Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Paris həmin Parisdir.
Həmişəki gözəlliyi ilə yenə valeh edir, yenə hər gün axın-axın insanlar dünyanın dörd bucağından bu şəhərlər gözəlinə, “əbədi bayram” ovqatlı sevimli Parisə təşrif gətirir.
Gəlirlər və fürsət düşərsə, bir də buralara hökmən qayıtmaq arzusu ilə heç vaxt unutmayacaqları xoş təəssüratlarlarını özləriylə aparırlar.
Tale elə gətirib ki, 1995-ci ildən bəri tez-tez səfər etdiyim bu əziz şəhərdə 2018-ci ilin may günlərində, Azərbaycan Cümhuriyyətinin 100 yaşının tamam olmasının lap astanasına yetişdiyimiz günlərdə yenə qonağam.
Düz 99 il əvvəl onlar burdaydılar.
Paris Sülh Konfransına gələn Azərbaycan nümayəndə heyəti.
Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi həmin heyətdə oğlu Rəşid bəy də vardı, Ceyhun Hacıbəyli də, Məhəmməd Məhərrəmov da, Miryaqub Mehdiyev də…
1919-cu ilin may günlərində Parisə gəlmişdilər və şəhərin tən mərkəzindəki “Klaric” (Claridge) otelində yerləşmişdilər.
Azərbaycan dövləti adından göndərilən bütün məktublar bu mehmanxanadakı otaqlarda yazılırdı və hamısının da aşağısında ünvan olaraq elə bu otelin adı göstərilirdi.
…İşlərimin gedişi elədir ki, bu son may günlərində hər gün 2-3 dəfə həmin küçələr kəsişməsindən, bu tanış otelin yanından keçirəm.
Və içərimi izahsız bir xiffət bürüyür.
Onları düşünürəm.
99 il öncə onlar da hər gün bu küçələrdən keçirmişlər, bu binaya daxil olurmuşlar, o binadakı otaqların pəncərlərindən küçədən keçənləri seyr edirmişlər, xoşbəxt sabahlar haqqında şirin xəyallara dalırmışlar.
Hələ istiqlal 1 yaşına çataçatdaymış.
Hələ onlar yalnız fərəhlə, ümidlə, sabahlara inamlarla doluymuşlar.
Acılar, nisgillər, ayrılıqlar, həsrətlər qarşıdaymış.
Bakı, Azərbaycan müstəqil dövlətimizin 1 yaşını bayram etməyə hazırlaşırmış.
Əlimərdan bəygil o bayramı burada, Parisdə, bu oteldə qeyd edəcəklər.
Və 2018-ci ildir, o günlərdən 99 il keçir, biz istiqlalımızın, müstəqilliyimizin 100 yaşının bayramının bir addımlığındayıq!
İstiqlalımız əbədi, dövlətimiz yenilməz, millətimiz xoşbəxt olsun!
Rafael HÜSEYNOV,
Millət vəkili, Akademik
Etikxeber.az