9 gün öncə, oktyabrın 15-də nəşi torpağa tapşırılan Şəhid Əfqan Həmzəyevin-BÖYÜDÜYÜ, YAŞADIĞI “EV”…SÖZÜN BİTDİYİ YER! – FOTO-VİDEO

Bir az olar ki, rayonumuzun-Qəhrəman Goranboyumun Borsunlu kəndindən qayıtmışam…

Belə ki, axşam saatlarına yaxın İkinci Vətən Müharibəsi Qazimiz, iki medallı Qəhrəmanımız, 3-cü qrup müharibə əlili Fuad Mahir oğlu Həsənovla cəmi 10 gün öncə, 14 oktyabr tarixində-18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində həlak olan, qəhrəmancasına Şəhidlik məqamına ucalan evin-ailənin tək oğlu Əfqan Bəhman Həmzəyevin ailəsini ziyarət etməyə getmişdik…

Getməyə, ziyarət etməyə bilməzdim, bilməzdik…Buna Haqqım yoxuydu, Haqqımız yox idi…

Qeyd edim ki, 2002-ci ilin avqustunda Borsunluda sadə, zəhmətkeş və kasıb bir ailədə dünyaya gələn, ailənin iki övladından biri və bir ilin Əsgəri olan Əfqanin nəşi cəmi bir gün sonra elə doğulub boya-başa çatdığı kənddə torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Əfqan ötən ilin oktyabr ayında, İkinci Vətən Müharibəsinin ən qızğın vaxtlarında hərbi xidmətə çağırılsa da, müharibəyə, döyüşlərə göndərilməyib…

Əvvəl Bakıda, sonra isə-ta ki, Şəhidliyinə qədər Ağdamda yerləşən hərbi hissələrdən birində qulluq edib…

Amma görünür ki, Şəhidlik alın yazısı, tale qismətiymiş…

Alın yazsından, tale qismətindən də qaçmaq mümkün deyil…

Və müharibədə iştirak etməsə də, post-müharibə,sülh dövründə, oktyabrın 14-də, axşam saatlarında hərbi xidmətini yetirərkən erməni faşistləri, erməni murdarları tərəfindən başından snayperlə vuruluraq, həlak olub, Şəhidlik məqamına yüksəlib…

Cəmi 19 yaşında ömrü yarımçıq qalıb…

Elə arzuları, xəyalları da ömrü kimi yarım, yarımçıq qalıb…

***

Qeyd etdiyim kimi, Şəhidimiz çox kasıb, çox imkansız, yalnız əllərinin qabarı ilə dolanan bir ailənin övladı olub…

Yaşadığı, böyüdüyü ev də, əgər ev demək mümkündürsə, hər şey çılpaqlığı ilə ortaya qoyur…

Əlavə şərhə, izahata da yer, ehtiyac qalmır…

Bəli, Şəhidlər, Şəhidlərimiz məhz belə ailələrdən, belə “ev”lərdən çıxmış uşaqlardır böyük əksəriyyət etibarı ilə…

Hamısı kasıb, imkansız balaları…

Hamısı minbir əzab-əziyyətlərlə böyüdülən uşaqlar…

Hamısı uçuq, sınıq-salxaq evlərdə, daxmalarda, kümələrdə böyüyən, ancaq ürəkləri Torpaq, Vətən eşqilə döyünən Vətən sevdalıları…

Şəhidimizin yaşadığı evə, ailəsinin durumuna baxdıqca, inkişaf haqqında söylənilənlər mənə bir daha nağıl, əsatir təsiri bağışlayır…

Həm də utandım…

Utandım bir çox səlahiyyət sahiblərinin, məmurların, övladlarını hərbi xidmətdən, müharibədən yayındıranların yerinə…

Çünki onlarda utanan sifət olduğuna inanmıram, utanan sifətləri olsaydı, Şəhidlərin ailələri, Şəhidimizin ailəsi belə bir durumda, belə bir şəraitdə yaşamazdı…

Nə deyəsən, nə yazasan ki, ürəyin azacıq da olsun soyusun, sakitlik tapsın?!…

Söz də, kəlmələr də acizdir bu məqamda!

***

Qazimizlə Şəhidimizin için-için qovrulan, göyüm-göyüm göynənən, həm də Məğrur, Qürurlu ailəsinə-atasına Əfqan kişiyə, anası Sona xanıma, nənəsinə, digər yaxnlarına başsağlığı verdik, Allahdan onlara səbr dilədik, ruhu qarşısında baş əyirik söylədik…

Və təxminən bir saat çəkdi ziyarətimiz…

Bir az, bir saat olar ki, Şəhidimizgildən kəndimizə, ata ocağımıza çatmışam…

Amma hələ də Şəhidimizin yaşadığı “ev” gözlərimin önündən getmir, hələ də Şəhidimizin gözlərindən dərd, acı yağan valideynlərinin kədərli, nisgilli çöhrəsini yadımdan çıxara bilmirəm…

Çox təsirliydi, çox təsirlidir…

Unudulası, yaddan çıxarılması da mümkün deyil…

Allah bir daha səbrlərini versin!

Allah bir daha 19 yaşında, həyatının ən gözəl çağında Şəhidlik məqamına ucalmış Şəhidimizin məzarını behiştlik, Dərgahını mübarək etsin!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2036 yeni yoluxma-DAHA 25 ÖLÜM…

Read Next

Şəhid anası Cəmilə Nağıyeva Birinci vitse-prezident Mehriban Əliyevadan-KÖMƏK İSTƏDİ: “ÖVLADIMIN ANIM GÜNÜNÜ, ANIM MƏRASİMİNİ KEÇİRMƏK ÜÇÜN YERLƏ TƏMİN OLUNMAĞIMA KÖMƏKLİK GÖSTƏRİN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir