Şəhid anası Cəmilə Nağıyeva Birinci vitse-prezident Mehriban Əliyevadan-KÖMƏK İSTƏDİ: “ÖVLADIMIN ANIM GÜNÜNÜ, ANIM MƏRASİMİNİ KEÇİRMƏK ÜÇÜN YERLƏ TƏMİN OLUNMAĞIMA KÖMƏKLİK GÖSTƏRİN”

Goranboy rayonunun Buzluq kəndində yaşayan və əslən Başqışlaq kəndindən olan Cəmilə Əliş qızı Nağıyeva tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Çox hörmətli və çox dəyərli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Cəmilə Əliş qızı Nağıyeva Goranboy rayonunun Buzluq (Başqışlaq) kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, 3 medallı, peşəkar hərbçi Vüsal Əmirastan oğlu Nağıyevin anasıyam. Oğlum İkinci Vətən Müharibəsinin ilk gündən-Şəhidliyinə qədər Ağdərə-Murov-Kəlbəcər istiqamətlərində döyüşlərdə iştirak edib. Vuruşub, döyüşüb və qəhrəmanlıqlar göstərib.

Müharibənin başa çatmasına 11 gün qalmış isə Vətən torpaqları uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Və nəşi bir gün-31 oktyabr tarixində Goranboy rayonunun Qızılhacılı (Balakürd) qəsəbəsində yerləşən qəbiristanlıqda, Şəhidlər məzarlığında dəfn edilib. Çünki həmin vaxt kəndimiz döyüş bölgəsinə yaxın olduğu üçün onu Buzluqda və yaxud Başqışlıqda (həmin kənd də 1991-ci ildən yandırılıb, heç kim yaşamır) deyil, Qızılahacılıda (Balakürddə) dəfn etməli olduq. Oğlumun iki azyaşlı övladı Vətənə əmanət qalıb. Ölümündən, Şəhidliyindən sonra da 3 medalla təltif olunub”.

Müraciətdə sonra qeyd olunur:

“Əzizimiz, dəyərlimiz Mehriban xanım!

Sizə müraciət etməkdə məqsədim övladımın qarşıdan gələn Anım Gününün keçirilməsi ilə bağlıdır. Bu yerdə qeyd edim ki, mən 4 övlad, 3 oğul, bir qız anasıyam. Övladımın birini illər öncə faciəli şəkildə itirmişəm. Vüsalım da İkinci Vətən Müharibəsi zamanı Şəhid olub. Digər oğlum Tural da hərbçidir, İkinci Vətən Müharibəsinin iştirakçılarındandır. Həyat yoldaşım da Birinci Qarabağ Savaşının iştirakçılarından olub.

İki övlad itirmək bir ana, bir valideyn üçün çox çətindir, çox dözülməzdir. Üstəlik bugünlərdə daha bir ailə faciəsi yaşadıq ki, bu da artıq hər kəsə məlumdur və üzərində dayanmaq istəmirəm.

Mən bir Şəhid anası kimi çox çıxılmaz, çox acınacaqlı  vəziyyətdə qalmışam. Övladımın Anım Gününü, Anım mərasimini harada və necə keçirəcəyimi bilmirəm. Bunun nə demək olduğunu da yəqin ki, geniş izah etməyə ehtiyac qalmır.

Mən bir Şəhid anası, iki övladını itirmiş bir dərdli, yaralı ana kimi Sizdən çox acizanə şəkildə xahiş və rica edirəm ki, övladımın Anım Gününün, Anım mərasiminin keçirilməsində mənə köməklik göstərəsiniz, səlahiyyətlərinizdən istifadə edib, müvafiq və aidiyyatı qurumlara, şəxslərə göstəriş və tapşırıqlar verəsiniz.

Mənim istəyirəm ki, oktyabrın 31-də övladımın Anım Gününü, Anım  mərasimini ya Qızılhacılıda, ya da Goranboy şəhərində keçirim və müvafiq yerlə, məkanla təmin olunum. Başqa yer istəmirəm. Mənə maddi köməklik də lazım deyil, mənə, sadəcə, mənəvi köməklik, həm də Anım mərasimini keçirmək üçün yerlə təmin olunmağım lazımdır.

İnanıram və əminəm ki, müraciətim də Sizin tərəfinizdən həssaslıqla qarşılanacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə minnətdarlığımı bildirirəm.

Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!

Etikxeber.az

Read Previous

9 gün öncə, oktyabrın 15-də nəşi torpağa tapşırılan Şəhid Əfqan Həmzəyevin-BÖYÜDÜYÜ, YAŞADIĞI “EV”…SÖZÜN BİTDİYİ YER! – FOTO-VİDEO

Read Next

“Qələbə və Zəfərimizə görə Turallara borcluyuq…”-Ali təhsilli, ailəli, bir övlad atası, dörd medallı-ŞƏHİD TURAL EYYUBOVUN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, İZDİHAMLI ANIM MƏRASİMİ KEÇİRİLDİ- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir