Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AFFA “Düdelanj” – “Qarabağ” oyununda baş verən təxribatla bağlı bəyanat yayıb.
Etikxeber.az-ın xəbərinə görə, bəyanatda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununda siyasi təxribata yol verməsi pislənilib.
Bildirilir ki, oyunun 30-cu dəqiqəsində, “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub:
“Üzərində separatçı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər”.
AFFA “Qarabağ” komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür də edib:
“Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət! Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, 1 milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. “Qarabağ” futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda, təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!”.
Etikxeber.az