəhramanlıqlar göstərib Murovda. Gəlib-çəkib yaşadığım komanı necə göstərsinlər, yəqin onu düşünürlər… YAŞAT Fonduna da müraciət etdim. Onlar da “biz ancaq Qazilərə kömək edirik” dedilər. Hər kəs mənə “İcra Hakimiyyətinə, İcra başçısına müraciət et” deyir. İcra Hakimiyyətindən, İcra başçısından da hər dəfə eyni sözü- “mənim səlahiyyətim çatmır” sözünü eşidirəm…

Ona görə Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə kömək edin. İllərdir xəstəyəm, yenə də uşaqlarımı buraxmadım, minbir əzabla da olsa, onları böyüdüb boya-başa çatdırdım. Yəqin taleyin qismətidir, qismətim belədir. Xəstəliklə əlaqədar əlillik pensiyası alırdım. 4 aydır onu da kəsiblər, üstəlik dövlət tərəfindən kommunal xərci də kəsilib.

ŞƏHİD ANASINA VERİLƏN QİYMƏT BUDUR?!…DEYİRLƏR ŞƏHİD AİLƏLƏRİNƏ 5 İLƏ EV-MƏNZİL VERİLƏCƏK, O DA ALLAH BİLİR HARADA. MƏNİM ÖVLADIMIN BÜTÜN XATİRƏLƏRİ BU KÜÇƏDƏDİR. MƏKTƏB, MUSİQİ, İDMAN…HAMISI BU KÜÇƏDƏ OLUB…ADƏMİM YAZAR, İDMANÇI, FƏAL UŞAQ OLUB…NECƏ GÖZƏL ARZULARI VARDI, HAMISI PUÇ OLDU… Həyatı da, arzuları da yarımçıq qaldı, mənim ana ürəyimə dağ çəkildi, evimin çırağı söndü, yenə də Vətən sağ olsun dedim.

Hörmətli, Mehriban xanım!

Bundan sonra mənə bu həyatda Şəhidimin adını yaşatmaqdan başqa heç nə lazım deyil. Sadəcə, mən həmin istifadəsiz, boş ərazidə, 2-3 sotluq torpaq sahəsində, həm də oğlumun adını daşıyan “Şəhid bulağı”nın yanında balaca bir ev-daxma tikdirib yaşamaq, ömrümü başa vurmaq istəyirəm. Mənə başqa heç nə lazım deyil. Odur ki, bu məsələdə mənə köməklik göstərməyinizi bir ana kimi, Sizdən xahiş və rica edirəm. Öncədən də minnətdarlığımı bildirirəm. Allah Sizi, gözəl ailənizi, Vətənimizi qorusun!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Ölkə Prezidentinin Naxçıvana səfər tarixinin 10 may seçilməsi təsadüfi deyildi, təsadüfi sayıla bilməzdi…”-ELDAR İBRAHİMOV YAZDI

Read Next

Ordumuzun hərbçisi Kəlbəcər rayonu ərazisində-VƏFAT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir