Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün yenə Balakəndə, Balakənimdəyəm…
Mənim üçün doğulduğum, boya-başa çatdığım Goranboy, Qızılhacılı qədər doğma, əziz olan Balakənimdə…
Yenə də dəyərli Balakənlilər, dostlarım, qardaşlarım arasındayım…
Mehmanla, Anarla, Nasirlə, Balakənin, cəmi Azərbaycanın fəxri olan Vətən sevdalılarından, İkinci Vətən Müharibəsinin Qəhrəmanlarından olan ali təhsilli, peşəkar hərbçi, iki medallı (və daha çox medala və ordenə layiq) və ikinci qrup əlil Hacı ilə, Hacı Muradovla bir yerdəyəm…
Hacı haqqında da bir neçə dəfə yazmışam və hələ çox yazacağam…
Çünki elə bir Oğul, elə bir İgiddir ki, haqqında hər zaman yazılmağı Haqq edir…
Bəli, cəmi 7 ay öncə Balakəndə olmuşdum və ötən müddətdə Balakənimi, Balakənlilləri, dostlarımı çox özləmişdim, özlər üçün çox darıxmışdım…
Yenə gəldim, yenə onlarla bir aradayam, yenə çox huzurluyam…
***
Dostlarımla, qardaşlarımla bir xeyli söhbətləşdikdən, hal-əhvallaşdıqdan sonra Hacı qardaşımla Balakənin İgid, Qəhrəman oğullarından olan İkinci Vətən Müharibəsi Şəhidi-peşəkar hərbçi, Gizir Vüsal Şəmsəddin oğlu Omarovun ailəsini ziyarət etməyə getdik…
Şəhidimizin ailəsinin-həyat yoldaşı və iki qız övladının hazırda yaşadığı, sığındığı Qullar kəndindəki ata ocağında olduq…
Şəhidimizin həyat yoldaşı Sənani xanım, qızları-Duyğu, Yağmur və qayınanası Naimə xanımla görüşdük, söhbətləşdik…
Qeyd edim ki, Şəhidimiz Vüsal Omarov 1989-cu ilin iyulun ayının 7-sində Balakənin Gərəkli kəndində, daha doğrusu, Rusiya Federasiyasında anadan olub, 3 yaşında ailəsi ilə yenidən Gərəkliyə dönüblər…
İki qardaş olublar (və hər iki qardaş İkinci Vətən Müharibəsində iştirak ediblər)…
Vüsal orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra bir neçə müxtəlif sahələrdə fəhlə kimi çalışıb…
22 yaşında, 2011-ci ilin oktyabrında Sənani xanımla ailə qurub…
Və bir il sonra, 2012-ci ildə Bakıda gizirlik kursunu oxuyub və Ağçabədi rayonundakı hərbi hissələrdən birinə göndərlib…
8 ilə yaxın Gizir kimi fəaliyyət göstərib…
2016-cı ilin Aprel döyüşlərində, Lələ-Təpə istiqamətində döyüşlərdə olub…
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb…
Əvvəlcə Füzulidə, sonra Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib…
Və döyüşlərin ikinci günündə, ayın 28-ində, saat 12:00 radələrində Cəbrayılın Nüzgar kəndi istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…
Onu da qeyd edim ki, sonuncu dəfə Şəhadətindən cəmi 3 sat öncə, saat 9-da ailəsi ilə danışıb…
Şəhidliyi xəbəri isə ailəsinə axşam saat 19:00 radələrində verilib və elə həmin gün nəşi Balakənə, Gərəkliyə gətirilib…
Ayın 29-unda isə Balakənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb…
Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 4 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb…
Haqqıdır, Haqq etdiyini də qanı, canı bahasına qazanıb!
Qeyd etdiyim kimi, Şəhidimiz iki övlad, iki qız atası olub…
İki gözəl, ay parçası olan qız balası-Yağmuru və Duyğusu bizlərə, Vətənə əmanət qalıb…
İkisi də çox utancaq, çox tərbiyəli, çox mehriban, çox gözəl balalardır…
7 yaşları var…
İkinci sinfə keçiblər və yeni dərs ilinə hazırlaşırlar…
Şəhidimizin ailəsigildə olarkən məlum oldu ki, Vüsal Omarovun qayananası Naimə xanım həmkarım, tələbə yoldaşım, ailəvi dostum, gözəl insan, tanınmış jurnalist Azadə Balayevanın doğmaca əmisi qızıdır…
Bunu Naimə xanım dedi və bu xəbərdən çox sevindim…
Və elə oradaca Azadə ilə əlaqə saxladım, ona da başsağlığı verdim…
Bir qədər də söhbətləşdikdən sonra bir daha başsağlığı diləklərimizi çatdırıb Şəhidimiinz ailəsindən ayrıldıq…
Allah Şəhidimizin məkanını cənnətlik, məzarını behiştlik etsin, övladlarına həm ana, həm ata, həm qardaş olan Şəhid xanımına və Şəhid balalarına isə səbr, dözüm, güc, qüvvət versin!







18:00
Kamil HƏMZƏOĞLU (HƏMİDOV),
14.08,.2021, Balakən
Etikxeber.az