İli yaxınlaşan Şəhid Fəxri Qəribzadənin anası hələ də kirayədə qalır…Kirayələrdə təkbaşına böyütdüyü tək oğlunu Vətən yolunda Şəhid vermiş yaralı, dərdli ananın-PROBLEMLƏRİ HƏLL OLUNACAQMI, ONA EDİLƏN HAQSIZLIQLAR ARADAN QALDIRILACAQMI, SUSAN VİCDANLAR OYANACAQMI? – KAMİL HƏMZƏOĞLU YAZDI

Yenə Qəhrəman Bərdəmizdə, yenə də İkinci Vətən Müharibəsi Qəhrəmanlarımızdan, İgidlərimizdən və Nur üzlü Şəhidlərimizdən olan Fəxri Qəribzadənin bacısıgildəyəm…

Yenə də Bərdəmizə Şəhid ailələrini ziyarətə, anım mərasimlərinə gəlmişəm…

Mustafaağalı kəndindən olan Şəhidimiz Calal Calalzadə və Kələntərli kəndindən olan Şəhidimiz Sərvan Şükürovun sabah anım mərasimləridir…

Hər ikisi də Ağdərə-Suqoşuvan istiqamətində Şəhid olublar…

Hər ikisinin, hər iki Şəhidimizin də sabah, 3 oktyabrda torpağa tapşırıldığı gündür və həmin gündən də düz bir il ötür…

Məkanları cənnətlik olsun, Nurlar içində yatsınlar!

***

Şəhidimiz-3 medallı, MAXE, evin-ailənin tək oğlu, anası Mehparə Qəribova tərəfindən təkbaşına, Bakıda kirayələrdə minbir əzab-əziyyətlərlə böyüdülən, xalası qızı ilə nişanlanan…Fəxri Qəribzadənin Şəhidliyinin, torpağa tapşırılmasının bir ili isə cəmi 8 gündən sonra, oktyabrın 10-da tamam olacaq…

Oktyabrın 10-da Şəhidimizin anım mərasimi keçiriləcək…

Anım mərasiminə Şəhidimizin Bərdə şəhər Şəhidlər Xiyabanındakı məzarının ziyarəti ilə başlanılacaq…

Anım mərasimi saat 10:00-dan başlayıb, təxminən saat yarım-bir saat davam edəcək…

Məzarının üzərinə gül dəstələri, əklillər qoyulacaq, ruhuna dialar ediləcək…

Ziyarətdə Şəhidin anası, tək bacısı Türkan xanımın ailəsi, yaxınları, Bərdə sakinləri, Bərdə və başqa bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri, Qazilər, hərbçilər, məktəblilər və digər şəxslər iştirak edəcələr…

Ziyarətdən sonra rayondakı “Səadət” şadlıq sarayında anım mərasimi davam etdiriləcək…

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək, məktəblilərin ifasında şeirlər səsləndiriləcək, sonda isə ehsan süfrəsi açılacaq…

***

Və çox təəssüflər olsun ki, Fəxrinin Şəhidliyindən sonra, ailəsini, anası – Analar-anası, Məğrur, Qürurlu, Dik duruşlu Mehparə xanımı yaxından tanıyandan ötən 7-8 ay ərzində də dəyişən heç nə yoxdur…

Kirayələrdə böyümüş, boya-başa çatmış, Vətən üçün yetişdirilmiş bir İgid, Qəhrəman və Şəhid oğulun anası hələ də evsiz-eşiksizdir…

Hələ də Bakı şəhərində kirayədə yaşayır…

Hələ də böyük ailəsi-8 nəfərdən ibarət olan qızıgildə -Fəxrinin Şəhidliyindən sonra -qalır…

Hələ də Şəhid anasının, Mehparə xanım dərdləri, problemləri görməzdən gəlinir, qulaqardına vurulur…

Hələ də Şəhid anasını Bakı və ya Bərdədə evlə, mənzillə təmin etmək “problem”ə, “müşkül”ə çevrilib…

Hələ də aylardır yuxarı instansiyalara-aidiyyatı dövlət qurumlarına dəfələrlə ünvanladığı yazılı müraciətləri cavabsız qalır…

Hələ də məhkəmə tərəfindən ananın Haqqı tam bərpa olunmur…

Hələ də, hələ də, hələ də…

Nə vaxtacan, haçanacan???

Tək, nişanlı, toyunu etməyə hazırlaşdığı və İgid, Qəhrəman, Vətən sevdalısı oğlunu Vətən yolunda Şəhid vermiş, dərddən yumağa, həyatı zindana dönmüş bir anaya edilən zülmlərə, haqsızlıqlara…son qoyulmayacqqmı???

Az da olsa, dərdli çöhrəsi, yaralı qəlbi güldürülməyəcəkmi, sevindirilməyəcəkmi???

Çoxmu çətindir, çoxmu problemlidir bunları etmək???

Suallar, suallar, suallar yenə də…

Və insaf, insaf, yenə də insaf!

Şəhid ruhundan utanın, xəcalət çəkin-heç olmasa!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

02.10.2021,

Bakı-Goranboy-Bərdə-Güloğlular

Etikxeber.az

Read Previous

Daha 684 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Read Next

İtkin düşmüş hərbçinin nəşinin tapılması faktı ilə bağlı araşdırmalar aparılır-BAŞ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir