“Vətənini, dövlətini ürəkdən sevən hər bir Azərbaycanlı ölkə Prezidentinin Ali Ordenlə təltif olunması ilə qürur duyur”-ELDAR İBRAHİMOV TDƏŞ-İN 8-Cİ ZİRVƏ GÖRÜŞÜ VƏ SON HADİSƏLƏRDƏN YAZDI

Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan çox uğurlara imza atıb.

Ancaq son iki ildə-həm “gizli düşmən”lə, dünyanı cənginə almış koronavirus pandemiyası, həm də açıq və azğın düşmən ilə mübarizədə Azərbaycan ölkə Prezidentinin rəhbərliyi altında demək olar ki, hər gün uğura, Zəfərə, Qələbəyə imza atıb və atmaqdadır.

Hər gün Zəfər üstünə Zəfər, Qələbə üstünə Qələbə, uğur üzərinə uğur, naliiyyət üzərinə nailiyyət gəlməkdədir.

Xüsusilə də, 44 günlük müharibə ilə düşmən üzərində tarixi, müqəddəs Qələbə və Zəfər qazanıldıqdan, 30 illik qanlı münaqişəyə son qoyulduqdan sonra uğurlarımızın, nailiyyətlərimizin sayı-hesabı bitməz-tükənməzdir.

Ölkə Prezidenti hər gün, hər an Tarix yazmaqdadır.

Heç təsadüfi deyil ki, bir neçə gün öncə məhz Azərbaycanın birbaşa təşəbbüsü və dəstəyi ilə yaradımış Türk Şurasının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) dövlət başçılarının növbəti-8-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev 30 illik qanlı münaqişəyə son qoyduğu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu.

Bu, çox böyük uğur və çox böyük, qürurverici bir tarixi hadisədir.

Vətənini, dövlətini sidq ürəkdən sevən hər bir Azərbaycanlı ölkə Prezidentinin belə bir Ali Ordenlə təltif olunması ilə qürur duymalıdır və qürur duyur.

Çünki İlham Əliyev ilk Türkdilli dövlət başçısıdır ki, belə bir Ali Ordenlə təltif olunur.

Bu, İlham Əliyev şəxsiyyətinə və onun timsalında, simasında Azərbaycana verilən dəyərdir.

Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub.

Eyni zamanda, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

“Bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir”-deyən Azərbaycan Prezident isə öz növbəsində Ali Ordenlə təltif olunmasına görə, TDƏŞ, Türk Şurasının liderlərinə bütün Azərbaycan xalqı adından dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı.

Bizə əlavə güc verən isə həm də qardaş Türkiyənin və onun Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaq oldu.

Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik.

Çünki cənab Ərdoğan demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri – Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək və yetirdik də.

Bəli, cənab Prezidentin vurğuladığı kimi, biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır.

O cümlədən nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaq.

Ümid edirik ki, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq.

Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.

Bəli, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozub və bunu xəritəyə baxmaqla hər kəs görə bilər.

Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq.

Bəli, 44 günlük müharibədə “Dəmir Yumruq”la başı əzilən düşmən, terror dövləti olan Ermənistan, oradakı revanşist qüvvələr yenidən təxribat cəhdlərinə al atmaqla, nəyəsə, kimlərəsə ümid etmək istəyir.

Yenə qan axıdılmasına, qan tökülməsinə çalışır.

Ancaq bu, onların son çırpınışlardır.

Onlar bu günə qədər heç nəyə nail ola bilmədikləri kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər.

Məğlubiyyət onların əbədi qisməti, taleyi olacaq.

Qələbələr, Zəfərlər isə bizimlədir və bizimlə də olacaq!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komiyyasının sədri, professor

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu, 3 medallı Şəhid Əzəmi Hüseynovun bacısından ölkə Prezidentinə müraciət: “İSTƏYİRİK Kİ, QARDAŞIMIZ, ƏZƏMİMİZ ORDENLƏ TƏLTİF EDİLSİN”

Read Next

Qənirə Paşayeva Şəhid Fəxri Qəribzadənin anası və Şəhid Əli Rzayevin həyat yoldaşı ilə-GÖRÜŞDÜ VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir