Abşeronun da ləğvinə ehtiyac var…-KAMİL HƏMZƏOĞLUNUN BAXIŞI

Son günlər bəzi rayonların, bəzi inzibati ərazi bölgülərinin, inzibati ərazi vahidlərinin ləğvi məsələsi gündəmə gətirilir, gətirilməkdədir…

Səhv etmirəmsə, bu məsələni son günlərdə ilk dəfə olaraq, Gəncəni parlamentdə təmsil edən 4 millət vəkilindən biri-Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri-hörmətli Naqif Həmzəyev dilə gətirib, təkilif edib.

O, təklif edib ki, Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüləri idarəetmənin daha da asan və effektiv edilməsi üçün ləğv olunsun…

Onun bu təklifi Gəncəni təmsil edən digər iki millət vəkili-prorektor Pərvin Kərimzadə və Müşfiq Cəfərov tərəfindən də dəstəklənib, onlar da bu məsələ ilə bağlı mediada (Etikxeber.az-da həmçinin) çıxış ediblər…

Həmçinin, millət vəkili Vahid Əhmədov Quba, Xaçmaz, Siyəzən və Şabran (Dəvəçi) rayonlarının bir-birinə yaxın olduğu üçün, onlardan ikisinin inzibati ərazi bölgüsünün, inzibati ərazi vahidinin ləğv edilməsinin mümkünlüyünü, birləşdirilməsini məqbul sayıb…

Onu da qeyd edəm ki, Siyəzən rayonu uzun illər Şabran rayonunun tərkibində olub, sonradan-1992-ci ildə ona müstəqil rayon statusu verilib…

Bu məsələ necə olacaq, rayonların yenidən birləşdirilməsinə gediləcək, yoxsa, bəzi ölkələrdə olduğu kimi, vilayət və ya quberniya modelinə üstünlük veriləcək, bu haqda indidən nəsə demək çətindir və tezdir…

Amma hesab edirəm ki, xüsusilə, Abşeron rayonunun inzibati ərazi vahidinin ləvğ edilməsinə, onun rayon kimi ləğvinə ciddi ehtiyac var…

Bu rayon Xruşşovun dövründə, rayonların, şəhərlərin bölünməsi siyasətinə uyğun olaraq, yaradılıb 60-cı illərdə…

Yəni, Bakının (o cümlədən, Sumqayıtın) bir neçə qədim kəndindən ibarət Abşeron rayonu formalaşdırılıb…

Deyərdim ki, elə bununla da həmin kəndlərin beli sözün əsl mənasında qırılıb…

Bunu Bakının qədim, ən böyük kəndlərindən-qəsəbələrindən birində-Qobuda yaşamış bir insan, vətəndaş kimi deyirəm…

12 ilə yaxın bu kənddə-qəsəbədə, sadə qobulular arasında yaşadım…

Abşeronun bir dəfə də olsun bu kəndin işinə, xeyrinə yaramadığını, əksinə, ona daha çox problem, yük olduğunu gördüm, bunun ağrılarını-acılarını… şəxsən şəxsi həyatımda yaşadım…

Hansı ki, bu kənd 60-cı illərə, Abşeron yaradılana kimi, qonşu-Bakının keçmiş Molotov, sonra Əzizbəyov (indiki Qaradağ) rayonuna aid, onun tabeliyində olmuş və nə əldə etmişdisə, məhz elə o illərdə qazanmışdı…

Onu da diqqətə çatdırım ki, bu gün Qaradağ rayonunun mərkəzi hesab edilən Lokbatanın yerli əhalisinin az qala 60-70 faizi qobululudir (o cümlədən, şubanılı)…

İnsanlar bu gün də hər bir problemi üçün Lökbatana-Qaradağa üz tuturlar nəinki Abşerona…

Yəni, o zaman Abşeronun tərkibinə verilməsi ilə bu kənddə-qəsəbədə nə sovetlər dönəmində, nə də müstəqillik dönəmində (bəzi xırda-para istisnalarla) daş üstünə demək olar ki, daş qoyulmamışdı, qoyulmayıb…Bu gün də dəyişən əsalı nəsə yoxdur…

Eləcə də, Qobunun ətrafında olan bir neçə kənd bu taleni yaşamış və hələ də yaşamaqdadır…

Odur ki, əgər bu istiqamətdə addımlara, islahatlara başlanılarsa, elə birinci Abşerondan başlanılsa, yaxşıdır, çünki onun bir rayon kimi, əlavə yük…olmaqdan başqa bir xeyri yoxdur dövlətə, büdcəyə…

O cümlədən, Qobu da daxil olmaqla, Güzdək, Yeni Güzdək, Atyalı (statusu belə yoxdur) və Hökməli kəndləri Qaradağ rayonunun tərkibinə daxil edilməlidir…

Hər halda, bu, mənim şəxsi mövqeyimdir…

Kimsə razılaşmaya, qəbul etməyə, etiraz da edə bilər, onlara da hörmətlə yanaşıram!

10:24

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri

Read Previous

“Söz verirəm ki, dövlətim və xalqım qarşısında vəzifə borcumu qanunvericiliyə uyğun şəkildə məsuliyyət və vicdanla yerinə yetirəcəyəm”-ƏFV KOMİSSİYASININ YENİ ÜZVÜ BƏYİMXANIM VERDİYEVA-CAVANŞİROVA ÖLKƏ PREZİDNTİNƏ TƏŞƏKKÜR ETDİ – (ÖZƏL)

Read Next

“İran din qardaşları deyərək, Fələstinə görə sərgilədiyi mövqeyin eynisini 1 milyondan artıq müsəlman-şiəni yurd-yuvasından didərgin salan, minlərlə müsəlmanı Xocalının timsalında dəhşətli soyqırıma məruz qoyan, bir müsəlman dövlətinin ərazisinin 20 faizini işğal edən Ermənistana qarşı da sərgiləsin”-QƏNİRƏ PAŞAYEVADAN İRANA ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir