“Adəm övladının qərinələrdir başına gələnlər elə ən çox onun özünün xətası üzündən gəlib və gəlir”-JALƏ ƏLİYEVA ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Dövlətin böyük əməyinin uğurlu nəticələrinin qalıcı olması hamımızın əlindədir

Artıq 4-cü aydır ki, dünya, insanlıq, bəşər övladı üçün böyük və təhlükəli bəlaya çevrilmiş, canlar almış, fəsadlar törətmiş koronavirus pandemiyası btütün görülmüş və görülən önləyici tədbirlərə rəğmən, hələ də davam etməkdədir…

Haqlı və haqsız tənqidlərin, qınaqların hədəfinə çevrilmiş Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da, mütəxəssislər də, virusoloqlar da artıq növbəti “SOS” siqnalı verməkdə, həyəcan təbili çalmaqdadırlar…

Pandemiyadan qorunmaq, xilas olmaq üçün atılan addımlara laqeyd, biganə münasibət göstərənlərin, “əşşi, virus söhbəti boş-yalandır, bir oyundur, tutsaydı, məni də, filankəsi də tutardı…”- kimi, absurd və cəfəng düşünənlərin məsuliyyətsizliyi üzündən bu gizli-gözəgörünməz düşmənin ikinci dəfə hücuma keçə biləcəyini, infeksiyanın ikinci dalğasının baş verə və bunun daha amansız nəticələr törədəcəyini bildirirlər və çağırış edirlər ki, hər kəs məsuliyyətli olsun, şərtlərə, gigiyenik qaydalara, normalara əməl etsinlər.

Bildiyiniz kimi, artıq bir neçə gündür ki, Azərbaycanda da yumşaldılma tədbirləri həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları ortadadır.

Amma yenə də çoxları tərəfindən məsuliyyətsizlik, biganəlik, laqeydlik nümayiş olunur.

Yumşaldılma qərarlarından yenə də su-istifadə hallarına yol verilir.

Mütəxəssislərin çağırışlarına, az qala yalvarışlarına məhəl qoyulmur.

Operativ Qərargahın tələb və tövsiyələrinə demək olar ki, əməl edilmir, saymazyanalıq göstərilir.

Sanki yaşananlar Yer üzündə, mövcud olduğumuz məkanda deyil, virtual bir aləmdə – Marsda, Yupiterdə baş verir.

Sanki olmuşların, olanlar bizlərə, xüsusilə, məsuliyyətsizlik göstərənlərə heç bir aidiyyatı-filanı yoxdur.

Axı, bilmək və anlamaq lazımdır ki, Adəm övladının minilliklərdir, qərinələrdir başına gələnlər elə ən çox onun özünün günahı, xətası, məsuliyyətsizliyi üzündən gəlib və gəlir.

Niyə bunu anlamırıq, anlamırlar? Bunu başa düşmək bu qədərmi zor və çətindir?

Bəlkə də sərt səslənə bilər, niyə bir-birimizin ölümünə səbəb-bais olmalıyıq?

Şəhərin küçələrinə çıxanda adamı dəhşət, heyrət bürüyür…

Sanki hər şeydən sığortalanıblar, sanki kimsənin tapa, icad edə bilmədiyi vaksini-qoruyucunu tapıblar?!

Əzizlərim, belə olmaz, lütfən, durun, ayaq saxlayın, nə özünüzün, nə də başqaların həyatını risqə atın…

Dözmüsünüz, dözmüşük, qalan günləri də dözün, dözək. Deyilənlərə, qoyulan şərtlərə və tələblərə əməl edin, əməl edək.

Həm özünüzü qoruyun, həm də özgələrini qoruyun.

Gəlin, pandemiya bəlası başlayandan bəri dövlətimizin, dövlət başçısı cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın ölkə və xalq olaraq bu bəladan ən az itki və ən az zərərlə çıxmağımız üçün gördükləri ölçüyəgəlməz işlərin, həyata keçirdikləri misilsiz tədbirlərin uğurlu nəticəsinin qalıcı olması üçün hər birimiz çalışaq!

Biz yalnız birlikdə qalib ola, birlikdə bacara və bu bəladan birlikdə xilas ola bilərik!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

15:43, 6 may

Etikxeber.az

Read Previous

“Qoşulmama Hərəkatının Zirvə görüşü ölkə Prezidentinin gücünün, qüdrətinin təsdiqi oldu”-ELDAR İBRAHİMOV YAZIR

Read Next

Şuşasız 28 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir